AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Diplomatik müharibə”

“Diplomatik müharibə”

Təfsilat
23 Aprel 2021, 15:30 364
Qərbin Rusiyaya qarşı təzyiq vasitələri effekt verəcəkmi?
 
Rusiya, tarixinin ən çətin və mürəkkəb dövrünə qədəm qoyub. Baş verən son hadisələr onu deməyə əsas verir ki, Qərbin Kremli küncə sıxmaq siyasəti öz bəhrəsini vermək üzrədir. Şərqi Avropanın ardınca postsovet məkanı üzərində də nəzarəti itirmək üzrə olan Rusiya, bu mövqeyini nəyin bahasına olursa-olsun saxlamaq niyyətindədir. Co Baydenin prezident seçilməsi ilə iki fövqəldövlət arasında münasibətlərdə gərginlik, proqnoz edildiyi kimi, pik həddə yüksəlmiş olub. Son günlər isə Vaşinqtonla Moskvanın münasibətlərində gərginlik yeni fazaya doğru yüksəlir. Kremlin tənqidçisi Aleksey Navalnının səhhəti məsələsi, Ukraynanın şərqinə və ilhaq etdiyi Krıma qoşun yığması, 2014-cü ildə Çexiyada sursat anbarındakı partlayışda Moskvanın roluna dair yeni iddialar gərginliyi daha da alovlandırır. Ötən həftə Co Bayden administrasiyası kiberhücumlar, seçkiyə müdaxilə, Əfqanıstandakı ABŞ əsgərlərinə təhdidlər səbəbi ilə Rusiyaya qarşı sanksiyaları açıqlayıb. Tətbiq olunan maliyyə və iqtisadi sanksiyalar Kreml üçün ağrılı formada davam edir. Vaşinqton ümid edirdi ki, Kreml Ukraynanın işğal altında olan torparları ilə bağlı güzəştlərə gedəcək. Lakin əksinə oldu. Rusiya nəinki geri çəkilir, əksinə bölgədə daha da möhkəmlənməkdə davam edir. Son vaxtlar isə gərginlik diplomatik müstəvidə davam edir və necə deyərlər, "diplomatik müharibə” halını alıb. Moskva Qərb, o cümlədən ABŞ diplomatlarını, qarşı tərəf də rus diplomatlarını "persona non-qrata” elan edir. Rusiya, hətta iki amerikalı nazirin ölkəyə gəlişini qadağan edib. ABŞ-ın ardınca onun Avropadakı ən yaxın müttəfiqləri, Kremlə açıq nifrətini gizlətməyən Polşa, eləcə də indiyə qədər Kremlə loyal olan Çexiya və Bolqarıstan da anti-Rusiya mövqeyini ortaya qoyub. Bu prosesə, hətta Monteneqro da qoşulub və sıranın genişlənəcəyi gözlənilir. Moskva anlamalıdır ki, zor siyasəti, başqasının torpağını işğal altında saxlamaq, münaqişələr yaratmaq siyasəti artıq köhnəlib və dövlətlər bu boyunduruqdan çıxmağa çalışır.
 
Moskvaya qarşı slavyan birliyi

Beləliklə, qayıdaq Rusiyaya qarşı Avropada başladılan "diplomatik müharibə”yə. Gərginlik, Çexiya kəşfiyyatı 2014-cü ildə silah deposunda iki nəfərin ölümünə səbəb olmuş partlayışı Rusiyanın hərbi agentləri ilə əlaqələndirəndən sonra start götürdü. Çexiya Praqadakı Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən qovdu və Moskva da bu qərara kəskin etiraz bildirib, "cavab tədbirləri” ilə hədələdi. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Çexiyanın bu addımı "misilsiz və tamamilə əsassız” adlandırılıb. Bəyanatda vurğulanır ki, Çexiyanın hakimiyyət orqanlarının hərəkətlərində "Amerika izi” aşkar görünür və Çexiya bu hərəkəti ilə hətta okeanın o tayındakı ağalarını da geridə qoyub. "İnterfaks” agentliyi "məlumatlı mənbələrə” istinadən yazır ki, Rusiya Moskvadakı Çexiya səfirliyinin, ümumiyyətlə bağlanması barədə qərar qəbul edə bilər. Çexiyanın baş naziri Andrey Babiş və xarici işlər naziri Yan Hamaçek bu yaxınlarda bəyan etmişdilər ki, 2014-cü ildə ölkənin şərqində baş vermiş partlayışların arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Çexiya bildirir ki, ölkədən qovulan diplomatlar, əslində Rusiyanın məxfi xidmətlərinin əməkdaşlarıdır. Aprelin 17-də Çexiya polisi bildirib ki, iki rusiyalı axtarışa verilib. Məlumatda deyilir ki, bu adamlar sözügedən partlayışlar ərəfəsində Çexiyaya gəliblər. Onların ölkəyə Aleksandr Petrov və Ruslan Boşirovun adına olan pasportlarla daxil olduqları deyilir. Bu da əlavə edilir ki, bu iki nəfər həm də Moldova və Tacikistan pasportlarından istifadə ediblər. Çexiya polisi bildirib ki, Moldova pasportu Nikolay Popa, Tacikistan pasportu Ruslan Tabarovun adına olub. Xəbərlərdə deyilir ki, sözügedən iki rusiyalı, habelə 2018-ci ildə Britaniyada keçmiş casus Sergey Skripal və onun qızının zəhərlənməsində şübhəli bilinirlər. London iddia edir ki, bu iki nəfər Rusiyanın GRU kimi tanınan Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır və onların əsl adları Anatoli Çepiqa və Aleksandr Mişkindir. "Bellingcat” təhqiqat qrupunun nümayəndəsi Xristo Qrozev yazır ki, sözügedən hadisə baş verəndə Çexiyada Rusiya hərbi kəşfiyyatının başqa agentləri də olub. 2014-cü il partlayışları ilə Rusiya xüsusi xidmətlərinin əlaqəsi barədə xəbərlər Çexiyada qızğın müzakirə olunur. Bu da xəbər verilir ki, hətta özünün rusiyayönlü bəyanatları ilə tanınan prezident Miloş Zeman da hökumətin qərarını dəstəklədiyini bildirib.
 
Rusiya Çexiyada sərfəli müqaviləsini itirəcək?
 
Çexiya hökumət buna da işarə edib ki, bu hadisələrdən sonra Rusiyanın "Rosatom” şirkətinə Dukovanı Atom Elektrik Stansiyasının (AES) tikintisinin başa çatdırılması üçün kontrakt veriləcəyi ağlabatan görünmür. Çexiyanın sənaye və ticarət naziri Karel Havliçekin sözlərinə görə, Rusiyanın bu tenderdə iştirakı artıq praktik mənada "istisna olunur”. Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Yan Hamaçek deyib ki, böyük ehtimalla, Rusiya şirkəti tenderin heç ilkin mərhələsinə də buraxılmayacaq, çünki söhbət ölkənin milli təhlükəsizliyindən gedir. AES-in yeni enerji blokunun tikintisi üçün tenderdə, habelə ABŞ, Fransa və Cənubi Koreya şirkətləri mübarizə aparacaqlar. Çexiya bəyan edib ki, Rusiya agentlərinin diversiyaları məsələsini Avropa İttifaqı Xarici işlər nazirlərinin müzakirəsinə çıxaracaq. Çexiyanın NATO üzrə müttəfiqləri və o cümlədən ABŞ Praqanı dəstəklədiklərini bildiriblər.
 
Bolqarıstanda silah tacirinin "zəhərlənməsi”
 
Çexiyada baş vermiş qalmaqal diqqəti, habelə başqa bir ölkəyə - Bolqarıstana yönəldib. Bu ölkədə 2018-ci il, aprelin 28-də Sofiyanın dəbdəbəli restoranlarından birində şam edən Emilian Qebrev qəflətən qusmağa başlayıb və təcili qaydada hərbi hospitala çatdırılmışdı. Bolqarıstandakı EMCO silah ticarəti şirkətinin sahibi Qebrev komaya düşsə də, həkimlər onun həyatını xilas edə bilmişdilər. Qebrevin həmin məclisdə olan oğlu da xəstələnmişdi. Məsələ burasındadır ki, Bolqarıstan xüsusi xidmətləri bu hadisənin səbəbi ilə yalnız üç il sonra İngiltərədə Skripalların zəhərlənməsindən sonra maraqlanmışdılar. Bundan sonra Bolqarıstan xəfiyyələri FTB və Britaniya agentləri ilə birlikdə bu nəticəyə gəlmişdilər ki, Qebrevin avtomobilinin qapı tutacağına naməlum kimyəvi maddə çəkilib. Skripalın zəhərləndiyi vaxt İngiltərəyə səfər edən eyni Rusiya əməliyyatçısı dəfələrlə Bolqarıstana da səfərlər edib. Bu əməliyyatçının GRU-nun 29155 bölümündən olduğu güman olunur.
2020-ci ilin yanvarında Bolqarıstan prokurorluğu Qebrevin iddia olunan zəhərlənməsində şübhəli bilinən üç rusiyalıya qarşı rəsmi ittiham irəli sürmüşdülər. Qebrevin Ukraynaya silah satılmasında iddia edilən rolu axıradək öyrənilməyib. Məlum olan budur ki, onun EMCO şirkəti Ukraynaya silah satılması üçün 2014-cü ildə kontrakt imzalayıb. Lakin Ukrayna Məxfi Xidmətinin keçmiş direktor müavini Viktor Yahun deyib ki, Ukrayna 2014-cü ilin oktyabrında Bolqarıstandan silah almağa çalışıb və Çexiyada silah anbarlarının partlaması da, təxminən həmin dövrə təsadüf edir. Yahun deyib ki, Rusiya kəşfiyyatı tərəfindən zəhərləndiyi iddia olunan Qebrev Ukrayna üçün silahları keçmiş Varşava paktı ölkələrinin birindən və məhz Çexiyadan almağı planlaşdırırdı. Yahun bildirib ki, bu iki hadisənin üst-üstə düşməsini təsadüf saymaq çətin idi. Lakin 2020-ci ilin yanvarında üç rusiyalıya qarşı ittiham irəli sürən Bolqarıstan prokurorları 9 ay sonra bu ittihamlara müəmmalı şəkildə xitam veriblər. Bolqarıstanın Qebrevlə yaxın münasibətlərdə olan keçmiş müdafiə naziri Boyko Noev deyib ki, bu təhqiqatın niyə uzun müddət əngəllənməsi və sonda ümumiyyətlə ləğv olunması suallar doğurur.
 
Bayden-Putin görüşü gündəmə gəlib
 
Vaşinqton və Moskva arasında münasibətlər bu həddə çatdıqdan  və gərginləşdikdən sonra ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sullivan rusiyalı həmkarı ilə iki ölkə prezidentlərinin mümkün görüşünü müzakirə edib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Honun bəyanatında deyilir ki, Sullivan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev telefon danışıqlarında "əlaqələri davam etdirmək” barədə razılığa gəliblər. Bundan az əvvəl Kreml bildirmişdi ki, Vladimir Putin bu həftənin sonunda ABŞ-ın rəhbərliyi ilə keçiriləcək virtual sammitdə çıxış edəcək. Rusiya xəbər agentliklərinin məlumatına görə, Patruşev və Sullivan Putin və Bayden arasında sammitə hazırlığı, "Rusiya-ABŞ əməkdaşlığının mümkün inkişaf istiqamətlərini” müzakirə ediblər. Bundan əvvəl Bayden Rusiya prezidentinə üçüncü bir ölkədə görüşərək ikitərəfli münasibətləri üzbəüz müzakirə etməyi təklif etmişdi. Putin, hələlik bu təklifə münasibət bildirməyib. Ötən həftə Bayden Putini, habelə ABŞ-ın təşəbbüsü ilə virtual iqlim sammitində iştirtaka dəvət edib, Putin də bu dəvəti qəbul edib. Kreml bildirir ki, Rusiya prezidenti bu həftənin sonunda ABŞ-ın təşkil edəcəyi onlayn iqlim sammitində çıxış edəcək. Kremlin verdiyi bəyanatda deyilir ki, Putin qlobal iqlim dəyişikliyinin neqativ təsirlərinə üstün gəlinməsi üçün beynəlxalq əməkdaşlığın təşkil olunması kontekstində danışacaq. Bayden bu sammitə Çin prezidenti Si Tsinpini də dəvət edib, lakin Pekin bu dəvətlə bağlı, hələ ki, heç bir açıqlama verməyib. Sammit Vaşinqtonun qlobal problemlərin həlli ilə bağlı tədbirlərdə fəal iştiraka qayıdışını nümayiş etdirməlidir. Bayden özündən əvvəlki prezident Donald Trampın qərarını dəyişərək, ölkəsini 2015-ci il Paris Sazişinə qaytarıb. Ağ Ev bildirib ki, iqlim dəyişikliyi ABŞ-ın Rusiya və Çinlə əməkdaşlıq edə biləcəyi azsaylı sahələrdən biridir. Birləşmiş Ştatlar və Çin iqlim dəyişikliyinə qarşı mübarizədə Paris Sazişinə uyğun olaraq əməkdaşlıq etməyə razılaşıblar. Bu razılaşma, ABŞ-ın iqlim səfiri Con Kerri aprelin 17-də Şanxaya səfər etdikdən sonra mümkün olub. Birgə bəyanatda deyilir ki, Birləşmiş Ştatlar və Çin başqa ölkələrlə birlikdə iqlim dəyişikliyi böhranının çözülməsi istiqamətində əməkdaşlıq edəcəklərini və problemin son dərəcə ciddi olduğunu qəbul etdiklərini bildiriblər.
Bütün bunlardan o nəticəyə gəlmək olar ki, gərginlik tez bir zamanda həllini tapana oxşamır və yaxın dörd ildə davam edəcək. Moskvanın ümidi yenə də ABŞ-da hakimiyyət dəyişikliyinədir. Məhz vaxt uzatmaqla məqsədinə çatmağa çalışır. Lakin buna nail ola biləcəkmi?
 
Kamran