Doğulan uşaqların sayı azalır
Azərbaycanda
doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları
azalıb. Trend-in məlumatına görə, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya
gəlib ki, bu rəqəm 2000-ci illə (116 min 994 uşaq) müqayisədə çox olsa da,
2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır. Ötən illər üzrə götürdükdə ən
çox uşaq 176 min 72 olmaqla, 2011-ci ildə dünyaya gəlib. 2011-2014-cü illər
ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən
başlayaraq, bu say getdikcə azalmağa başlayıb. 2015-ci ildə diri doğulanların
sayı 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci
ildə 138 min 982 olub. Maraqlıdır ki, 2011-ci ildə doğulan uşaqların sayının
çox olmasına baxmayaraq, ailədə doğulan 3 və 4-cü uşaqların sayı son dövrlərlə
müqayisədə elə də çox olmayıb. Ümumilikdə son illər ərzində ailədə 3 və 4-cü
uşaqların doğulması hallarının azalması tendensiyası müşahidə edilir. Lakin buna
baxmayaraq, son bir neçə il ərzində ailədə doğulan 3 və 4-cü uşaqların sayı
ümumilikdə doğulan uşaqların sayının daha çox qeydə alındığı 2011-ci ildəkindən
çox olub. Son illər ərzində ailədə 5-ci və daha sonrakı uşağın doğulması
halları da azalıb. 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı
övladı kimi dünyaya göz açdığı halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı
ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.
Bəs
görəsən doğulan uşaqlarının sayının ildən-ilə azalması nə ilə bağlıdır?
Demoqrafik təhlükə gözlənilirmi?
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadəhesab edir ki, əsas
faktorlardan biri boşanma hallarının çoxalmasıdır: "Bu hal bir növ ailələrin
sığortalanmamağından irəli gəlir. Elə olur ki, bəzi ailələr təsadüf nəticəsində
qurulur. 15 gün tanıdığı biri ilə ailə qurmaq qərarına gələnlər var. Nəticədə
evlilik daxilində problemlər yaranır və tərəflər boşanmağa qərar verirlər. Bu
isə son nəticədə doğulan uşaqların sayına təsir göstərir. Əslində demoqrafik
təhlükə hər zaman gözlənilir. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrin sayı
kifayət qədər idi. Azuşaqlı ailələr demək olar ki, tək-tük idi. İndi isə bu
əksinədir. Ailələr bir, ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Artıq
üçuşaqlı ailələri çoxuşaqlı ailə kimi qəbul edirik. Bu mənada demoqrafik
risklər mövcuddur. Problemin həllim üçün ailə modelinin üzərində işləmək
lazımdır. Ailə davamlı olmalıdır ki, dünyaya gələn uşaqlar da bir növ
sığortalanmış olsun. Doğulan uşaqların sayının azalmasının digər bir səbəbi isə
sosial rifahla bağlıdır. Ailələrin sosial təminatı nə qədər güclü olarsa,
çoxuşaqlı ailələrin sayı bir o qədər artar. Düşünürəm ki, bu istiqamətdə
aidiyyəti qurumlar maarifləndirmə işləri aparmalıdırlar”.
Sosioloq Əhməd Qəşəmoğluvurğuladı ki, ölkədə
əhali artımı indeksi müsbət olmalıdır: "Çünki əhalinin azalmasının təhlükəli
tərəfləri var. Doğulan uşaqların sayı azaldıqca gənc nəslin və işləyən
insanların sayı azalır. Bu da vergi verən insanların sayının azalması deməkdir.
Belə olduqda təqaüdçülərin sayı artır. Nəticədə ölkəyə miqrant axını baş verir
və etnik tərkibimiz dəyişməyə məruz
qalır. Avropa ölkələrində artıq bu proses xeyli müddətdir ki, başlayıb. Ona
görə də doğulan uşaqların sayının azalması yaxşı hal deyil. Bu mənada
demoqrafik siyasət elmi əsaslarla aparılmalıdır. Yaxşı olar ki, hər bir ailədə
ən azı 3 uşaq olsun. Bu, ən yaxşı ailə modeli hesab olunur. Ailədə bir uşaq
olanda orda uşaq mühiti olmur. Həmin uşaqların sosiallaşması və cəmiyyətə
adaptasiyası çətin olur. İkiuşaqlı ailələrdə isə münaqişələr çox olur. Uşaqlar
ailədə bir-biri ilə mübahisə edir, dalaşırlar. Üçuşaqlı ailələrdə isə artıq
uşaq mühiti yaranır. Beləliklə, həm də ölkədə əhalinin artımı arzuolunan
səviyyədə olur. Doğulan uşaqların sayının azalmasının əsas səbəbi ailələrin
iqtisadi vəziyyəti ilə bağlıdır. Gənc ailələr ikidən artıq uşaq istəmir. Ona
görə də bu istiqamətdə dövlət tərəfindən işlər görülməlidir”.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq
Lalə Mehralı bildirdi ki, ailələrdə uşaq sayı azalsa da,
hələlik demoqrafik təhlükədən söhbət gedə bilməz. Düşünürəm ki, bu sahədə
dövlət tərəfindən müəyyən işlər görülə bilər. Hər 10 ailədən 7-8-də bir və
yaxud iki uşaq var. Çox az ailədə 3 və ya 4 uşaq böyüyür. Dörddən çox uşaqlı
ailələrə nadir hallarda rast gəlinir. Məsələn, beşdən artıq övladı olan
ailələrə dövlət tərəfindən müavinət verilir. Amma beşuşaqlı ailələr çox az
məbləğdə müavinət alırlar. Amma bu uşaqların böyüdüb boya-başa çatdırılması
asan məsələ deyil. Onlara təlim-tərbiyə, təhsil vermək maddi imkan tələb edir. Doğulan
uşaqların sayının azalması təhlükəli həddə çatmayıb. İndi əksər qadınlar öz karyerasını
qurmaq istəyir. Buna görə də ikidən artıq uşaq dünyaya gətirmək haqda düşünmür.
Əsas məsələ övladı dünyaya gəlməyən ailələrlə bağlıdır. Bu haqda statistik
araşdırmalar aparılmalıdır ki, sonsuzluq səviyyəsi dəqiq təyin olunsun.
Həmçinin bunun səbəbləri də araşdırılıb təhlil edilməlidir”.
Psixoloq Elnur Rüstəmovdüşünür ki, doğulan uşaqların sayının azalması demoqrafik riskdən xəbər vermir:
"Ailədə iki övladın olması belə, demoqrafik risklərin qarşısını ala bilir. Amma
bu gün ailələrdə uşaq saylarının azalması halları müşahidə olunur. Bu proses
ötən əsrin 90-cı illərindən başlayaraq bu günə qədər davam edir. Təbii ki,
bunun bir sıra səbəbləri var. Əsas səbəblərdən biri ondan ibarətdir ki,
ailədaxili münaqişələr son dövrlərdə həddən artıqdır. Boşanma hallarının
artması müşahidə olunur. Valideynlər üçün mükəmməl ailə modeli bir və yaxud iki
övladdır. Tərəflər düşünür ki, uşağı dünyaya gətirmək və onu böyüdüb tərbiyə
etmək çətin məsələdir. Bəzi insanlar öz komfortuna həddən artıq düşkündür. Onlar
düşünür ki, uşaq dünyaya gələrsə, komfortları pozulacaq. Bu kimi məqamlar
ailələrdə uşaq sayının azalmasına gətirib çıxarır. Ailədaxili konfliktlər,
zorakılıq, şiddət uşaqlarda davranış pozuntusuna və psixi inkişafın
əngəllənməsinə səbəb olur. İndi demoqrafik risklərdən daha çox bu məqamlar
narahat edir”.
Şəbnəm