AZE | RUS | ENG |

Donuz ilində “donuz qripi”nə tuş gəlmək

Donuz ilində “donuz qripi”nə tuş gəlmək
Qonşunun halını baxıb, tam ehtiyatlı olmalıyıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Trend-in sorğusuna cavab olaraq deyib ki, qrip virusu ilə bağlı bütün ölkələr eyni dərəcədə risk altındadırlar. Onun sözlərinə görə, A(H1N1) virusu insanda qripin yaranmasına səbəb olan viruslardan biridir. H.Harmancı qeyd edib ki, qrip, adətən, hər il dünyada epidemiyalar yaradır. Qrip olanların bir çoxu heç bir müalicə olmadan, bir həftə ərzində yaxşılaşır. ÜST rəsmisi deyib ki, virusun hər hansı ölkəyə keçməsinin qarşısının alınması mümkün deyil. Daha əvvəlki pandemiyalar zamanı tətbiq edilən müxtəlif üsullar (sərhədlərin bağlanılması, ticarətin məhdudlaşdırılması, sərhədlərdə insanların bədən temperaturunun ölçülməsi kimi tədbirlər və s.) bunun mümkün olmadığını göstərib: "Bütün ölkələr eyni dərəcədə risk altındadırlar. Qrip virusu daha əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda var və hər zaman da olacaq. Ancaq bəzi illərdə xəstə sayı arta bilər. Qripdən qorunmanın ən yaxşı yolu risk qruplarının müəyyən edilməsidir. ÜST-nin müəyyən etdiyi risk qruplarına hamilə qadınlar (hamiləliyin istənilən vaxtında), 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan böyük insanlar, xroniki xəstəliyi olanlar (HİV/AIDS, astma, ürək və ağciyər, diabet xəstələri, qripə məruz qalma riski yüksək olanlar (səhiyyə işçiləri kimi) daxildirlər.

H.Harmancı əlavə edib ki, bundan əlavə, fərdi tədbirlər də qrip epidemiyasının yaranmasının qarşısını ala bilər: "Bunun üçün hər kəs əllərin yumağı bir vərdiş halına salmalıdır, çünki qrip virusları əllə də keçə bilər. Öskürən, ya asqıran zaman əl dəsmalı ilə ağzınızı örtün, sonra isə onu ya yaxşıca yuyun, ya da atın. Qızdırma, öskürək, baş ağrısı, əzələ ağrısı, həddindən artıq yorğunluq, boğaz ağrısı simptomları müşahidə edilən insanlardan uzaq durun”.

Qonşu ölkə Gürcüstanda isə  qrip virusu ilə xəstəxanalara yerləşdirilən vətəndaşların sayı son iki gündə təxminən 200 nəfər artaraq 845 nəfərə çatıb. Onlardan 44-ü reanimasiya şöbəsindədir. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri David Sergeyenko söyləyib. Bildirib ki, iki gün əvvəl xəstəxanalarda 616 nəfər müalicə olunurdu və onların 39-u reanimasiya şöbəsində olub. Nazir deyib: "Xəstələrin sayının kəskin artması bir daha göstərir ki, qrip virusu çox ciddi xəstəlikdir və bu xəstəlikdən ciddi müalicə olunmaq lazımdır”. D.Sergeyenkonun sözlərinə görə, bu günə qədər qrip virusundan ölən 14 nəfərdən 13-nün məhz "donuz qripi”ndən dünyasını dəyişdiyi laboratoriyada təsdiqlənib.

Tibb üzrə ekspert, professor Adil Qeybulla söylədi ki, yayılan virus xəstəlikləri mövsümü infeksiyadır: "Həqiqətən də qeyd edildiyi kimi, təhlükəli infeksiyadır. Hal-hazırda donuz qripi deyilən H1N1 virusu yenidən aktuallaşıb. Bu virus 2009-cu ildə də qeydə alınıb. Həmin vaxt bəlli oldu ki, xəstələr virusun özündən deyil, ağırlaşmalara görə dünyalarını dəyişirlər. Bu virusa yoluxan şəxslərdə toxumalarda dəyişikliklər yaranır və iltihabı proses törədən pnevmokokklar inkişaf edir. Getdikcə xəstələrdə pnevmaniya yaranır. Virusun özünü dağıdıcı təsiri olduğuna görə, təhlükəli hesab olunur. Ümumiyyətlə, "quş qripi”ndən başqa bütün növ qrip virusları hava-damcı vasitəsi ilə yayılır. Virus bu növü epidemiyaya meylli olduğuna görə, böyük risk daşıyır. Ona görə də bütün ölkələrdə karantin tədbirləri görülməlidir. ÜST belə bir raport veribsə, onun tövsiyələri əsasında hər bir ölkə öz təhlükəsizliyini qorumalıdır. Trans-sərhəd zonalarında nəzarət daha da artırılmalı, insanlar arasında maarifləndirmə işləri aparılmalıdır.  Ölkədə lazımi anti-virus dərmanı təchizatı olunmalıdır. İnsanlar bilməlidir ki, qripə yoluxan zaman nə etməlidir? Yaxşı olar ki, belə bir dövrdə hər kəs tibbi maskalardan istifadə etsin. Bu cür virusa barmaqarası yanaşmaq olmaz. Əgər inkişaf etmiş ölkələrdə bu virus insan tələfatı ilə nəticələnibsə, demək, bizim üçün də təhlükə var. Ümumiyyətlə, qrip virusu kontakt vasitəsi ilə birindən digərinə ötürülür. Əgər evdə kimsə qripə yoluxubsa, həmin şəxsin otağı ayrılmalı və tez-tez havalandırılmalıdır. Qripə yoluxan şəxs çoxlu maye qəbul etməlidir. Müxtəlif növ xalq təbabəti üsullarından da istifadə edilə bilər. "Parasitamol” tərkibli dərmanlardan istifadə məqsədəuyğundur. Qriplə bağlı peyvəndlər isə artıq öz əhəmiyyətini itirib. Çünki hər bir virus yeni ştampla peyda olur. Bu peyvəndlər əvvəlki illərin virusları üçün keçərlidir. Ona görə də, peyvənd artıq öz təsir gücünü itirib. Belə məqamda diqqətli olmaq lazımdır. Çünki situasiyadan istifadə edən şəxslər çoxdur”.

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirdi ki, virusun yayılması ilə bağlı bir sıra ölkələrdə narahatlıq var: "Hava-damcı yolu ilə keçən bu xəstəlik bir insandan digərinə asanlıqla keçə bilir. İnsanların sıx olduğu yerlərdə isə bu ehtimal daha da yüksəkdir. Avtobuslarda, metroda olarkən diqqət etmək lazımdır. Hələlik Azərbaycanda donuz qripi müşahidə olunmayıb. Amma istənilən halda, ehtiyatı əldən vermək olmaz. Qonşu ölkə Gürcüstanda virusa yoluxanların sayı kifayət qədərdir. Ona görə də, yaxşı olar ki, tibbi maskalardan istifadə edilsin. Adi gigiyenik qaydalara mütləq riayət etmək lazımdır. Əlimizdən gəldiyi qədər özümüzü qrip viruslarından qorumalıyıq. Xüsusilə heyvandan keçən infeksiya daha təhlükəli olur. Çalışmalıyıq ki, belə bir dövrdə daha çox ev yeməklərindən istifadə edilsin. Xəstəliyin inkubasiya dövrü 24-48 saatdır. Bu zaman xəstənin hərarəti artır, ümumi halsızlıq müşahidə olunur. Ağırlaşma hallarında mütləq həkimə müraciət edilməlidir”.

Şəbnəm
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9271
GEL 1 1 Gürcüstan larisi 0.6334
GBP 1 1 İngiltərə funt sterlinqi 2.259
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1844
CHF 1 1 İsveçrə frankı 1.6974
KWD 1 1 Küveyt dinarı 5.5967
TRY 1 1 Türkiyə lirəsi 0.3119