AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir

Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir

İqtisadiyyat
23 İyun 2021, 17:00 147
Dünya iqtisadiyyatında bərpa prosesi sürətlənsə də, borc problemi, maliyyə bazarlarında dalğalanmalar və inflyasiya kimi narahatlıqlar mövcuddur. "Bank of America”nın sorğuları göstərir ki, investorlar bazarlarda 37 faiz təhdidi inflyasiyanın sürətlənməsindən, 33 faiz isə FED-in monetar siyasəti sərtləşdirməsindən sonra bazarlarda mümkün isterikada görürlər. FAO-nun Ərzaq Qiyməti İndeksi bu ilin mayında ötən illə müqayisədə 39,7 faiz yüksəkdir. Ərzaq səbətini təşkil edən bitki yağı, taxıl, şəkər, ət və süd də dünya bazarlarında bahalaşır. Enerji qiymətləri də yüksəlməkdə davam edir.

Kaspi.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ixracında enerji və ərzaq məhsulları üstünlük təşkil etdiyindən, bu məhsulların qiymətinin bahalaşması ixrac gəlirlərini artırır. Məsələn, bu ilin ilk 4 ayında müqayisəli qiymətlərlə Azərbaycanın ixracı 8,3 faiz azalsa da, faktiki qiymətlərlə 25,1 faiz artıb. Yəni bizim ixracın fiziki həcminin azalmasına rəğmən, ixrac məhsullarının bahalaşmasına görə dəyəri artıb. Eyni şəkildə qeyri-neft ixracı müqayisəli qiymətlərlə 10,7 faiz, amma faktiki qiymətlərlə 27 faiz artıb. Maraqlıdır ki, Azərbaycanın idxal etdiyi məhsulların da qiyməti bahalaşıb. Məsələn, biz bu ilin ilk 4 ayında 18,9 faiz az idxal etsək də, faktiki qiymətlərlə idxal 4,3 faiz artıb.

Hesablamalara görə, Azərbaycanda ixrac məhsulları, idxal məhsullarına nisbətən daha çox bahalaşıb ki, bu da cari əməliyyatlar hesabına müsbət təsir göstərir deyən V.Qasımlı bildirib ki, bu həm də manatın real effektiv məzənnəsinin yüksəlməsinə təsir deməkdir. İllik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir: "Mərkəzi Bankın məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artaraq mayda 4,9 faizə çatmaqla hədəf dəhlizində olub. Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 faizi səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir. Eyni zamanda, dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata və ya büdcə xərclərinin 4 faizinə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti - manatın məzənnəsini saxlamaqla, inflyasiyanı da cilovlayır.

Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 faiz artması və qeyri-nağd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır”.

V.Qasımlı hesab edir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır: "Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb. Bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, Dövlət Neft Fondu və SOCAR-ın gəlirlərini artırır. Dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır ki, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir.

Dünyada şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbətini ifadə edən Baffet əmsalı ən yüksək həddə çatıb və maliyyə "köpük”lərinin olmasını göstərir. Səhmin qiymətinin mənfəətə olan nisbətini ifadə edən CAPE indeksinin yüksəlməsi də bazarlarda hərarətin artdığını bildirir. Bazarlarda potensial riski göstərən "qara qu quşu indeksi”nin yuxarı və volatilliyi ifadə edən "qorxu indeksi”nin (VIX) aşağıda qərar tutması ilə bu iki indeks arasında fərqin ən yüksək həddə çatması da narahatlıq doğurur. Belə vəziyyətdə Azərbaycan investorları da dünya maliyyə bazarlarında olan vəziyyətə uyğun portfellərini optimallaşdırmalıdırlar”.

Bütövlükdə dünya iqtisadiyyatının bərpasının onun ahəngdar hissəsi olan Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərdiyini deyən İİTKM-in icraçı direktoru bildirib: "Əgər sual olsaydı ki, "indi iqtisadiyyat üçün baş rəqəmsal direktor (chief digital officer) kimdir?” birmənalı cavab "koronavirus” olardı. COVID-19 pandemiyası rəqəmsal transformasiyanı sürətləndirdi. Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır. Dünya iqtisadiyyatı üçün bir neçə trendi qeyd edə bilərik. Dünya iqtisadiyyatı məhsul və sahə əsaslı yanaşmadan müştəri və ya insan əsaslı yanaşmaya keçir. Yeni "norma”lardan biri də ondan ibarətdir ki, dövlətin rolu böhrandan əvvəlki həddə qayıtmayacaq və daha da güclənəcək. Virtual və real dünyanın yaxınlaşması, xidmətlərin rəqəmsallaşması, xüsusən təhsil və səhiyyə sahəsində dərin transformasiya proqnozlaşdırılır. Texnologiyanın ən əsas komponenti olan insan kapitalı əsas drayver rolunu qoruyacaq. Dövlət və biznes innovasiya mədəniyyətinə keçir. İnnovasiya mədəniyyətinin məğzi ondan ibarətdir ki, komandada hamıdan innovativ təklif gözləmək və səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Texno-kommunizm fəlsəfi-futuroloji konsepsiya olub eqalitar cəmiyyətə keçidi nəzərdə tutur və qəbul edilir ki, insanların istifadə etdiyi elmi və texnoloji nailiyyətlər bütün cəmiyyətə aiddir. Azərbaycan məhz post-COVID arxitekturanı müəyyənləşdirən trendləri nəzərə almaqla Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlər əsasında iqtisadi inkişafı təmin edə bilər”.