• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

Dini liderlərin görüşünün məntiqi nəticəsi olacaqmı?

13.09.17 10:30 1227
Dini liderlərin görüşünün məntiqi nəticəsi olacaqmı?
Ötən həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirildi. Bu görüşdə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli məsələsi geniş müzakirə edilib. Həmçinin görüşdə Dağlıq Qarabağ və ətraf rayonlardakı dini abidələrin və məscidlərin dağıdılması diqqətə çatdırılıb. Görüşdə Azərbaycan-Ermənistan sərhədində dini liderlərin görüşlərinin keçirilməsi təklifi də yer alıb.

Dini liderlərin görüşünün yekununda imzalanan bəyanatda bir çox məsələlərlə yanaşı, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması xüsusi olaraq qeyd edilib. Bütövlükdə dini liderlərin görüşündə səsləndirilən çağırışların məntiqi nəticəsi olacaqmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, dini liderlərin görüşü Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib: "Hesab edirəm ki, Rusiyanın bu işdə təşəbbüskarlığı təqdirəlayiqdir. Dini liderlərin görüşü ilk növbədə cəmiyyətlərin bu ağrılı problemin həllinə hazırlanması və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacibliyinin vurğulanmasıdır. Ortada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, o cümlədən iki vətəndaşımızın qeyri-qanuni olaraq girov götürülməsi məsələsi var. Azərbaycanın dini lideri işğal faktoru, bir milyondan çox insanın öz yurdlarına qayıda bilməməsi, girovluqda olan azərbaycanlıların məsələsini qaldırdı. Çox təəssüflər olsun ki, Ermənistanın rəsmi hakimiyyəti etdiyi kimi, dini rəhbərliyi də çox aqressiv mövqe tutdu. Din xadiminin əsas vəzifəsi mənəviyyat, sülh, humanizmi təbliğ etməkdir. Erməni dini lideri II Qaregin isə aprel hadisələrindən, guya Azərbaycanın aqressivliyindən və digər məsələlərdən danışdı. Sanki qarşımızda din xadimi deyil, Ermənistan ordusunun generalı və yaxud da ki, aqressiv siyasi xadimi dururdu. Əlbəttə, bunun özü Azərbaycan və Ermənistan cəmiyyətlərinin məsələyə bütün tərəflərdən yanaşması deməkdir. Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, görüşün sonundakı yekun bəyanatda torpaqların işğaldan azad olunması və girovların buraxılması məsələsi qoyuldu. Belə görüşlərin vaxtaşırı keçirilməsi məqsədəuyğundur. Bu bir tərəfdən Azərbaycanın ağrılı problemini, digər tərəfdən isə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyini göstərir”.
A.Mirzəzadə bu görüşdən sonra kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması məsələsinə toxunaraq dedi ki, bu barədə birmənalı danışmaq çətindir: "Nəinki II Qaregin, hətta Ermənistan prezidenti sənədə imza atsa belə, sabahı günü çox asanlıqla o imzadan imtina faktı ortada ola bilər. Ermənistan tərəfi hər zaman özünü qeyri-ciddi tərəf kimi göstərib. Buna görə də dini liderlərin bəyanatında II Qareginin imzasının olmasına baxmayaraq, yenə də kəlbəcərli girovların azad edilməsi uğrunda fəaliyyəti davam etdirməliyik”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan və Ermənistan dini liderləri arasında bir neçə dəfə belə görüşlər keçirilib: "Əlbəttə, dini liderlər digər ictimai xadimlər kimi görüşüb, müzakirə apara bilərlər. Təbii ki, bu görüşlərdən erməni tərəfi hansısa nəticələr çıxarmalıdır. Onu qeyd edim ki, erməni kilsəsinin öz xalqına və diasporuna təsiri çox böyükdür. Ona görə də bu məsələdə erməni din xadimlərinin real, obyektiv yanaşmasından çox şey asılıdır. Dini liderlərin görüşündə girovların azad olunması ilə bağlı bəyanat səsləndi. Bu, əslində reallığa uyğun çağırışdır. Çünki Dilqəm Əsgərovla Şahbaz Quliyev işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülüblər.Burada digər məqam isə ondan ibarətdir ki, gələcəkdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində dini liderlərin görüşü müsbət bir fon yarada bilərdi. Amma təəssüflər olsun ki, dini liderlərin görüşlərinin bir nəticəsi olmayıb. Çünki ermənilərin istər rəsmiləri, istər ictimai xadimləri, istərsə də dini liderləri çox qeyri-konstruktiv mövqe nümayiş etdirir. Rusiya patriarxı vasitəsilə keçirilən belə görüşlərdə Azərbaycan öz mövqeyini bildirir və Rusiya ilə Ermənistan hər halda bunu eşidirlər. Hesab edirəm ki, bu kontekstdə dini liderlərin görüşündə müsbət amillər var”.

F.Sadıxov əlavə etdi ki, erməni dini liderləri heç vaxt sülhpərvər olmayıb: "Ermənilər digər dini liderlərdən fərqli olaraq, hər zaman sərt mövqedə olublar. Onların "Böyük Ermənistan” xülyası ilə Dağlıq Qarabağ məsələsini qabartması və azərbaycanlılara düşmən münasibəti hər zaman eyni olub. Biz sadəcə onları fakt qarşısında qoyaraq, Azərbaycanın haqlı mövqeyini qabartmalıyıq. Bu dəfəki görüşdə Azərbaycanın dini lideri Allahşükür Paşazadə Qarabağ məsələsini kifayət qədər qabarıq şəkildə ermənilərin diqqətinə çatdırdı. Ermənilərdən hansısa kompromis, sülhə çağırış addımlarını gözləmək lazım deyil, bu heç vaxt olmayıb və indi də olmayacaq”.

Politoloq qeyd etdi ki, erməni dini lider II Qaregin azərbaycanlı girovlar D.Əsgərov və Ş.Quliyevin azad olunmasına nail ola bilər: "Əgər imza atdığı bəyanatda bu məsələ öz əksini tapıbsa, gərək bununla bağlı hansısa addımlar atsın. Bunun üçün də erməni dini lider Ermənistandakı və separatçı rejimdəki hərbi-siyasi dairələrə təzyiqlər göstərməlidir. Amma burada ermənilərin dini liderinin səmimiliyinə bir o qədər inanmıram. Bütövlükdə bu məsələ ilə bağlı nə isə demək çətindir, gələcək göstərəcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər