Dronlar və proksi qüvvələr
Ekspertlər
XXI əsrdə aparılan müharibələrin nəticələrinə
iki yeni faktorun ciddi təsir göstərdiyini vurğulayırlar
Azərbaycan Ermənistanla
ötən ilin payızında apardığı müharibədə Türkiyə və İsrail istehsalı olan
dronlarla düşmənə məxsus 200-dək zirehli hərbi texnika və artilleriya sistemlərini
məhv edib. Bundan əlavə, Türkiyənin Suriya, Liviya, İraqda pilotsuz uçuş
aparatlardan istifadəsi adı çəkilən ölkələrdəki döyüşlərin gedişatını dəyişib.
Bu yaxınlarda ABŞ-ın Əfqanıstandakı hədəflərə qırıcılarla deyil, məhz dronlarla
zərbə endirdiyini qeyd etmək yerinə düşər.
XXI əsrdə aparılan
müharibəyə mühüm təsir göstərən başqa amil də proksi qüvvələrdir. Bu gün proksi
qüvvələrdən Yaxın Şərq ölkələrindəki münaqişələrdə geniş şəkildə istifadə
edilir.
Qərbli ekspertlər isə Türkiyənin
dronların sayını və növlərini artırmasına, həmçinin pilotsuz uçuş aparatları
vasitəsilə regionda nüfuzunu artırmasına xüsusi diqqət yetirir.
Türkiyənin
müdafiə sənayesinin təkamülü
ABŞ-ın "The National
Interest” nəşrinin yazarı Uil Smit hesab edir ki, Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın ölkəsinin müdafiə sənayesində müstəqilliyi artırmaq istəyinə
görə Ankara yüksək texnologiyalı dronların istehsalını inkişaf etdirib:
"Ərdoğan hakimiyyətə gəldikdən sonra müdafiə sənayesinin inkişafını istər
daxili, istərsə də xarici siyasətində əsas məsələyə çevirib. Onun 2002-2019-cu
illərdə səyləri nəticəsində ölkəsinin hərbi sahədə ixracatı 248 milyon
dollardan 2,74 milyard dollaradək artıb. Üstəlik, Türkiyədə müdafiə sahəsi ilə
məşğul olan şirkətlərin sayı 56-dan 1500-ə çatıb”.
Müəllif xatırladır ki,
Türkiyə PKK terror təşkilatına zərbə endirmək məqsədilə 2000-ci illərin əvvəllərində
İsraildən pilotsuz uçuş aparatları almağa başlayıb: "Lakin Ankara İsrail
dronlarından narazı qaldığına görə özü dron istehsalına start verdi”.
U.Smit qeyd edir ki,
Türkiyə dövləti yaxın keçmişdə silahların 80%-ni ABŞ-dan tədarük edirdi.
Hazırda bu göstəricinin cəmi 30% olduğunu qeyd etmək yerinə düşər.
Onun sözlərinə görə,
Türkiyənin müdafiə sənayesinin inkişafı ilə bağlı səyləri, əslində, NATO müttəfiqlərinin
regionda türkiyəli hərbçilərin fəaliyyətinə problemlər yaratmamasına istiqamətlənib.
Türkiyənin müharibə
modelinin yüksəlişi
Bu gün Türkiyə Suriya,
Liviya və İraq kimi ölkələrdə həyata keçirilən hərbi əməliyyatlarda, əsasən,
iki amildən istifadə edir: dronlar və proksi qüvvələrdən. Amerikalı siyasi
ekspert U.Smit xatırladır ki, Ankara ilk dəfə 2020-ci ilin əvvəllərində
Suriyada pilotsuz uçuş aparatlardan istifadə etməklə dünyanın diqqətini cəlb
edib. Daha sonra Türkiyə dronları Liviyada peyda olub və Liviya Milli Ordusunun
komandiri Xəlifə Həftarın paytaxt Tripoliyə nəzarəti ələ keçirməsinə imkan verməyib.
U.Smit qeyd edir ki, Türkiyə
regionda davam edən münaqişələrdə dronlardan əlavə, proksi qüvvələrdən də
istifadə edir: "Ankara Suriyada müxalif qüvvələrlə əməkdaşlıq etməyə başladı. Məsələn,
Türkiyə 2016-cı ildə müxalif qüvvələrin koalisiyası olan Suriya Milli Ordusu ilə
birgə "Fərat Qalxanı” əməliyyatını həyata
keçirib”.
Amerikalı müəllif
vurğulayır ki, Türkiyə proksi qüvvələrdən təkcə Əsəd ordusuna qarşı deyil, həm
də PKK/YPG-yə qarşı mübarizəsində istifadə edir. Bir sözlə, Ankara yeni müharibə
modeli sayəsində Liviya, Suriya, İraq daxil olmaqla, regionda təsirini artırıb.
Ankaranın Cənubi
Qafqaza təsiri
Uil Smit Türkiyənin
Suriya, Liviyadan sonra müharibə modelini Cənubi Qafqaza istiqamətləndirdiyini
qeyd edir: "Ermənistanla Azərbaycan ötən ilin payızında müharibəyə başlamışdı.
Türkiyə isə bu müharibədə Azərbaycanı dəstəkləyib”.
Onun sözlərinə görə,
Ankara Bakıya son müharibədə yardım göstərərək Azərbaycana pilotsuz uçuş
aparatları tədarük edib: "Ermənistanın müasir dövrün tələblərinə cavab verməyən
silahlı qüvvələri Azərbaycanın dronlarının qarşısını ala bilməyib. Nəticədə,
Ermənistanın hava hücumundan müdafiə sistemləri məhv edilib, Azərbaycanın
yerüstü hərbi birləşmələrinin effektli şəkildə qorunması təmin olunub”.
U.Smit vurğulayır ki,
Türkiyə 1990-cı illərin əvvəllərindən fərqli olaraq son müharibədə Azərbaycana
tam dəstək verib: "Buna səbəb Türkiyənin Cənubi Qafqazda təsirini artırmaq istəyi
və son illərdə enerji sahəsində Rusiya və İrandan asılılığını azaltması olub”.
Dron
istehsalının genişləndirilməsi planı
Yaponiyanın "Nikkei Asia”
saytının yazarı Sinan Tavşan isə son məqaləsində Türkiyənin dron istehsalını
genişləndirməsi və "Teknofest-2021” festivalından yazır: "Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan gələn il "Texnofest” festivalının beynəlxalq səviyyəyə yüksələcəyini
və Azərbaycanda keçiriləcəyini bəyan edib. Azərbaycan Türkiyə dronlarının yeni
imkanlarının nümayiş etdirilməsi üçün uyğun ölkədir. "Teknofest-2021”
festivalında təqdim edilən pilotsuz uçuş aparatları Qarabağdakı ötənilki müharibədə Ermənistan tanklarına
sarsıdıcı zərbə vurub. Nəticədə, Azərbaycan təxminən 30 ildən sonra region üzərində
nəzarəti bərpa edib”.
Müəllif qeyd edir ki,
hazırda Türkiyə yeni dron növlərinin istehsalı üzərində çalışır:
""Teknofest-2021” festivalında "Akınçı” pilotsuz uçuş aparatı təqdim edilib. Bu
yeni dron Ermənistanla Azərbaycan arasında baş vermiş son müharibədə istifadə
edilən "Bayraktar TB2”-dən 10 qat çox yükdaşıma qabiliyyətinə malikdir”.
Sənan
Ağamalızadə