çərşənbə axşamı, 09 avqust, 12:04

Baku Bakı 27°C

Direktor və direktor müavinlərinin işə qəbulu davam edir

icon 232 icon 01 iyul 2022 | 18:15 Direktor və direktor müavinlərinin işə qəbulu davam edir

2022-2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi işləmək istəyən şəxslərin qeydiyyat prosesi davam edir.

Bu barədə Kaspi.az-a təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər iyulun 13-dək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər. İyulun 20-dək ərizələri təsdiq edilən namizədlər avqustun 1-də baş tutacaq qanunvericilik və məntiqə aid suallardan ibarət imtahanda iştirak edəcəklər.

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqənin nəticələrinə uyğun olaraq müraciət edənlərin vakant yerlərə yerləşdirilməsi isə elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir:

Direktor - ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

Direktor müavinləri – ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Namizədlər vakant yerlərin siyahısı və təlimat videosu ilə onlayn qaydada https://vet.edu.gov.az/az saytı vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.