• cümə, 29 Mart, 02:09
  • Baku Bakı 7°C

Doğum gününü tanımadığı, adını ilk dəfə eşitdiyi şəhərdə qeyd edən səyyah - Səyyah

05.04.19 14:00 3383
Doğum gününü tanımadığı, adını ilk dəfə eşitdiyi şəhərdə qeyd edən səyyah - Səyyah
Deyir ki, səyahət xatirələrini danışmaq çox gözəldir, illər keçdikcə, anlayırsan ki, həqiqətən, insana qalan səyahətdir. Səyahətlərinin çoxunu işlə bağlı etsə də, getdiyi şəhərin maraqlı, turistik yerlərinə də baş çəkir. Təxminən, 30-dan çox ölkədə olub, amma hələ ki Afrika qitəsinə ayaq basmayıb. Ona görə, növbəti səyahətlərini Afrika ölkələrindən birinə etməyi düşünür. "Səyyah” rubrikamızın budəfəki qonağı hobbisi səyahət etmək olan "İmpler” reklam və marketinq agentliyinin rəhbəri İlqar Mirzədir.
Həmsöhbətim qeyd edir ki, ilk səyahət təcrübəsi Türkiyəyə olub: "İlk səyahətim 2006-cı ildə işlə bağlı Türkiyənin ən böyük şəhərlərindən biri İstanbula oldu. Çox xoş təəssürat aldım və məndə yavaş-yavaş Avropanı görmək istəyi yarandı. Amma həmin dövrdə səyahət etmək indiki kimi asan deyildi, şərtlər və imkanlar çətin idi. Ən önəmlisi, xarici dil bilgisi mütləq idi. Dil bilgim müəyyən qədər var idi, işlə bağlı beynəlxalq şirkətlərlə yazışmalarım olurdu, lakin danışmağa çəkinirdim deyə, xarici ölkələrə getməyə tərəddüd edirdim. Bir dəfə necə oldusa, yenə işlə bağlı bir məsələdə yazışmalı yox, danışmalı oldum. Beləcə, kompleksimi aşdım. Nəticə etibarilə səyahət etməyim üçün əngəl olan ilkin mərhələni keçdim. Daha sonra xarici ölkələrdə olan müxtəlif istiqamətli təlim proqramlarına qoşuldum və səyahətlərim belə başladı. Yəni hansısa təlim üçün xarici ölkəyə gedəndə, bir neçə saat təlimdə olurdumsa, vaxtımın qalan hissəsini şəhəri gəzməyə sərf edirdim. Zamanla hiss etdim ki, səyahət məndə tələbata çevrilir. Bizim işimiz yaradıcılıq tələb edir. Ona görə, daim mənəvi qidaya ehtiyacımız olur. İldə bir dəfə də olsa, harasa səyahət etmək lazımdır”.

- Qeyd edirsiniz ki, səyahətlərinizin çoxu iş və təlimlərlə bağlı olub. Maraqlıdır, ən uzunmüddətli və ən qısamüddətli səyahətiniz hansı ölkəyədir?
- Bir neçə il əvvəl ixtisasartırma ilə bağlı təhsil proqramına qoşuldum və 1 il Polşada qaldım. Əgər bunu saymasaq, Amerika səfirliyinin təşkil etdiyi beynəlxalq proqramla 20 günlük səyahətim olub. Ən qısa səyahətimə gəlincə isə Gürcüstana, Türkiyəyədir. Əslində, bunları tam da səyahət hesab etmək olmaz. Bir çoxu işlə bağlı olduğu üçün təyyarə ilə səhər gedib, axşam qayıdıram.
- Dünya xəritəsində gəzdiyiniz ölkələri qırmızı, gəzmədiklərinizi göylə işarələsək, hansı rəng üstünlük təşkil edər?
- (Gülür). Təbii ki, göy rəng. Gəzmədiyim ölkələr daha çoxdur. Təqribən, 30-dan çox ölkədə olmuşam. Bunlar isə daha çox Avropa ölkələridir. Səyahətlərimin böyük əksəriyyətini Polşada təhsil aldığım dövrdə etmişəm. Oradan bir çox ölkəyə, şəhərlərə səyahət etmək ucuz başa gəlirdi.
- Elə ölkələr varmı, heç olmayıbsınız, amma görməyi çox istəyərdiniz?
- Əlbəttə. Məsələn, Afrika qitəsinə ayaq basmamışam. Bu il ora səyahət etməyi planlayıram. Həmçinin Asiya ölkələri arasında da kəşf etmədiklərim var. Məncə, səyahətlər mərhələli şəkildə olur. Yeni səyahətə başlayanlar daha çox böyük və tanınmış şəhərlərdə olmağa üstünlük verirlər. Amma ikinci mərhələdə artıq öyrəşdiyin şəhər mühitini yox, qeyri-adi nələrsə görmək üçün kiçik, hamının getmədiyi yerlər axtarırsan.

- Böyük şəhərlərlə, kiçiklərin fərqi nədir?
- Kiçik şəhərlərin maraqlı xüsusiyyəti var. Orada koloriti hiss eləmək olur, amma böyük şəhərlərdə bu, mümkün deyil. Böyük şəhərlərdə turistlər çox olur deyə, yerli xalqın adət-ənənəsini görmək, onlarla əlaqədə olmaq olmur. Kiçik şəhərlərin digər üstünlüyü isə odur ki, orada muzeylərin çoxu pulsuz olur. Yəni böyük şəhərlərdə sistem elə qurulub ki, çox pul xərcləməli olursan.
- Qeyd etdiniz ki, 30-dan çox ölkədə olubsunuz. Yadınızda qalanların adını deyə bilərsiniz?
- Hə, bilmirəm tarixi, yoxsa coğrafi ardıcıllıqla sayım (gülür). Ən yaxşısı, coğrafi ardıcıllıqla xəritəni gözümün önünə gətirərək sayım. Qazaxıstan, Gürcüstan, Ukrayna, Türkiyə, Bolqarıstan, Belarus, Latviya, Litva, Estoniya, Finlandiya, Almaniya, Polşa, Çexiya, Slovakiya, Belçika, Fransa, İtaliya, İspaniya, Macarıstan, Rusiya, ABŞ.
- Səyahət dövründə yadınızda qalan bir hadisəni bizimlə bölüşə bilərsiniz?
- Əslində, hər ölkədə yaddaqalan hadisə olur. Mənim üçün ən yadda qalanlarından biri İtaliya səfərim zamanı baş verdi. İtaliyada qalmaq üçün yer axtarırdım. Qərara gəldim ki, xəritədən şəhər seçim. Xəritəyə uyğun olaraq internetdə də bu ölkədə ən ucuz ev kirayə verən şəhəri axtardım. Breşia adlanan bir şəhər tapdım, hansı ki, ömrümdə ilk dəfə idi adını eşidirdim. Şəhər haqqında bir az araşdırma etdim. Dedilər, sakitlik istəyirsinizsə, Breşiaya gedin. Mən də tənbəllik etməyib, adını ilk dəfə eşitdiyim şəhərə yollandım. Həmin gün də doğum günüm idi. Ad günümü tanımadığım, adını ilk dəfə eşitdiyim şəhərdə keçirdim. O qədər qeyri-turistik şəhərdir ki, evini kirayə verənlər ancaq italyanca bilir, başqa dildə danışmırlar. Evini kirayəyə götürdüyüm xanımla çətinliklə dil tapdım. Evi kirayələmək üçün şəxsiyyət vəsiqəmi verəndə, doğum günüm olduğunu bilib, məni italyanca təbrik elədi. Mən də italyanca bilmirəm, eləcə "qrasias, qrasias” deyib keçdim.

- Tək, yoxsa qrup şəklində səyahət etmək yaxşıdır?
- Çox maraqlı və səyahət edənlərin həmişə qarşısında duran sualdır. Bu, insanın nədən zövq almasından asılıdır. Hər iki səyahət növünün öz üstünlükləri var. Amma onu deyərdim ki, yeni başlayanlar üçün tək səyahət etmək çətin olur. Xüsusilə də böyük şəhərlərə gedirsinizsə, qrupla getmək daha məsləhətlidir. Həmçinin qrupa da baxmaq lazımdır ki, kimlərdən ibarətdir, lideri kimdir? Təcrübəli qrup lider ilə səyahətiniz nisbətən ucuz başa gələ bilər. Qrupla səyahətin mənfi cəhəti odur ki, qrupun istəyinə uyğunlaşmalısınız, amma tək səyahət edəndə hər nüansı, hara gedəcəyinizi özünüz müəyyən edirsiniz.
- Gedəcəyiniz məkanları əvvəlcədən araşdırırsınız?
- Əlbəttə, mütləq araşdırmaq lazımdır. Səyahətlərimin birində nəqliyyatla bağlı başıma xoş olmayan hadisə gəldiyi üçün ilk növbədə gedəcəyim ölkədə nəqliyyatı öyrənirəm. Qalacağım yerə qədər hər məqamı planlayıram. Bundan başqa, səmərəli vaxt keçirmək üçün şəhərdə maraqlı nələrin olduğunu araşdırmaq lazımdır. Daha sonra ölkələr haqqında bloq yazıları oxuyuram.

- Nəqliyyatdan danışmışkən, avtostopla səyahət etməklə aranız necədir?
- Açığı, avtostop ən sevmədiyim nəqliyyat növüdür. Səyahətlərim zamanı cəmi 2 dəfə avtostop etmişəm. Düzdür, uğurlu olub, xoşagəlməz bir hadisə baş verməyib, amma nədənsə, zövq almıram.
- "Səyahət macəralarım” adlı kitab yazsanız, onu öncə kimə hədiyyə edərsiniz?
- (Gülür). Maraqlı sualdır, bu haqda heç düşünməmişdim. Yəqin ki, sosial şəbəkədə müsabiqə keçirdib, ən çox həvəsli birinə verərəm.
- Bəziləri səyahət etmək üçün ciddi maliyyə lazım olduğunu deyir, siz necə düşünürsünüz?
- Təbii ki, pul lazımdır. Çox kiçik büdcə ilə səyahət edənlər də var. Bu, hansı şəhərə necə və nə vaxt getməkdən asılıdır. Zənnimcə, səyahət pul tələb edən prosesdir. Demirəm ki, milyon xərcləmək lazımdır, amma səyahət etmək istəyən şəxsin müəyyən qədər ehtiyat pulu olmalıdır. Pulun qədəri planlamadan asılıdır. Səyahəti əvvəlcədən planlayanda, yaxşı nəticə əldə etmək olur. Məsələn, maaşınızdan hər dəfə 50 manat kənara qoymaqla, ildə bir dəfə normal səyahət edə bilərsiniz.

- Siz səyahətlərinizi necə planlayırsınız, nə qədər pul xərcləyirsiniz?
- Səyahətə baxır. Öncədən plan qururam və hər maaşımda səyahətimin bir komponentini tamamlayıram. Məsələn, bir maaşımda biletimi, o birisində qalacağım oteli bron edirəm. Beləcə, səyahət edəcəyim vaxta qədər lazım olanları toplamış oluram və bütün xərci birdən qarşılamış olmuram. Uzun müddətdir ki, səyahət etdiyimdən, aviaşirkətlərin hansı bileti nə zaman ucuz verdiyini, hansı kompaniyaların olduğunu bilirəm.
- Səyahətin insana verdikləri nələrdir?
- Bu, insanın səyahətdə nə axtardığından asılıdır. Səyahət insana çox şey verə bilər. Səyahət zamanı tanış olduğum insanlar turist kimi ölkəmizə gələndə, mənimlə əlaqə saxlayırlar, onlara ölkəmiz haqqında məlumat verirəm, görməli yerləri gəzdirirəm. Yəni səyahətlərim mənə yaxşı dostluqlar qazandırıb.

- Səyahət etmək istəyən gənclərə məsləhətiniz nədir?
- Hər yaşda səyahətin öz gözəlliyi var. Mənim bir yaxın dostum deyir ki, o milyon mənim nəyimə lazımdır ki, mən onu 40 yaşımdan sonra xərcləyəcəyəm. Əslində, haqlıdır. Gənclər gözləməsinlər ki, bu gün pul yığıb, 40 yaşından sonra xərcləyəcəklər. Düşünməsinlər ki, səyahət ancaq Avropa ölkələrinə olmalıdır. Bacardıqları qədər yaxın ölkələrə, yəni Gürcüstana, Türkiyəyə, İrana, Rusiyaya səyahət etsinlər. Sadəcə olaraq, planlı olsunlar. Edəcəkləri səyahəti əvvəlcədən planlasınlar. Xarici ölkələrdə olan təhsil proqramlarına qoşulsunlar, səyahətlə bağlı bloq yazıları oxusunlar. Səyahət xatirələrini danışmaq çox gözəldir. İllər keçdikcə, anlayırsan ki, həqiqətən də insana qalan səyahətdir.
Günel Azadə

banner

Oxşar Xəbərlər