• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Doha “tamaşası”nın gizlinləri

20.04.16 10:40 2401
Doha “tamaşası”nın gizlinləri
Doha görüşü başa çatsa da, müəmma və gərginliklər səngimir. Rusiyanın, eləcə də, Qərbin kuluarlarında Dohada danışıqlarının uğursuz keçməsi planının əvvəlcədən işlənib hazırlanması barədə müzakirələr gedir. İddialara görə, nə İran, nə də Səudiyyə Ərəbistanı heç dempinq müharibəsinin dayandırılmasına maraq belə göstərməyiblər. Baş verənlərlə bağlı bir neçə versiya irəli sürülür. Birinci versiya bundan ibarətdir ki, Səudiyyə Ərəbistanı nümayişkaranə şəkildə qapıları çırpıb getmək və bununla da yeni neft böhranı yaratmaq istəyib. İkinci versiya isə budur ki, İran Dohada Ər-Riyada dollar və mövqe zərbələri endirmək istəyib. Ola bilsin bu və digər tərəf neftin bir barelinin qiymətinin 20 dollardan aşağı düşməsinə çalışıb. Ekspertlər həmçinin, üçüncü versiya barədə də danışırlar. Bu versiya isə budur ki, bütün ixracatçı tərəflər düşünülmüş şəkildə onlar üçün hazırlanan tamaşada rol oynayıblar. Dohada yaşananlardan dərhal sonra neftin bir bareli 6 faiz azalıb, qiymət isə 41 dollardan aşağı düşdü. Ardınca da, rubl dəyərdən düşməyə başlayıb. Doha uğursuzluğu ilə bağlı mübahisələrdə əsas xətt belədir ki, hər şey ssenariyə uyğun olub. “Əsas ixracatçılar Dohada idi. Lakin əvvəldən aydın idi ki, İran və Səudiyyə Ərəbistanı barışmaz düşmənlərdir. Bu zaman belə bir sual meydana gəlir – nəticəsi bəlli olan belə bir görüşü keçirməyə nə ehtiyac var idi?” - deyə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır. Nəticələrlə bağlı danışan Rusiyanın energetika naziri A.Novak bildirib ki, dondurulma ilə bağlı razılaşma iki ay idi ki, hazırlanırdı. Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və Venesueladan olan ekspertlər onu razılaşdırmışdılar. Lakin danışıqlar başlanan gün qəfildən bəzi üzvlər mövqelərini dəyişdilər. Tələb də bu oldu ki, bütün üzv dövlətlərin, o cümlədən kartelə daxil olmayan ixracatçı ölkələrin iştirakı da təmin edilsin. Çox güman ki, Kolumbiya və Norveç nəzərdə tutulub. Tələbi isə Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt irəli sürüblər.
Ekspert və məmurlar da Dohadakı danışıqların uğursuz nəticələnməsi ilə bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıblar. Məsələn, A.Novak bildirib ki, Doha uğursuzluğu Rusiya üçün problem deyil. Öz növbəsində “Goldman Sachs”ın analitikləri yaxın gələcəkdə OPEC-ə üzv ölkələrin neftin ixracını artıracaqlarına ümid etmirlər. Onların qənaətincə, bu ilin üçüncü rübü ərzində neft defisiti gəzlənilmir. “JBC Energy”nin ekspertləri isə hesab edirlər ki, Dohadakı uğursuzluq bazarda qiymətlərin enməsinə gətirib çıxarmayacaq.
Bir qədər bədbin proqnozlar da var. Məsələn, “Barclays” analitik mərkəzinin mütəxəssisləri hesab edirlər ki, bu ilin ikinci rübündə Brent markalı neftin bir bareli orta hesabla 36 dollar təşkil edəcək. Onlar xəbərdarlıq edirlər ki, Doha danışıqlarının uğursuzluğu növbəti dəfə investorları OPEC-in bazarı sabitləşdirmək planlarında gərəksiz qurum olduğuna bir daha inandırmış oldu.
Nəhayət, Rusiya prezidentinin müşaviri Sergey Qlazqo bəyan edib ki, neft ölkələrinin kartelinin (OPEC) özünü necə aparacağından asılı olmayaraq, indi və gələcəkdə neftə tələbatda hansısa bir dəyişiklik gözləmək olmaz. O qeyd edib ki, artıq dünyada neft erası başa çatır və hamı bərpa olunan enerji mənbələrinə keçir.
Qərb mətbuatında da Doha uğursuzluğu ilə bağlı müxtəlif versiya və fikirlər yayımlanır. “Səudiyyə Ərəbistanının neft hasilatını dondurmaq üzrə danışıqları boşa çıxarması krallığın neft siyasətindəki dəyişikliyi təsdiqləmiş oldu. Səudiyyə on illər boyunca neftdən diplomatik silah kimi yararlanmadığını eşitdirirdi. Ancaq ötən bazar Dohadakı danışıqlarda Ər-Riyad İranla münaqişədə tərəf kimi davrandı” - deyə “Reuters” agentliyinin bazar təhlilçisi Con Kemp yazır. Müəllifin fikrincə, Səudiyyə hasilatla bağlı heç bir məhdudiyyətə, hətta onu rekord səviyyədə dondurmağa da razılaşmayacaq. Onlar tələb qoyurlar ki, gərək İran da eyni təkliflə razılaşsın. Tehransa hasilatı sanksiyalardan əvvəlki həddə çatdırmağı hədəfləyir: “Mövqeyində israr edən Səudiyyə danışıqları iflasa uğratdı və nəticədən razı qaldı. Ər-Riyad neftin ucuzlaşmasına, bütün istehsalçıların az gəlir əldə etməsinə razılaşar, amma rəqibinin gəlirini artıracaq razılaşmaya yox”. Bəzi təhlilçilərin qənaətinə görə, krallıq neftin belə tez və sürətlə bahalanmasından təşvişə düşüb. Axı bundan ABŞ-dakı və digər istehsalçılar qazanmış olur. Digər tərəfdən, qiymətin qalxması Səudiyyə Ərəbistanı ilə müttəfiqlərinin bu qədər əziyyətlə gerçəkləşdirdikləri bazarın yenidən optimallaşdırılması siyasətini riskə atır.
Müəllif yazır ki, bütün hallarda, neft siyasəti krallığın İranla münaqişəsinin bir parçasına çevrilib. Tərəflərin acı konflikti artıq neft bazarına da keçib: “Qiymətin bahalanmasını istəyən digər istehsalçılardan fərqli olaraq Səudiyyə Ərəbistanı, öz iqtisadiyyatına ziyan dəysə belə, daha aşağı qiymət riskinə getməyə hazırdır, təki İrana daha artıq zərbə vursun”.
“Rosbalt” isə yazır ki, neft bazarının tarazlaşdırılması üzrə danışıqların pozulması Rusiyanın əcnəbi tərəfdaşlar tərəfindən anlaşılması baxımdan ümidlərinin daha bir iflası oldu: “Aylarla davam edən diplomatik səylərə baxmayaraq, Moskva OPEC-də qarşılıqlı anlaşmaya nail ola bilmədi və indi daha çox qənaət etməli olacaq. Dohada OPEC təmsilçilərini və Rusiya daxil olmaqla müstəqil istehsalçıları toplamış beynəlxalq konfransın iştirakçıları hasilatın azaldılması haqda razılığa gələ bilmədilər. Bazarda “qara qızıl” azalmayacaq, deməli, qiymətinin artımı da baş tutmayacaq”.
Nəşrin sonda gəldiyi qənaət budur ki, Doha danışıqlarının iflasından sonra “uzuc neft” dövrünə hazırlaşmaq lazımdır.
Azər
banner

Oxşar Xəbərlər