DSMF-də müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial
islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv
xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb.
Sosial təminat sisteminin digər sahələri
üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və
bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Fondda sosial təminat sahəsində
görülən işlərə, aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə
bildirib.
İclasda Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin birinci rübünə
dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə imzaladığı Fərman və Sərəncamların icrası sahəsində görülmüş işlər
müzakirə olunub. H.Məmişov cari il martın 1-dən pensiyanın minimum məbləğinin 40
faiz artırılaraq 160 manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli
artıma imkan verdiyini deyib. O, həmçinin 15 aprel 2019-cü il tarixli Sərəncam
və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 100% artırılmasının
600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid
ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və
b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata
keçirilən tədbirləri də qeyd edib.
İclasda müvafiq artımların
edilməsi üçün aparılmış işlər, DSMF-nin fəaliyyət sahələrində əhaliyə xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra
intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə
qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi
ilə bağlı müvafiq tapşırıqlar verilib.