Dr. Kamran Musayev Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik toplantısında iştirak edib - Fotolar

1-4 sentyabr
tarixlərində Qazaxstanda Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci Beynəlxalq
Konfransı keçirilib. Astana şəhərində baş tutan bu mötəbər tədbirdə dünyanın
bir çox ölkəsinin qabaqcıl mütəxəssisləri iştirak ediblər.Toplantıda ürək-damar
cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə
mübadiləsi aparılıb.
Ölkəmizi bu
mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi
Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil
edib.
Konfransda
"Aortal qapağın təmiri - Bakı təcrübəsi" (İsolated aortic valve
repair- Baku experience) mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən
Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında
əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Dr. Kamran Musayevin bu əməliyyatların
standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən
maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər
mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata
keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər.
Dünyanın qabaqcıl mərkəzlərində aparılan "qapaqların təmir olunması əməliyyatlarının”
Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması ölkəmizdəki ürək-damar
cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilib.
Konfrans barədə
fikirlərini bildirən Dr. Kamran Musayev praktik fəaliyyətlərində daima dünya ürək
cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün bu kimi beynəlxalq
konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib.
"Dünya
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak etmək
kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin
son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir
mübadiləsi aparmalarına şərait yaradır. Dünyanın ən tanınmış kardioloq və
kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizə həm təcrübə
mübadiləsi, həm də ölkəmizdə ürək-damar cərrahiyyəsində əldə etdiyimiz nailiyyətlər
barədə əcnəbi kolleqalarımızı məlumatlandırmaq
imkanı verdi.”
Konfrans
zamanı Qazaxstanın yerli televiziyasına müsahibə verən Dr.Kamran Musayev bu günə
qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində
əldə edilən nailiyyətlər barədə geniş məlumat verib.






