AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Diplomatik korpusun nümayəndələri Qubadlıda olublar

Diplomatik korpusun nümayəndələri Qubadlıda olublar

Cəmiyyət
06 Mart 2021, 18:00 642
Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində bu gün Qubadlı şəhərinin mərkəzində olublar.
 
APA-nın əməkdaşının Qubadlıdan verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, rayon işğal dövründə elə dağıdılıb ki, onun mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir. O deyib ki, yaşayış binaları dağıdılıb, işğal dövründə yalnız hərbi məqsədlər üçün Ermənistan tərəfindən istifadə olunan binalar tikilib.
 
H. Hacıyev Qubadlının işğal tarixi barədə diplomatları məlumatlandırıb.
"Qubadlının və Zəngilanın işğalı çox çətin şəraitdə baş verib. Cəbrayıl və Füzuli işğal olunduğu üçün bu rayonlarda yaşayan insanların rayonu tərk etməsi çətin idi, onlar mühasirəyə alınmışdı. Belə bir şəraitdə mülki əhalinin çox hissəsi Araz çayı üzərində İranın yaratdığı humanitar dəhliz vasitəsilə çıxmaq məcburiyyətində qaldı. Onların bir çoxu isə Araz çayında öz həyatlarını itirdi. Bu da Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işğal prosesi çərçivəsində törətdiyi qırğın siyasətinin tərkib hissəsi idi”, - deyə H. Hacıyev bildirib.
 
O diqqətə çatdırıb ki, ekspert qrupları Qubadlıda olub, burda törədilən dağıntıları qiymətləndirib.
Qubadlı şəhərinin Azərbaycan üçün tarixi və mədəni baxımdan önəmini qeyd edən H. Hacıyev bildirib ki, bu şəhərdə çoxlu sayda dini və mədəni abidə olub, lakin bu abidələr dağıdılıb: "Mən xüsusilə dağıdılan qəbiristanlıqlar barədə danışmaq istərdim. Evlər və mülkiyyətlərlə yanaşı, biz qəbiristanlıqların da hədəflənmiş şəkildə dağıdılmasının şahidiyik".
 
Daha sonra Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov 1993-cü ildə XİN əməkdaşı olaraq Qubadlıya son səfəri barədə danışıb. O bildirib ki, əhalinin əksəriyyəti həmin dövrdə rayonu tərk etmək istəmirdi: "Rayon coğrafi baxımdan çox strateji yerdə yerləşir. Rayon 1988-ci ildə Ermənistanda qovulan azərbaycanlıları qəbul edən ilk rayonlardan biri idi.
Əhali rayonu müdafiə edirdi, lakin həm Qarabağdan və həm də Ermənistan ərazisində yerləşən Qafan şəhərindən davamlı artilleriya atəşinə məruz qalan rayon sakinləri xilas olmaq üçün evlərini tərk etməyə məcbur oldular".
 
E. Əmirbəyov onu da deyib ki, müharibə dönəmində Qubadlının əhalisi təxminən 29000 nəfər olub, keçən illər ərzində rayonun əhalisinin sayı artıb, hazırda 40 000-i keçib.
 
"Mən əminəm ki, bu insanların arzusu öz ata yurdlarına qayıtmaqdır", - deyə o vurğulayıb.