• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Dollinin ideallaşdırılması

27.10.19 13:30 2560
Dollinin ideallaşdırılması
Lev Tolstoyun "Anna Karenina” romanı tənqidçilərin və oxucuların hər zaman diqqət mərkəzindədi. Bu əsəri ekranlaşdırırlar, səhnələşdirirlər. Hətta romanın komiks variantları da var.
Populyarlığın səbəbi təkcə Tolstoyun istedadı və şöhrətində deyil, həm də romanda qoyulan sualların aktuallığındadır. Rejissorların, tənqidçilərin və oxucuların diqqətini daha çox Annanın faciəvi taleyi və azad məhəbbətin, xəyanətin problemləri cəlb edir. Amma Tolstoy özü yazır ki, roman ailə həyatı haqqındadır. Ailə münasibətlərinin müxtəlif variantları barədədir.
Bu səbəbdən buradakı "fon”personajları da mərkəzi obrazlar kimi vacibdir. Annanın qardaşının arvadı obrazı – Darya Aleksandrovna Oblonskayaya ,adətən, böyük diqqət yetirilmir. Amma onu xatırlayan müxtəlif insanların fikri təəccüblü dərəcədə fərqlidir.
Xalis avropalı ziyalı V.V.Nabokov yazır: "Əsərdə baş qəhrəmanlarla bərabər digər personajlar da fəaliyyət göstərir. Annanın yüngülxasiyyətli, yaramaz qardaşı Stiva Oblonski, onun arvadı – Tolstoyun ideal qadın qəhrəmanlarından biri olan, bütün həyatını uşaqlarına və dözülməz ərinə həsr etmiş, qızlıq soyadı Şerbatskaya olan, xeyirxah, ciddi, əzabkeş qadın Dolli”. (Nabokov, 1996). Nabokovun fikrincə Dolli Tolstoyun nəzərində qadına məxsus xasiyyətlərə malik ali qadındır. Müəllif Dolli Oblonski ilə Levinin anası arasında paralel aparır”.
Filologiya elmləri namizədi Tatyana Proskurina da demək olar ki, eyni fikirdədir. T.Proskurina Darya Aleksandrovnaya daha çox diqqət ayırır.
"Dolli obrazında Tolstoy ən yaxşı qadın - ana cizgilərini qələmə almışdır. Dolli uşaqlarının qayğısına qalaraq onların içərisində əriyir... Dolli qayğıkeşdir, zəhmətkeşdir, səbrlidir, öz azğın ərinin bütün təhqirlərinə və laqeyd münasibətlərinə dözür... Yazıçının ideal ana haqqında şəxsi təəssüratları ilə uzlaşan Dolli Tolstoy tərəfindən yüksəklərə qaldırılmışdır”. (Proskurina 2002)
Bu şərh məktəb proqramında da öz təsdiqini tapıb. İnternetdə axtarış qurğusuna "Dolli, Tolstoy” kəlmələrini yazdıqda məktəblilər üçün "Dolli obrazında Tolstoy analıq hisslərini poetikləşdirir. Onun həyatı, uşaqları uğrunda mübarizə Anna üçün özünəməxsus tənbehdir” cümləsi yazılmış inşa mövzusu tapılır. Belə hesab edilir ki, Tolstoy Dolli obrazında bütün maraqları uşaqların üzərində birləşən ideal ana haqqında şəxsi təsəvvürlərini qələmə almışdır. "Təkcə Kiti Şerbatskaya deyil, onun doğma bacısı Dolli Oblonskaya da öz xarakteri və ev, ailə işlərinə qapılması baxımından Tolstoyun arvadı Sofya Andreyevnanı xatırladır”.
Ənənəvi patriarxal dəyərlərin ümumi strukturunda uşaqlarına görə özünü qurban verən ana obrazının ideallaşdırılması və ailənin qorunmasına tam uyğundur. Qadın ənənəvi mədəniyyətdə bütünlükdə, pravoslav mədəniyyətində isə qismən ailədə itaətkar mövqe tutur, o, ərinə qulluq etməlidi. Apostol Pavelin korinflilərə müraciətində deyilir: "Çünki ər arvaddan deyil, arvad ərdəndi. ər arvad üçün yaranmayıb, arvad ər üçün yaranıb”.
Dollinin ərinə münasibəti bu təqdimatla tam uzlaşır.
Dolli haqqında nə məlumdu? L.N.Tolstoyun romanı "Anna Karenina” "özünəməxsus bədbəxtliyi” olan həmin ailənin təsviri ilə başlayır. Dolli, yəni knyaginya Darya Aleksandrovna Oblonskaya gözəl Kiti Şerbatskayanın bacısıdır. Levin ilk dəfə Kitiyə elçi göndərmək istədikdə xatırlayır ki, növbə ilə bütün Şerbatski bacılarına aşiq olub və həmin bu Dolliyə evlənmək təklifi etməyə hazırlaşır, amma o, artıq ərdədir. Romanda Dolli artıq yeddi uşaq anasıdır (uşaqlardan ikisi vəfat etmişdir). Yorğun, arıq, vaxtından əvvəl qocalmış qadın.
Tolstoy Darya Aleksandrovnanı ilk dəfə ərinin xəyanəti faktı üzə çıxmasından kədərləndiyi və bundan sonra nə edəcəyi qərarına gələ bilmədiyi zaman nümayiş etdirir. "Darya Aleksandrovnanın artıq nazilmiş, amma nə vaxtsa qalın və gözəl saçları boynunun arxasında hörüklər şəklində, sancaqla toplanmışdı. Sınıxmış, arıq üzü və böyük, sifətinin arıqlığına görə tez gözə çarpan hürkmüş gözləri ilə nə isə axtardığı açıq dolabın qarşısındakı otağa səpələnmiş əşyaların arasında dayanmışdı”.
Əri knyaz Stepan Arkadyeviç Oblonski – Annanın qardaşı qəti şəkildə yaramaz deyil. Onu qulluqçu və uşaqlar da daxil olmaqla demək olar ki, ətrafdakı hər kəs sevir. O, sağlamdır, özünə görə xeyirxahdı. Amma Stepan ancaq özünü düşünür və arvadına, uşaqlara məxsus pulları xərcləməklə məşğuldur. O, arvadını çoxdan sevmir və kənarda kiçik macəralar yaşamağı xüsusi günah hesab etmir. Bəzən öz evində də diqqətsizliyi ucbatından mürəbbiyəyə yazdığı məktubu arvadının tapmasına imkan verir.
Anna Arkadyevna Karenina da Moskvaya cütlüyü barışdırmaq məqsədilə gəlir. Bu, çətin də deyildi, çünki Dolli özü də ərindən ayrılmaq istəmirdi.
Lakin barışıq baş tutsa da heç nə dəyişmədi. Stiva arvadına və ailənin ehtiyaclarına diqqət yetirməyərək adət etdiyi həyata davam edir. Dolli isə davamlı olaraq inciyib, boşanma ilə hədələdiyi halda, hər dəfə onu bağışlayır və əlbəttə ki, heç yerə getmir.
Məsələnin maddi tərəfi də maraq doğurur. Stepan Arkadyeviçin öz pulu yoxdur, məvaciblə dolanır, Darya Aleksandrovnanın cehizi isə uşaqlara çatacaq. Stiva qumar oynayır və qazandığından daha çox uduzur, borcu günbəgün artır. Dolli hiddətlənir, amma hər dəfə onu bağışlayır. Ona məxsus meşənin əvvəlcə bir hissəsinin, daha sonra isə bütünlüklə satılması haqqında sənədləri imzalayır.
Stiva isə hər dəfə bağışlanacağını, arvadının növbəti vekseli imzalayacağını və vəsait əldə edəcəyini bildiyi üçün pul xərcləməyə davam edir. Romanın sonunda biz öyrənirik ki "Stepan Arkadyeviç Dolliyə peşmanlığını ifadə etdiyi məktub yazmışdır. O, Dollidən onun şərəfini xilas etməsi, borclarını ödəmək üçün mülkünü satması üçün yalvarırdı. Dolli sarsıntı keçirir, ərinə nifrət edir, yazığı gəlir, boşanma qərarı verir, rədd edir, amma sonunda öz mülkünün bir hissəsini satmağa razı olur”.
"Bundan sonra Kiti qeyri-ixtiyari olaraq mərhəmət dolu təbəssümlə öz ərinin pərtliyini, onun dəfələrlə çətinliklə üz-üzə gəldiyi işini və nəhayət yeganə vasitə olaraq Dolliyə kömək məqsədilə öz mülkünün bir hissəsini verməyi təklif etdiyini xatırladı”.
Şübhəsiz ki, mülkün həmin hissəsi də nəhayət satılacaq, pullar isə Stepan Arkadyeviç tərəfindən xərclənəcəkdi.
Dollinin əsas cizgiləri mənşəyinə, təhsilinə, dövrünə və siyasi quruluşuna görə təyin edilir. Dolli dalandarın və ya zavod direktorunun arvadı ola bilərdi, sovet dövründə və ya bu gün yaşaya bilərdi. Annanın taleyinin boşanma proseduru nəticəsində dəyişəcəyi düşüncəsi varsa, Darya Aleksandrovnanın taleyini hansısa şərtlərin dəyişəcəyini təsvir etmək çətindir.
Bu cür dözümlülük hər şeydən əvvəl ona şəhadət etməli idi ki, Dollinin hərəkətlərinin şəxsi xüsusiyyətlərə söykənən psixoloji səbəbləri var. Lakin bu cür davranış tərzinin sabitliyi təkcə xarakterin individual cizgilərindən irəli gəlmir, həm də Dolli obrazının etalon ana davranışının obrazı kimi mədəni normalara uyğun olmasından xəbər verir.
Bu etalonun nədən ibarət olmasını bilmək üçün məsələni ətraflı aydınlaşdırmaq gərəkdir. Dollini bir çoxlarının idealına çevirən əsas müsbət cəhəti, uşaqlarına və ərinə sevgi və bu sevgi uğrunda təmənnasız qurban olmasıdır. Amma romanı diqqətlə oxuduqda bu sevginin uşaqlara və ərə heç də asan başa gəlmədiyi məlum olur.
Dollinin uşaqları ilə münasibətlərindən danışmaq çətindi. Məgər Dollinin uşaqlarına qarşı sevgisinə şübhə etmək olarmı? Və ya uşaqlara sevgi xatirinə edilən qurbanlar hədər ola bilərmi? Ananın uşaqlara qarşı sevgisi müqəddəs hiss hesab edilir, bəs müqəddəs olan nədənsə şübhələnmək və ya qınamaq olarmı? Müqəddəslər sayca azdır. Ona görə də sevginin Tolstoyun təsvir etdiyi dərəcəsi ancaq heyranlıq və bənzətmə həvəsi yarada bilər, bu isə müxtəlif tənqidçilərin qiymətləndirməsində müşahidə edilir.
T.Proskurinanın mövqeyindən baxsaq, Dollinin hərəkətləri provoslavlıq normaları ilə tam olaraq uzlaşır: "Dolli Stiva ilə boşanma haqqında xəyal belə qurmur. O bilir ki, ailəni qorumaqla müqəddəs borcu yerinə yetiirir. Təsadüfi deyil ki, provoslav yazılarda qadının qarşısına bütün norma və qaydalara riayət olunması barədə ən ciddi tələblər qoyulur. Və Şerbatskilərin ailəsində hökm sürən nigah haqqında həmin dini və qədim mənəvi təsəvvürləri onların qızı Dolli tam mənimsəmişdir. O, ailənin mövcudluğu xatirinə özünün təhqir edilməsinə göz yummağa hazırdı, çünki "uşaqlara bu cür yaxşı olacaq”.”
Amma dahinin xəyal məhsulu onun şəxsi ideyaları ilə hər zaman uzlaşmır. Və Tolstoyun romanda Dolli və onun ailəsi haqqında bildirdiyi ideal ana konsepsiyasını bütünlüklə qəbul etməyə imkan vermir. Bəli, Dolli uşaqlara sevgisi barədə çox danışır. Onlar haqqında düşünərək yaşayır. Uşaqlarla ünsiyyət Dolliyə az qala fizioloji həzz verir.
Dolli gözəl geyimli, təmiz uşaqlarla fəxr edir, onları ətrafdakılara nümayiş etdirməkdən isə xüsusi zövq alır. "Onlara tez-tez baxanda o, özünü yanıldığına inandırmağa çalışır, bunun üçün bütün mümkün cəhdləri edirdi. O, ana kimi öz uşaqlarına bağlıdır. Altı uşağın hər biri gözəldi. Və o, uşaqları ilə fəxr edirdi”.
Lakin Dollinin uşaqları uğrunda verdiyi bütün mənəvi qurbanlar nəticəsində elə uşaqlar özləri əsas zərərçəkənlərə çevrilir. Dolli uşaqlarını ana məhəbbətinin illüziyasından kənar gördükdə başa düşür ki, uşaqlar onun düşündüyü qədər də yaxşı deyillər.
Özündən və vəziyyətdən narazı olduğu anlarda Darya Aleksandrovna perspektivləri ayıq başla, xəyala qapılmadan qiymətləndirir.: "... və bədbəxt, yaxşı tərbiyə edilməmiş və yoxsul uşaqlar böyüyəcək. Və indi Levinlər olmasaydı, bilmirəm biz necə dolanardıq. Əlbəttə, Kostya və Kiti o qədər nəzakətlidirlər ki, biz heç nə hiss etmirik. Amma bu, belə davam edə bilməz”.
İdeal ana Dolli öz uşaqlarını yoxsulluğa və qohumların yardımından asılı vəziyyətə düçar edərək mirasdan məhrum edir. Uşaqların gələcəyini düşünən Dolli "xeyirxah adamların” köməyinə ümid bəsləyir. Həmin "xeyirxah adamlar” oğlanlara təhsil almaqda və ev tapmaqda kömək edəcəkdi. Qızlar isə "yaxşı namizəd”ə ərə getməyə məcbur olacaq, ya da sığınacaq əldə edəcəkdilər...
Romanda Stanislav Arkadyeviçin xalası, knyaginya Varvara obrazı var. Dollinin ondan xoşu gəlmir. "Knyaginya Varvara onun ərinin xalası idi. Dolli onu çoxdan tanıyır və hörmət etmirdi. O bilirdi ki, knyaginya Varvara bütün həyatını varlı qohumlarına sığınaraq keçirmişdir. Amma onun indi Vronskinin – yad insanın evində yaşamasını (ərinin qohumu olduğuna görə) özü üçün də təhqir hesab edirdi”. Görünür, Dollinin knyaginya Varvaraya qarşı mənfi hissləri onların vəziyyətinin müəyyən qədər uyğunluğu səbəbindəndir. Həmin zaman Darya Aleksandrovna bacısının ərinin mülkündə uşaqları ilə yaşayır. Səbəb təkcə doğması ilə yaxın olmaq arzusu deyil, onun maddi imkanı aşağıdı və bu yolla qənaət etməyə məcburdu. Onun uşaqlarının da bu cür sığınacaqda qalmaq riski var. Lakin uşaqların müdafiəsi üçün Darya Aleksandrovna heç bir təşəbbüsə yol vermir. Onun sevgisi çox qəribədir.

Ulıbina Yelena Viktorovna
psixologiya elmləri doktoru, professor
Mənbə: "Voprosı literaturı”
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər