AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dmitri Savelyev: Azərbaycanın qarşısında nadir imkanlar yaranır

Dmitri Savelyev: Azərbaycanın qarşısında nadir imkanlar yaranır

Müsahibə
01 İyun 2021, 21:45 669
Respublika Günü 1918-ci ildə öz ölkəsinin müstəqilliyini elan etmiş Azərbaycan xalqının tarixində ən mühüm hadisələrdən biridir. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində müstəqil Azərbaycanın uğurları və Rusiya ilə münasibətləri barədə söhbət açır.

- Dmitri İvanoviç, Siz son 30 ildə müstəqil Azərbaycanın inkişafını necə xarakterizə edərdiniz?
- Azərbaycan Respublika Gününün növbəti ildönümünü öz tarixi torpaqlarını özünə qaytarmış qalib dövlət kimi qürur hissi ilə qarşılayır. Bu gün Azərbaycan tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətlərdən biridir. Siyasi müstəqillik iqtisadi müstəqilliyinin nəticəsi olub. Sənayenin və aqrar sektorun inkişafı, neft və qazın nəqli, dəmiryol kommunikasiyalarının nizamlanması ilə bağlı genişmiqyaslı layihələrin həyata keçirilməsi sayəsində Azərbaycanda sanballı iqtisadi potensial formalaşıb.

- Koronavirus pandemiyası Rusiya-Azərbaycan əlaqələrinin inkişafına necə təsir edib?
- 2020-ci ildə pandemiya səbəbindən qarşılıqlı əmtəə dövriyyəsi bir qədər azalmışdı, lakin indi bu göstərici sürətlə bərpa olunur: cari ilin birinci rübündə ölkələrimiz arasında ticarətin həcmi 3,5 faiz artaraq təqribən 680 milyon dollara bərabər olub. Lakin təəssüf ki, sərhədlərin bağlanması bir sıra mühüm tədbirlərin, məsələn, Bakıda Regionlararası Forumun, Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin və Gənclik Təşəbbüsləri Forumunun keçirilməsinə imkan vermədi. Bununla belə, düşünürəm ki, tezliklə qarşılıqlı fəaliyyətin adi formatına qayıda biləcəyik. Rusiyadan Azərbaycana 40 min doza "Sputnik V” vaksini tədarük edilib. Bu, 300 min doza vaksin tədarükü barədə bağlanmış müqavilə çərçivəsində ilk partiyadır. Rusiya vaksininin Azərbaycanda istehsal edilməsinə dair danışıqlar gedir. Bu, əhalinin vaksinləşdirilməsini daha da fəallaşdırmağa imkan verəcək. Normallaşmanın ilk əlamətləri artıq hiss edilir: Sankt-Peterburq və Orenburqdan, Krasnoyarsk və Samaradan, həmçinin Nijni Novqoroddan Bakıya aviareyslər bərpa olunur.

- Son hadisələr göstərir ki, dövlətlərarası münasibətlər distant formatdan ənənəvi formata qayıdır. Siz bu barədə nə fikirdəsiniz?
- Həqiqətən, İqtisadi məsələlər üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclası uğurla keçdi, Azərbaycanın Baş naziri Əli Əsədovun Moskvaya səfəri isə müxtəlif sahələrdə rəqəmsallaşma məsələlərinə həsr edilmişdi. Həmin səfər çərçivəsində fitosanitar xidmətdə elektron sistemlərin inteqrasiyası və gömrük müşayiəti barədə sazişlər imzalanıb. Şübhəsiz, bu sazişlər ticarətdə maneələri azaltmağa imkan verəcək. Fərəhli haldır ki, həm Rusiya, həm də Azərbaycan tərəfi qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək və möhkəmləndirmək əzmindədir. Yüksək səviyyəli növbəti görüş çərçivəsində imzalanacaq yeni sənədlər paketi üzərində iş aparılır.

- İki ölkənin iqtisadi sahədə əməkdaşlığında hansı yeni meyilləri qeyd etmək istərdiniz?
- Pandemiya şəraiti, eyni zamanda, yeni reallıqlar və yeni imkanlar da yaradıb. Rusiya-Azərbaycan ticarətində qeyri-xammal məhsulların nisbi payının artırılması, habelə müştərək istehsalat zəncirləri yaratmaq meyili müşahidə olunur. Buna nümunə kimi QAZ markalı yük avtomobillərinin yığılması, helikopterlərə xidmət mərkəzi, "Rostselmaş” taxılyığan kombaynların yığılması üzrə istehsalat sahələrinin işə başlamasını göstərmək olar. Azərbaycanın aqrar mütəxəssisləri ilə Rostov-Dondakı zavodun əməkdaşlığını xüsusi qeyd etmək istərdim. Azərbaycanda 9 iqlim zonası var və bizim konstruktorlar yeni texnika yaradarkən həmin zonalardan hər birinin xüsusiyyətlərini nəzərə alırlar. Məsələn, "TUKAN” adlı çeşidləyici press qurğusu məxsusi olaraq dağ yamacları və çala-çuxurlu ərazi üçün modifikasiya edilib. Rostovlular cari ildə Azərbaycana 80 vahid qoşma və asma texnika göndərəcəklər. 2020-ci ildə belə əməkdaşlıq sayəsində ölkələrimiz arasında aqrar-sənaye kompleksi məhsulları dövriyyəsi 6 faiz artıb.

- Sizin fikrinizcə, Azərbaycanın özünə qaytardığı torpaqlarda bərpa işləri Rusiya-Azərbaycan iqtisadi əlaqələrinə necə təsir göstərəcək?
- Mən müharibədən sonrakı dövrdə yaranan yeni imkanları yuxarıda qeyd etdim. Azərbaycan işğaldan azad edilmiş ərazilərin inkişafına 2021-ci ildə 2,2 milyard manat sərmayə qoyulmasını nəzərdə tutur. Bu isə əməkdaşlıq və qarşılıqlı ticarət üçün nadir imkanlar deməkdir. Məsələn, azərbaycanlı inşaatçılar və yolsalanlar çuqundan və poladdan hazırlanmış məmulatlar, su qızdırıcı qazanlar, metal və plastik tor tədarükündə çox maraqlıdırlar. Bu məhsullar Bryansk vilayətindəki müəssisələrdə hazırlanır. Onu da nəzərə almaq lazımdır ki, indi Azərbaycanda eyni vaxtda 3 aeroport tikilir, yüzlərlə kilometr uzunluğunda dəmiryol və avtomobil yolları salınır. Rusiyanın 80-ə yaxın regionunun Azərbaycan ilə əməkdaşlıq etdiyini nəzərə alsaq, bu tədbirlərin multiplikativ effektinin ölkələrimizin iqtisadiyyatı üçün nə dərəcədə əlverişli olacağını təsəvvür etmək çətin deyil.