Direktorlara tapşırıq verildi
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə
keçirilən müşavirə başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)
təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli
təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində
səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil
müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.
Müşavirədə BŞTİ-nin
müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və Nərimanov, Nizami,
Səbail, Suraxanı, Sabunçu, Pirallahı rayonları ümumi təhsil müəssisələrinin
direktorları iştirak ediblər. İdarə müdiri müşavirə iştirakçılarını
salamlayaraq, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil
müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə
tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən
və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən
danışıb.
R.Tağıyev ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf
mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin
edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi,
xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində
kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti,
məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş
məlumat verib. Həmçinin, təhsil müəssisələrinin idarəedilməsi işinin
təkmilləşdirilməsi, pedaqoji əməkdaşlığın gücləndirilməsi, məktəblərin ictimai
nüfuzunun artırılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi və digər
müvafiq məsələlərə də toxunub.
İdarə müdiri "Ümumi təhsil sahəsində
2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil
nazirinin əmrinin icrasını təmin etmək məqsədilə "Ümumi təhsildə keyfiyyət ili”
ilə əlaqədar həyata keçirilən inkişafyönümlütədbirlərdən, paytaxt təhsilinin
inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən də
bəhs edib. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə
qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas
hədəflərdən biri olduğunu xatırladan R.Tağıyev məktəb direktorlarının
üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu
vurğulayıb.
Görüşdə məktəb idarəetməsi, təhsilverənlərin fəaliyyət
keyfiyyətinin artırılması, valideynlərlə işin qurulması, təhsil müəssisələrinin
uğurlarının daha dolğun təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin
artırılması kimi məsələlər dəmüzakirə olunub, məktəb direktorlarına müvafiq
tövsiyə və tapşırıqlar verilib. Daha sonra təhsil müəssisələrinin rəhbərlərini
maraqlandıran məsələlərə aydınlıq gətirilib və mövzu ətrafında fikir mübadiləsi
aparılıb.