“Doğru zamanda doğru yerdə olmaq lazımdır” - Uğur hekayəsi
İş həyatında müəyyən bir nöqtəyə çatmaq üçün bəzən uzun illərə
dayanan iş təcrübəsi keçməli, fərqli yerlərdə çalışmalı olursan. Lakin istisnalar
təbii ki var, elə müsahibim kimi... O, ömrünün 30 ilini ancaq oxumağa sərf
edib, təhsil alıb. Karyerası çox gec başlasa da, hazırda olduğu yeri onun iş həyatında
uğurlu bir mərhələ kimi qiymətləndirmək olar. Müsahibimiz hazırda Bakı Mühəndislik
Universitetinin xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışan Azər
İmanquliyevdir.
Qeyd edək
ki, Azər İmanquliyev 1986-cı il martın 6-da Bakı şəhərində dünyaya gəlib. Orta
təhsilini Qaraçuxur qəsəbəsində yerləşən Xarici dillər təmayüllü gimnaziyada alır.
Bakalavr təhsili üçün seçimi Qafqaz Universitetinin kompüter mühəndisliyi
ixtisası olur. Magistratura və doktoranturanı bir yerdə 2007-2015-ci illərdə
Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Böyük
Britaniyanın Kardif Universitetində alıb, fəlsəfə doktorudur. Araşdırmaları əsasən
süni intellekt sahəsində olub.
- Bu təyinatdan öncə universitetdə baş müəllim kimi
çalışmısınız. Bəs ümumi olaraq iş həyatına harda başlamısız?
-
Britaniyada təhsilimi bitirib qayıdandan sonra bir müddət Yüksək Texnologiyalar
Parkında biznesin inkişafı şöbəsində çalışdım. Orda çalışdığım vaxt Texniki
Universitetdə dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrlə görüş üçün
çağırdılar. Orda çıxış etdim, sonra rektor Havar Məmmədov məni universitetdə
innovativ təhsil və informasiya texnologiyaları departamentinə direktor təyin
etdi. Sonra Havar müəllim Qafqaz Universitetinə rektor gəldi və məni burda
humanitar və sosial məsələlər üzrə prorektor təyin etdi. O vaxt özəl
universitet idi, rektorun təyinatı ilə olurdu. Sonra Qafqaz Universiteti ləğv
olundu və təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə yeni yaradılmış Azərbaycan
Mühəndislik Universitetinə xarici əlaqələr üzrə prorektor təyin olundum.
- Ali təhsilinizi tam bitirəndən sonra işlədiyinizi
dediniz. Ona qədər çalışmamısız?
- Yox,
ancaq oxumuşam. 30-31 yaşıma qədər vaxtım əsas təhsilə gedib. 24-25 yaşımda
bakalavrı bitirdim, sonra İngiltərəyə getdim, 5 il yarım da magistr və
doktorantura təhsili vaxt apardı. Ona görə işə başlamağım elə təhsili bitirəndən
sonra oldu.
- İndi gənclərə məqsədli olmaq, gələcəkdə özlərini
harada gördüklərini əvvəlcədən müəyyənləşdirmək öyrədilir. Universitet vaxtı gələcəklə
bağlı məqsədli bir planınız var idimi?
-
İnsanın özünü harada görməsindən asılı olmayaraq, həyat bəzən onu tamam başqa
bir yerə gətirə bilər. Çünki mən sırf texnologiya ilə bağlı oxumuşam, əvvəllər
də İT şöbələrində işləmişəm. Amma nəinki 5, heç 3 il öncə də özümü burda
görüb-görmədiyimi soruşsaydılar, cavab verə bilməzdim.
- Bir qisim insan deyir ki, şans yoxdur, çalışmaq
lazımdır, bir qisim isə deyir ki, adamın bəxti olmalı, şansı gətirməlidir. Siz
şans məsələsi haqda nə düşünürsünüz?
- Əslində
müəyyən qədər hər ikisi doğrudur. Doğru zamanda doğru yerdə olmaq lazımdır. Öz
həyatımdan bir nümunə ilə bunu izah edim. Yüksək Texnologiyalar Parkında işləyəndə
Texniki Universitetdən zəng vurub xaricdə təhsil almış məzunlarla görüşə dəvət
edəndə istəmədiyimi, gələcəkdə universitetdə, təhsil sahəsində çalışmağı
planlaşdırmadığımı bildirdim. Dedilər ki, gəl bir söhbət elə, nə itirəcəksən
ki? Sonra düşündüm ki, xaricdə təhsil almış məzunlar gələcək, onların fikirləriylə
tanış olaram, getməklə heç nə itirmirəm. Dövlət Proqramı ilə xaricdə təhsil
alan 10 nəfər gənc gəlmişdi. Onların içərisindən bircə məni orda işə dəvət
etdilər. Şans o idi ki, mən həmin vaxt orda oldum, eləcə də digər 9 nəfər. Amma
artıq orda işə dəvət olunmağıma şans deyə bilmərəm, çünki gözübağlı bir nəfəri
seçmədilər, diploma, təhsilə baxdılar. Ora getməyim şansın, seçilməyim isə təhsilin
sayəsində olur.
- Təhsil sahəsində çalışmaq istəyinizin olmadığını
dediniz. Bəs bura gəlməyinizə, hətta qalmağınıza səbəb nə oldu?
-
Proseslər elə cərəyan etdi ki, mən bura gəldim. Texniki Universitetdə işim sırf
İT ilə bağlı idi, orda gözəl sistem varıydı və məni o sistemlə işləməyə dəvət
etdilər. Yəni, sırf akademik iş deyildi, sistem inzibatçısı idim. Bir müddət
çalışdıqdan sonra dedilər ki, təcrübən var, bəlkə onu tələbələrlə də bölüşəsən,
dərs götürəsən. Bir-iki dəfə auditoriyaya girəndən sonra gördüm ki, elə ən
maraqlısı öz təcrübələrini kiminləsə bölüşməkdir. Bir müddət Texniki
Universitetdə "Sabah” qruplarında da dərs demişəm. Öz işinə marağı olan tələbələrin
yanaşmasını görəndə düşündüm ki, elə ən yaxşısı budur, qoy kiməsə xeyrim dəysin.
Elə-elə akademik sahəyə maraq yarandı.
- İT sahəsi ilə məşğul olanların işinə kənardan
baxanda adama çox yorucu gəlir. Hiss olunur ki, güclü zehni əmək tələb edir. Bəs
heç yorulduğunuz olurmu?
-
Qıraqdan yorucu gələ bilər. Amma İT ilə məşğul olan adamlar ali təhsil alandan
sonra bu sahəni öyrənməyə başlamır. Bu sahənin adamlarında kompüterə,
proqramlara maraq orta məktəb vaxtında üzə çıxır. Həmin maraq, həvəs isə bu işə
sevgi formalaşdırır. Kənardakılara yorucu gələn bu işdən mən zövq alıram, eləcə
də bu sahədə çalışan digərləri. Zehni əmək
tələb edir, bunu danmırıq, amma bu sahəni sevərək gələnlər üçün yorucu olmur, əksinə
hər yeni nəsə tapdıqca daha çox işləmək istəyirsən.
- Siz də uşaqlıqdan bu sahəyə meyillənmisiniz?
- Orta məktəb
vaxtı seçəcəyim sahəni müəyyənləşdirmişdim. Məqsədim kompüter mühəndisliyinə qəbul
olunmaq idi. Mən ali təhsil seçimi edəndə yalnız öz istədiyim ixtisası
yazmışdım. Harasa düşüm deyə hər ixtisası yazmamışdım. Məqsədli olaraq da öz
istədiyim sahə üzrə təhsil aldım.
- Burda da təhsil almısınız, xaricdə də. Xaricdə təhsil
almaq hansı üstünlükləri qazandırır?
- İlk
növbədə mükəmməl dil bacarıqları olur, eyni zamanda xarici təcrübənin şahidi
olurlar, bu, önəmlidir. Bu gün həm də dünya qloballaşır, harada yaşamağın, işləməyin
konkret bir önəmi qalmayıb. İnsan bir ölkədə yaşadığı halda başqa bir ölkədəki
şirkətdə çalışa bilər. Bizim təhsilimiz də kifayət qədər yüksək səviyyəlidir,
amma təkcə yerli mütəxəssislərdən öyrənmək, yalnız yerli insanlarla ünsiyyətdə
olanda sonra xaricilərlə işləyən dövrdə hansısa çətinliklər yarana bilər.
Xaricdə olan, təhsil alan insanın ən əsası dil baryeri olmur, daha yaxşı mütəxəssis
olmaq üçün imkanları da çox olur. Söhbət təkcə təhsildən getmir, ümumiyyətlə,
xarici təcrübəni öyrənmək mütəxəssisin inkişafı üçün yaxşıdır.
- Bir az da iş prosesinizdən danışaq. Məsələn, iş
neçədə başlayır və siz neçədə gəlirsiz?
- PHD
etdiyim dövrdə mənim elmi rəhbərim bir az möhkəm adamıydı. Bizi məcbur edirdi
ki, gündə 12 saat rejimlə gedək-gələk. Ordan artıq alışdığım bir rejim var, səhər
saat səkkizdən gec olmayaraq işə gəlirəm, baxmayaraq ki, bizdə iş doqquzda
başlayır. İş saatı çatana qədər dünəndən qalan işləri həll edirəm, günlük
planlarımı müəyyənləşdirirəm. Doqquz olanda artıq işə başlayıram. İş saat
doqquzda başlayırsa, elə həmin vaxt gəlib, bir az e-maillərə nəzər salıram. Bu,
adamın vaxtını çox aparır. Daha məhsuldar olmaq üçün mən iş saatına qədər bu
kimi işləri həll edirəm. Altıya qədər iş saatımızdır, amma işlərimizin bitməyindən
asılı olaraq yeddiyə qədər də qala bilirəm. Magistr qruplarında dərslər
yeddinin yarısı başlayır. Dərsim olan günlər onun yarısına qədər də qalıram.
Amma bu, hər gün olmur.
- İşlə yanaşı, ailəyə də vaxt ayırmaq lazımdır. Bəs
bu iş rejimi ilə siz balansı qoruya bilirsiniz?
-
Akademik sahədə balansı qorumaq bir az çətindir. Çünki işim tək təyin olunduğum
vəzifəmin öhdəliklərini yerinə yetirməklə bitmir. 6-da universitetdə iş saatım
bitsə də, 7-nin yarısı magistratura tələbələrinin dərsi başlayır, dərsim olan
günlər qalmalıyam. Onları çıxmaq şərtilə balansı qorumağa çalışıram. İş önəmlidir,
amma ailəyə də vaxt ayırmaq lazımdır. İşləməklə biz maddi cəhətdən təmin edə
bilirik, amma mənəvi cəhətdən də bu balansı qorumağa çalışıram.
- Ömür boyu təhsil anlayışı bu gün aktuallaşır.
İnsan davamlı olaraq öyrənməlidir. Doktorantura təhsilini bitirəndən sonra öyrənmək
dairənizə daha nələr daxil olub?
-
Planlarımda yeni bir dil öyrənmək var. Rus və ingislicə biliyim normal səviyyədədir.
Öyrənəcəyim dilin dünya coğrafiyasını maksimum əhatə etməsinə fikir verəcəm.
İngilis dili Avropa, Amerika, Asiyanın müəyyən qədər hissəsini idarə etməyə
yetir, rus dili köhnə postsovet ölkələrində kifayət edir. Amma hazırda Çin
boyda böyük bir bazar da var. İmkan və zaman olsa Çin dilini öyrənmək istəyərəm.
Bayaq dediyiniz o vaxt balansını qorumaq şərtilə mümkün olsa öyrənərəm (Gülür.
A.A). Həm universitetdəki işlərim, işdən sonra dərs, o dərsin hazırlıqları var,
elmi iş üzərində də işləyirəm.
- Azər bəy, işçi yoxsa, rəhbər vəzifədə olmaq
yaxşıdır?
- Əgər
sırf İT ilə bağlı bir şirkətdə çalışsaydım, işçi olmaq istərdim. Çünki işin o
spesifikası adama xoş gəlir. Kod yazmaq, proqramlaşdırmaq... Amma ümumi
inzibati iş də pis deyil.
- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
- Mənə
görə uğurun sirri oxumaqdır. Tələbələrə də deyirəm ki, siz oxuyun, qalan hər şey
sizi özü tapacaq. Mən başqa bir şey etməmişəm, 30 yaşıma qədər ancaq oxumuşam.
Ancaq universitet, təhsil görmüşəm. Amma indi onun bəhrəsini görürəm.
Aygün
Asimqızı