“DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı təsdiq edilib
Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail
olunması Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas hədəflərindən biridir.
Dövlət başçısının "Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 10
dekabr 2018-ci il tarixli Fərmanı bu məqsədlə ölkəmizdə bir yenilik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
(DOST Agentliyinin) və "DOST” mərkəzlərinin qurulması və fəaliyyəti üçün əsas hüquqi
platformanı təmin edir.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü olan "DOST” layihəsinin reallaşdırılması əmək
münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin "bir
pəncərə”dən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə,
sadə və əlçatan prosedurlarla təqdim edilməsinə şərait yaradacaq.
Fərmanla DOST Agentliyinin Nizamnaməsi, Agentliyinin strukturu, "DOST” mərkəzlərində
göstərilən xidmətlərin siyahısı və həmin mərkəzlərdə xidmət göstərilməsi
Qaydası təsdiq edilib. Agentliyin Nizamnaməsinə görə, Agentlik "DOST” mərkəzlərinin idarə
edilməsini, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirən, məşğulluq,
əmək, sosial müdafiə və təminat sahələrində, habelə Nazirliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin həmin mərkəzlərdə
göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin
inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın
artırılması ilə bağlı tədbirlər görəcək. Qurumun vəzifələri sırasına "DOST” mərkəzlərinin
fəaliyyətinə xüsusən gənc mütəxəssislərdən və tələbələrdən ibarət olmaqla
könüllülərin cəlb edilməsi, onların həvəsləndirilməsi
üçün tədbirlərin görülməsi, bu məqsədlə təhsil müəssisələri ilə əməkdaşlıq
edilməsi də daxildir. Nizamnamədə Agentliyin idarəetmə orqanları kimi Müşahidə
Şurası və İdarə Heyəti müəyyən olunub.
Dövlət
başçısının 10 dekabr 2018-ci il tarixli
Fərmanında Agentliyin
nizamnamə fondunun 10 milyon manat olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına
formalaşdığı, Agentliyinin aparatının işçilərinin say həddinin 312 ştat vahidi
olduğu müəyyən edilib. "DOST” mərkəzləri işçilərinin say həddinin, onların göstərdiyi
xidmətlərin həcmi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən müəyyən edildiyi bildirilir.
Fərmanla təsdiq edilən DOST Agentliyinin strukturuna Agentliyin Aparatı və "DOST”
mərkəzləri daxildir. "DOST” mərkəzlərində göstəriləcək xidmətlərin Fərmanla təsdiq
edilən siyahısında isə Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar
verilməsi, əmək münasibətləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun
müəyyən edilməsi, məşğulluq, əmək pensiyası və sosial müavinət, ünvanlı dövlət
sosial yardımının, sığortaolunanların fərdi uçota alınması və uçotdan
çıxarılması, sosial xidmət sahəsində göstərilən xidmətlər, funksional yardımçı
xidmətlər üzrə 124 xidmət yer alıb.
"DOST” mərkəzlərində
xidmət göstərilməsi Qaydasına görə, Mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət,
özünəxidmət, "çağrı mərkəzi” vasitəsilə xidmət və səyyar xidmət formasında təşkil
edilir. Birbaşa (yerində) xidmət – vətəndaşın müraciətinə əsasən, ona bilavasitə
mərkəzdə xidmət göstərilməsini, özünəxidmət
– mərkəzdə daim internetə açıq olan kompüterlər və ya mərkəzdə quraşdırılmış
xüsusi köşklər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən
yararlana bilmək imkanını, "çağrı mərkəzi”
vasitəsilə xidmət isə - vətəndaşın mərkəzə gəlmədən internet və ya telefon
vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq,
növbə tutmaq, Nazirliyin və mərkəzin fəaliyyəti ilə bağlı təkliflər bildirmək
imkanını nəzərdə tutur.
Mərkəzdə xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri)
üzrə, həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna
olmaqla) və bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından
geniş istifadə etməklə göstərilir. Göstərilən xidmətlə bağlı müraciətə baxılma
və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün
olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur.