• çərşənbə axşamı, 19 mart, 08:41
  • Baku Bakı 8°C

"Dirilmə" romanında insan və həyat konteksti

17.06.19 11:00 2142
"Dirilmə" romanında insan və həyat konteksti
Tolstoy yaradıcılığı ümumiyyətlə patriarxal rus xalqının dünyagörüşünü özündə ehtiva edən bir universumdur, həyat mənzərəsidir. Tolstoy XIX yüzillikdə rus kəndlisini, onun düşüncə və yaşam tərzini ideallaşdıran son rus yazıçısıdır. Tolstoy I Pyotrdan başlayaraq Rusiyada yaranmış, Şpenqlerin dediyi kimi, "rus metamorfozu” hadisəsidir. O, bu metamorfozun içində küncə sıxışdırılmış patriarxal rus kəndlisini, onun düşüncə mədəniyyətini, milli əxlaqını bərpa etmək, üzə çıxarmaq məqsədi ilə tarix və ədəbiyyat yaratmış bir yazıçıdır. Tolstoy yaradıcılığı bu metamorfozun içində yox olmaq təhlükəsi ilə üz-üzə qalan milli mədəniyyət kodlarını arındırmaq, onları bütün Rusiyaya – dövlətdən cəmiyyətə, ailədən fərdlərə qədər hər kəsə qazandırmaq məqsədi daşıyırdı.

Tolstoyun "Dirilmə” romanını onun bədii düşüncəsində baş verən böhranın nəticəsi hesab edən ədəbiyyatşünaslar, əslində, yanılırlar. "Dirilmə” romanı Tolstoyun timsalında rus ziyalılarının son naləsidir, hayqırtısıdır, Allahın səltənətinin nə anlam daşıdığının axtarışıdır, son məqam olaraq insan qəlbini bərpa etmək istəyidir. 1889-1898 illərdə, yəni on il ərzində fasilələrlə yazılan roman böyük və acı bir Rusiya mənzərəsi idi. İnsan və cəmiyyət, xalq və hakimiyyət, xeyir və şər, günah və cəza, Allah və insan, təbiət və cəmiyyət, daş və çiçək , yaşlı insan və uşaq, inam və Kilsə, eqoizm və özünüfəda, xoşbəxtliyin miqyası və təvazökarlıq – Tolstoy "Dirilmə” romanında saydığımız və saya biləcəyimiz bir çox ziddiyyətlər üzərindən diskurs yaradır, "insan nədir”, "Allaha münasibəti necə olmalıdır”, "insan gücünün sərhədləri hardadır” kimi suallarla qarşımıza çıxır. Nəzərə alsaq ki, roman ailə, cəmiyyət, dövlət – heç biri yaxşı, yüksək əxlaqlı insan yetişdirməyə səy göstərmədiyi bir zamanda yazılırdı (bu mövzular romanda geniş əksini tapmışdır), Tolstoyun insana xilas yolunu göstərmək istəyini onun özü və bəşəriyyət qarşısında uca və çətin vəzifəsi kimi dəyərləndirmək olar.
Tolstoyun romanı bütünlükdə insan qəlbinin dirilişinə həsr olunmuşdur. Romanda baş verən bütün hadisələr iki qəhrəmanın – kişi və qadının – varlıqdan yoxluğa, həyatdan ölümə və əksinə, yoxluqdan varlığa, ölümdən həyata dönüşünü təsvir edir. Yoxluğa gedən yol çox qısa və tez baş verir. Diriliş isə çətin, uzun, amma çox incə və qaçılmaz, vazkeçilməz yol olaraq təsvir edilir. Ölüm nədir, bunu anlamaq üçün öncə həyatın nə olduğunu bilmək vacibdir. Təbii ki, mövzu fiziki ölüm və ya fiziki dirilmə deyil, mövzu ruhən, mənəvi ölümdür və ya ruhən, mənəvi dirilmədir. Tolstoyun Allah səltənətini insanın qəlbində axtarması bütün yanlışların insanın özünə bağlı olması ideyasını önə çəkir, nəticədə, insanın həyat qarşısında məsuliyyəti onun ontoloji "mən”i qarşısında məsuliyyəti kimi dəyərləndirilir.
Roman iki qəhrəmanın – Katerina Maslova və Dmitriy Nexlyudovun – həyat hekayəsi üzərində qurulmuşdur. Birincisi – rus xalqının milli mentalitetinin daşıyıcısı kimi, ikincisi isə–- rus zadəgan dünyagörüşünün bütün cəhətlərini ifadə edən, Tolstoyun tərcümeyi-halına yaxın bir obraz kimi təsvir olunur. Onun timsalında Tolstoy qurtuluşa can atan, xalq təfəkkür mədəniyyəti ilə bütünləşməyə çalışan, təhtəlşüurunda rus sobor düşüncəsini fəth edərək, yeni və əbədi həyata yol alan bir rus zadəganının ümumiləşmiş obrazını yaradır. O, heç zaman Katyuşa kimi sevə bilməz. O, Katyuşa ilə evlənmək istəyərkən belə, onu deyil, özünü sevir, öz qürurunu xilas etmək istəyir. Katyuşa Nexlyudovun bu "qurbanını” qəbul etmir. Onu əfv edir, onu özü və Allah ilə son görüşü üçün azad buraxır, vicdan əzabı çəkməsini deyil, daxilən bu günah hissindən qurtulmasını istəyir. Onun fitrətində xalqdan qaynaqlanan yaradıcılıq eşqi vardır, yaşatmaq gücü, xilaskarlıq, köməyə yetişmək istəyi vardır. Bu xidmət "dost yolunda” öz ürəyini qoymağın, sevgidə fədakarlığın vasitəsilə həyata keçirilir. Nexlyudov bu mədəniyyəti ən böyük lütf adlandırır və özü də bu xidmət yoluna qədəm qoyur. Bu yol ruhani yoldur, mənəvi yoldur və o, insanı çoxaldır, böyüdür, yeniləyir, dirildir və "öz”ünə və Allaha geri qaytarır. Allah insanın yanında deyil, onun qəlbindədir. Təsadüfi deyildir ki, Tolstoy romanda tez-tez "qəlbin dərinliyi”, "vicdan”, "qəlbin təmizlənməsi” kimi ifadələri dilə gətirir.
Dünya insanın görə biləcəyi miqyasdan, ölçüdən və mənzərədən fərqli olaraq, daha genişdir, dərindir və ya ümumiyyətlə, başqadır. İnsanların bir hissəsi üçün, məsələn, Peterburqda "yığışan” ("yaşayan” deyil) bir neçə yüz min insan üçün, dünya kökünü, keçmişini, mənəvi varlığını unutdurmağa, insan olmaq məsuliyyətindən uzaq durmağa imkan verən bir məkan ola bilər. Bu məkan romanın əvvəlində yaşanılmaz hala gətirilimiş sadəcə bir tapınağı, sığınacağı xatırladır. Bura torpağın bağrına daşlar basılmış, yaşıllığın boy atması mümkünsüz, ağacları kəsilən, heyvanları, quşları yox edilən bir şəhərdir. Neft və daş kömür tüstüsündə boğulan bu məkana Tolstoy başqa müstəvidən baxır. O, baharı, torpağa döşənmiş daşların arasından boy verən otları görür. Onun gördüyü cənnət mənzərəsinin sakinləri təbiət və uşaqlardır. Fitrətində həyat olan, günəşə sevinən bu təbiət və uşaqlar dünyasına qarşı başqa bir dünya da var: böyük, yaşlı adamların, özlərini və bir-birilərini aldatmaqdan və incitməkdən doymadıqları dünya. "Adamlar elə hesab edirdilər ki, mühüm və müqəddəs olan şey bu yaz səhəri deyil, Allahın yaratdığı dünyanın bütün məxluqata bəxş etdiyi bu gözəllik deyil, – insanı dincliyə, ünsiyyətə, məhəbbətə sövq edən bu gözəllik deyil, – onların bir-birinə ağalıq etməsi üçün uydurduqları şeylərdir”, – Tolstoy romanın ilk səhifəsində bu cümləsi ilə, əslində, İncil ayələrindən ibarət dörd epiqrafdan sonra beşinci epiqrafın müəllifi kimi çıxış edir.
Böyümək – bilavasitə təbii varlığından uzaq düşməkdirsə, günəşin, səhəri , işığın müqəddəsliyinə inanmamaqdırsa, ilahi lütfdən uzaqlaşmaqdırsa, bu, yeni bir dünyadır, yeni bir səltənətdir. Bu, insanların hökm etdikləri və bir-biri üzərində gözəlliyi və sevgini yox etmək üçün yarışa girdikləri yanlış və yalan dünyadır. Tolstoy dünyanın hər iki üzünü görə bilir və "Dirilmə” romanında bunu ifadə etməyə çalışır. Bahar sevinci, həyatın oyanışı sevgi və barışı ifadə edir, əslində, hər başlanan gün, açılan sabah Allahın əksidir, ifadəsidir. Tolstoy düşüncəsinin, dünyaya baxışının ən mühüm görünən və bir o qədər də görünməyən cəhəti bütün varlıqları bir nöqtədə birləşdirməsidir. O nöqtə, o məkan insanın özünə aiddir. O nöqtə insanın baxış bucağıdır, mənəvi dəyərlərin dərk etmək və seçmək üçün insan şüurunun azadlığı məsələsidir. Görünməyən, amma böyük məkan, Allahın yaratdığı gözəlliklər qədər böyükdür və insan istərsə, görə bilməyi asan olan o cəhət əzəlidir. Qəlbimizdə və ətrafda Allahın səltənətini dərk etmək üçün lazım olan o an – bu andır, və o, hər zaman insanın özünə aiddir. İnsanın əsl, həqiqi həyatı onun mənəvi varlığıdır, ruhani yaşamıdır və onu yaşatmaq, oyandırmaq nə keçmişə, nə də gələcəyə aid deyil, indiki zamana, indiki məqama bağlıdır.
Bütünləşmə, təbiətin və insanın birliyi həm də sonuncunun xilas yoludur. Bütün dünyada varlıqlar bir-biri ilə sevgi bağları ilə bağlanmışlar. Tolstoy dünyanı birləşdirən və bizə estetik təsir bağışlayan varlıq duyğusunu, bu böyük bağ hissini təhtəlşüur məqamında, sübuta ehtiyacı olmayan immanent həqiqət kimi təqdim edir. Təbiət və uşaqlar üçün müqəddəs və mühüm olan bu bahardır, sevgidir, açılan sabahdır, günəş nurudur, daşların içindən boylanan yaşıllıqdır, inamdır. Cəmiyyətin qanunları ilə yaşayanlar üçün isə müqəddəs və mühüm olan onların məqsədidir. Məqsəd və inam - birincisi insanı bağlardan qoparan, onu təkəbbürlü edən bir nəsnədir; ikincisi isə - mənəvi bağları quran, insanın öz qəlbində ilahi düzən yaradan bir başlanğıcdır, gücdür.
Nexlyudov Katerinanı ilk dəfə gördükdə ona saf, təmiz duyğularla aşiq olur, çünki özü də gözlə görünməz mənəvi başlanğıcın, bütöv qəlbin daşıyıcısıdır. O, insana Allah təcəlləsi kimi bir baxış içərisindədir. O, pul nədir, pulun məqsədi nədir, bilməzdi. Lakin üç il keçdikdən sonra, Nexlyudov artıq cəmiyyətdə öz "vəzifəsini” bilən və onun qanunlarına uyğun yaşayan birinə çevrilmişdir, o pulun içki və gözəl qadınlarla əylənmək üçün, bahalı əşyalar alıb onların soyuq və ruhsuz gözəlliyində başqalarını unutmaq, yox etmək üçün vasitə olduğunu təcrübədən keçirmişdir. Və artıq onun üçün əhəmiyyətli olan eşqin sirri deyil, bir kəndli qızını aldadaraq, ona yüz rubl verib, sonra isə onu unutmağı bacarmaqdır.
Roman insanın daxilindəki etik dualizmi əks etdirən mənzərələrlə qarşımıza çıxır: baharın gəlişi və jandarm konvoyu altında məhkəməyə aparılan Katyuşa Maslova. Onun haqqında oxucuya heç bir məlumat verilmir, amma göyərçinlə görüş səhnəsi yazıçının bildiyi ən böyük həqiqəti bizə açıqlayır: dirilmə labüddür, Katyuşanın üzünü güldürən göyərçinin qanadlarından əsən rüzgar, əslində, İlahi nəfəsdir, qəlbin dəriliyində susqunluğunu qoruyan Allahdır.
"Dirilmə” romanının artıq ilk səhifəsində Tolstoy oxucunu seçim qarşısında qoyur – müdafiəsiz, özünü təsdiq etmək üçün çaba göstərməyən təbiətin varlığı – bitkilər, quşlar, həşəratlar və uşaqlar. Onlar kimi təvazökar, barış, hüzur, şükür məntiqi ilə yaşamaq, sevgiyə açıq olmaq, ona möhtac olmaq və əslində, onu yaşatmaq, çoxaltmaq, sevgidən doğan yeni, bilinməyən üfüqləri açmaq. Bu heç də bəsit, vərdiş şəklini almış yaşam demək deyildir. Əksinə, bitkilər, quşlar, həşəratlar, ağaclar və uşaqlar – doğruluq, mürüvvət, təmizlik, insaf şəklində təbii olaraq insana verilmiş, onu yaradan cəhətlərdir. Bu cəhətlər ontoloji olaraq həyata yaxındır, çünki sadədir, öz varlığını zahirən büruzə vermir. Ağaclar, quşlar və uşaqlar qədər safniyyətli olmaq – həqiqət naminə öz "mən”ini kiçiltmək, öz "mən”inə yenidən başqa bir baxış bucağından baxa bilmələri üçün, etiraf yoluna, təbiətin ilkin saflığına, təmənnasızlığına, ideala, ilahi mahiyyətə dönmələri üçün Tolstoy Dmitri Nexludovu və Katyuşa Maslovanı bir dialoq üzərindən yola çıxarır. Yazıçı "mənəvi aləm” və "heyvani varlıq”, "o zaman” və "indi” (I hissə, XIII fəsil) anlayışları üzərindən hər iki qəhrəmanın dərin psixoloji sarsıntılarını təsvir edir, oxucunu həqiqət arayışlarının şahidinə, izləyicisinə çevirir.
Tolstoy varlığı bir sevgi, səadət mənbəyi kimi təsdiq edir. Yenidən doğuluş hər zaman mümkündür, çünki bu bir xristian missiyasıdır, bu missiyanın ən öndə gedən nümunəsi İsa Məsihdir, o, Ustaddır. Təsadüfi deyildir ki, əsərə seçilmiş dörd İncil ayəsinin biri şagird-ustad münasibətləri mövzüusundadır. Ustad İsa Məsihdir, hər kəs kamilləşərək onun kimi ola bilər. Tolstoyun təsvir etdiyi Rusiya gerçəkliyi bu doğuluş, diriliş məqamından uzaqdır. Daxili intuisiya ilə dərk olunan həqiqət hissi quberniya məhbəsində, üfunətli zindanlarda, Peterburqun daşlı küçələrində, zənginlərin saraylarında, məhkəmə salonlarında müqəddəs və mühüm hesab olunan "dəyərlərdən” fərqli olaraq başqa ölçüdədir, başqa paralellərdədir, mifoloji və dini miqyas daşıyır.
Tolstoyun romanında insan azad seçim qarşısına çıxarılır. Həqiqətin varlığını qəbul etmək və ya etməmək insanın özünə, əxlaqi, etik düşüncəsinə bağlıdır. "Dirilmə” romanı ilə eyni zamanda yazmış olduğu dini-fəlsəfi traktatlarının birində ("Allahın səltənəti içinizdədir”) Tolstoy üç cür həqiqətdən söz açır: 1) tərbiyədən keçən və ya inandığımız adətlərimiz, vərdişlərimiz; 2) təhtəlşüurdan gələn öncədən hiss etdiklərimiz, ürəyə damma deyilir buna; 3) üçüncü növ həqiqətlər isə insanın bilavasitə təhtəlşüuruna yerləşməmişdir, yəni onun fəaliyyətini şərtləndirmir, amma, eyni zamanda, artıq bu və ya digər şəkildə meydana çıxmışdır, zühur etmişdir və insan onları artıq geri qaytara bilməz, yanından ötüb keçə bilməz və o həqiqətləri mütləq ya qəbul etməlidir ya da ki, inkar etməlidir. İnsanın azadlığı elə bu seçimdə üzə çıxır, özünü büruzə verir. Tolstoy bu məqamda, əlbəttə ki, ali, ruhani, "metafizik” həqiqətləri nəzərdə tutur, bu həqiqətlər ilk növbədə Allah, azadlıq və ölümsüzlük düşüncəsi, həmçinin, bir çox dini-fələsəfi "həqiqətlər”i və lütf, yaxşılıq, şər, pislik və s. etik, əxlaqi dəyərləri özündə birləşdirir.
Tolstoyun seçdiyi epiqrafların dördü də İncil ayələridir və onlardan üçü – heç bir insanın başqası üzərində hökm vermək haqqının olmamasını, biri isə – insanın hər şeyi bağışlayan sevgiyə (всепрощающая любовь) sahib olmasını önə çəkir. Çünki siz mühakimə edərkən, öz daxilinizdəkini mühakimə etmiş olursunuz, daxilinizdəkini görməzsiniz, sizi Allah mühakimə edər – Müqəddəs apostol Pavelin bu fikirləri Tolstoya çox yaxındır və Tolstoy özü bu müqəddəsliyi ondan alaraq bir ortodoks missiyasını yerinə yetirir. Mühakimə etmə və kamil olmağa səy göstər. Nexlyudovun həyat hekayəsi bu əxlaqa istinadən yazılmışdır. Təsadüfi deyil ki, Nexlyüdov baş qəhrəman kimi düşünülsə də, sonradan arxa plana keçir, o hər zaman itirilmiş mənəvi insanı axtarmaqla məşğuldur. Bunun üçün o, təmənnasız sevgi naminə, sevməməyi bacarmadığı üçün sevməyi öyrənəcək. İncildən ayələri qəbul olunması mütləq qanunlar kimi deyil, dərk oluna biləcək əzəli məna kimi hiss etdikdə, Nexlyudov yenidən doğulacaq – yaşamaq üçün, həyat üçün. Özünü həyatdan kənarda deyil, həyatın özündən kənarda dayandığını bütün qəlbi ilə hiss edəcək.
Bu hiss onu yeni bir fəaliyyətin başlanğıcına – Rusiya zindanlarında gördüyü amansızlığın, şərin kökünü kəsmək yollarının axtarışına gətirib çıxarır. Utanc hissinin (bu etik qavram romanda geniş semantik anlam daşıyır) nə olduğunu bilmədiyi zamanlarda o, cinayətkar oldu, Katyuşanın həyatını riskə atdı. Utanc hissi onu təqib edəndə isə o, yeni mübarizələrə qalxmağa, cinayətlərin olmaması üçün ciddi addımlar atmağa hazırdır. Nexlyudov köhnə bir sualı cavablandırmalıdır: kimdir dəli? Nexlyudovmu yoxsa daş qəlbli generallar, günahsız insanlara ittiham irəli sürən prokurorlar, hökm çıxaran hakimlər. Doğruları söyləmək üçün özünü dəli kimi qələmə verə qocanı xatırlayır Nexlyudov...
Ağıllı insanlar zavallı xalqa qarşı bu qədər zülmü necə həyata keçirirlər? Bu və digər sualların cavabını Nexlyudov İncildə tapır. Bu, Həqiqət ilə kor-koranə qarşılaşma deyildi. Nexlyudov ehkamları oxuyarkən onların öz qəlbindəki səslərlə, öz qənaətləri ilə bərabərliyini, uyğunluğunu arayır və tapdıqca, sevinirdi. Cəmiyyətin seçdiyi dəyərlər illüziyadır, həyatın "qanun”udur, "norma”dır. Bu "norma” zadəgan həyat tərzini tənzimləyir, lakin patriarxal rus xalqının, mujikin düşüncə mədəniyyətindən, dünyagörüşündən, Allah ilə təmasından uzaq bir tərzdir, varlanmağa, xalqı istismara yönəlmiş bir siyasətdir, qanundur. Rus kəndlisi Allahın lütfünə, övliyaların nümunəsinə (yurodstvo), müqəddəsliyə yönəli həyat qavrayışı içindədir. Nexlyudovun bir mülkədar olaraq öz pay torpaqlarından imtina etməsi və onu xalqa verməsi zadəgan normalarına ziddir. Məhbus Katyuşa ilə evlənmək istəyi, onun qarşısında deyil, Allah və özünün qarşısında günahlarından arınmaq, qəlbini təmizləmək istəyi, qanunsuz olaraq məhbəslərə atılan insanların azadlığa qovuşması üçün verdiyi mücadilə – bütün bunlar illüziyaya qapılmış, amma hakimiyyəti idarə edən zadəgan cəmiyyətinin nöqteyi-nəzərindən "dəlilikdir”, "möcüzədir”, "dəhşətli axmaqlıqdır”. Katyuşanın da sözlərinə görə, xalq yüzillərlə incikdir, xalq yüzillərlə incidilmişdir və buna baxmayaraq o susur, itaət edir, Allaha, insana, həyata, əbədi varlığa inanır. O, buna necə nail olur? Nexlyudov xalqın içinə nüfuz etdikcə, onun mənəvi dəyərlərinə yaxınlaşır. Özündən vaz keçmək bacarığı, başqasında günah axtarmamaq, hər zaman özünü cavabdeh görmək, başqasının günahını bağışlamaq kimi mənəvi dəyərlər romanda Tolstoyun insan və həyat konsepsiyasının bədii ifadəsinə çevrilir. Sonsuz dözüm insanın ölümsüzlüyünü, yəni fiziki deyil, mənəvi ölümsüzlüyünü təmin edən sevgidən başlayır və sevgidə də bitir.
Sevginin İlahi mahiyyətini "İncil”də və qəlbində tapan qəhrəmanın dirilməsi utopiya deyildir.

KəmaləUmudova

banner

Oxşar Xəbərlər