• cümə, 19 Aprel, 23:45
  • Baku Bakı 24°C

Distant təhsilə keçilsə, 500 mindən çox şagird və tələbə tədrisdən kənar qalacaq

19.10.21 12:14 270
Distant təhsilə keçilsə, 500 mindən çox şagird və tələbə tədrisdən kənar qalacaq
Tamamilə distant təhsilə keçid edilsə, onlayn dərslərə qoşulmaq üçün avadanlıqları olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq.
BunuTrend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, onlayn dərsləri tələb edənlərin böyük əksəriyyətinin istəyi subyektivdir:
"22 sentyabra qədər sosial şəbəkələrdə hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin.
İndi isə tam əksi baş verir. Təhsil alanların böyük əksəriyyəti tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına tam şəkildə riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafəsi gözlənilir, nə də dezinfeksiya tədbirləri görülür. Əgər təhsil müəssisələrində dərslər dayanıb onlayn-distant tədrisə keçirilsə, 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu, daha təhlükəlidir. Hansı ki, təhsil müəssisələri fəaliyyət göstərəndə 1,6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlamaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər təcrid olunur".
Ekspert yoluxmaların artması fonunda tədrisin hansı qaydada keçirilməsi ilə bağlı təkliflər də verib:
"Təklif edirəm ki, hal-hazırdakı vəziyyət qalsın. Dərslər davam etsin. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün distant dərslər təşkil edilsin. Amma daha "Microsoft Teams" platformasında, kamera və mikrofonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan. Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi "blackboard" proqramı ilə. Belə ki, kamera və mikrofon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya "qayıb" yazılır. Müəllim də dərsdən orta məktəbdə 45, universitetdə 80 dəqiqədən tez çıxdıqda, dərs keçirilməmiş hesab edilir, əmək haqqı yazılmır.
Hesab edirəm ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən gedib valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir".
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85 626 sinif var. 22 sentyabrdan ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif COVID-19-a yoluxma faktına görə 14 günlük distant təhsilə keçib. Distant təhsilə keçən siniflərin sayı 0.4 faiz ətrafındadır. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var.
banner

Oxşar Xəbərlər