• cümə axşamı, 28 mart, 21:38
  • Baku Bakı 13°C

Dincliyi olmayan dünyanın muzeyi - REPORTAJ

04.06.22 03:00 2505
Dincliyi olmayan dünyanın muzeyi - REPORTAJ

Bu muzeyin əsas özəlliyi faktlardan çox, əzabları göstərməsidir. Köç məcburi səfərdədir. Bir yerdə dayananda anın əsirinə çevrilirsən. Anın əsirinə döndükcə isə dünyadan dördəlli yapışırsan. Köç bizi bu dünyadan dördəlli yapışmaqdan ayırır.

Bir evdən başqa bir evə köçmək adamın gözünə zülm kimi görünür: Düşünürsən ki, əşyaları aparmaq, təzədən başqa yerdə binə salmaq, getdiyin yerə öyrəşmək zaman alacaq, enerjini tükəndirəcək.  Ən əsası orda hər şey elə umduğun kimi olmayacaq. Bu, hələ nəqliyyatın, daşınmanın  asan, “iki vur iki”  olduğu dövrdə belədir. Bəs ötən əsrlərdə hər il yaylağa və qışlağa köçənlər, yaxud sürgün olunanlar, yuvasından didərgin salınanlar necə edirmiş? Bəs ev əşyalarını daşımaq, yerləşdirmək bunca əziyyətlidirsə, görəsən, ev-eşiyi, çadırları, mal-qaranı, sığınacaqları aparmaq, sonra təzədən qurmaq, ildə bir neçə dəfə başının üzərində “dam” qurmaq necə məşəqqətli imiş? Bütün bu suallar bu çağacan məni düşündürmürdü, amma elə ki, Bursa Köç Tarixi Muzeyində təqdim olunanları gördüm,  o acıları, çətinlikləri dərk etdim...

Mədəniyyət koridoru

Bursanın  Osmanlılar tərəfindən fəthindən sonra bura köçəri türkmənlər gəlib, amma oturaq həyat da paralel olaraq davam edirmiş. Xüsusən Təbrizdən gətirilən ustalar yeni-yeni binalar inşa edirmişlər, o yadigarlardan biri  bu gün də ucalmaqda olan məşhur “Yaşıl Külliyyədir”.

Bursa paytaxt olandan sonra bura həm tacirlər, həm də o dövrün alimləri - Şeyx Ədəbalı, Qara Xoca Ələddin, Molla Fənari kimi üləmalar, din adamları köçüblər, beləcə, Bursa dönüb olub mədəniyyət koridoru. Və əlbəttə, bura gəl-get də çoxalıb... Amma orta əsr savaşları insanlara bir yerdə dayaqlanmağa imkan verməyib. Beləcə, həm köç karvanları təşrifi artırıblar, həm də uzaqlara yol alanlar çoxalıb. Muzeydə bu həqiqətləri əks etdirən eksponatlar, məlumat lövhələri var...

Qədim soraqlar

Uzaq əsrlərdə Bursaya Taraklar tayfası da köç edib, onlar barəsində Heredotun “Tarix” əsərində də soraq verilir.

Bitiniyalılar da, Strabonun xəbər verdiyinə görə, 3000 il öncə bura köçən və özlərinə hakimiyyət quranlardan olublar. Ümumiyyətlə, Bursa olduqca qədim bir yerdir, bu torpaqlarda Orta Paleolit dövrünün qalıqları tapılıb.  Yaxud Bursada tapılan Miletepolis yaşayış məskəni Roma imperatoru Hadrianın dönəmindən qalmadır.

Zamanında Avropadan bura qaraçılar da köç ediblər. Övliya Çələbi onlar haqda yazır ki, qaraçılar həm xristianların Pasxa, həm də yəhudilərin milli bayramına qatılırdılar. Qaraçılar demişkən, Osmanlı-Rus müharibəsindən sonra Qarabağa köçürülən bir qisim erməni də rus zülmündən qurtarmaq üçün Bursaya pənah aparıblar. Onlar Bazarköy deyilən yerin ətrafında xırda ticarətlə başlarını girələyiblər. Amma...

Çörəyi dizinin üstündə olanlar...

Sonra ermənilərə Bursada geniş şərait yaradılıb, onlar ipəkçiliklə məşğul olublar.  Fəqət Bursa 1920-22-ci illərdə yunanlar tərəfindən işğal olunanda fürsətdən istifadə edən ermənilər yerli xalqa bəs qədər zülm veriblər. “Yersiz gəldi, yerli qaç” əqidələrindən geri qalmayıblar.  Bursa azad ediləndən sonra isə naqis əməllər törədən ermənilərin böyük əksəri oradan köçməli olublar. Amma türklər fürsətkeş əməllərinə görə  onlara zalım münasibət göstərməyib.

Düşünürsən ki...

Bursa Köç tarixi Muzeyində gəzərkən həm bura köçən balkanlılar haqqında, həm də Balkanlara doğru uzanan türk obalarının yaşayışını rəmzi və əyani materiallarla görürsən. Muzeydə yük qatarları, üstünə yorğan-döşək yığılmış maşınlar, köçəri tayfaların geyimləri, evləri, çadırlar, hələ öz evinə yerləşməyən insanların obrazını canlandıran manikenlər, müharibədən əziyyət çəkənlərin halını əks etdirən fotolarla tanış olursan və düşünürsən ki, ah, gör insanlıq tarixi nələrdən keçib, hansı tale burulğanları kimlərin ömürlərinə tuş gəlib. Bir zamanların əziyyətləri, ağrıları indi incəsənət əsəri, muzey eksponatı, məlumat lövhəsi olub. İllərin əziyyəti bir guşəyə, yaxud bir neçə cümləyə sığınıb.

Cənnət səfəri

I Dünya müharibəsi, I və II Balkan savaşları da Bursaya köçü artırıb. Cümhuriyyət dönəmində isə “Türk-bolqar dostluq anlaşması və yerləşmə razılığı”ndan sonra artıq könüllü köçlər başlayıb. Bu köç zamanı daşına bilən əşyaların miqdarına məhdudiyyət qoyulmurmuş. Ona görə də, Bolqarıstandan Türkiyəyə axın güclənibmiş.

Kommunist rejimindən Türkiyəyə can hayı ilə gələnlərin də sayı az olmayıb. 1989-90-cı illərdə Türkiyə 212.688 insana qucaq açıb, onlardan 52.997 nəfəri Bursada yerləşdirilib. O dövrün qəzetlərinin manşetlərində Türkiyəyə gələnlərin sözləri bu şəkildə ümumiləşdirilib: “Elə bil cənnətə gəlmişik”.

Köç mübadiləsi

Muzeydə tikanlı məftillər, qala divarları və sair də rəmzi sərgilər mövcuddur. İkicə il yunan hakimiyyəti bəs edib ki, Bursada əsrlərdir yaşayan xalqlar bir-birinə qənim kəsilsin... Savaş bitəndən sonra isə artıq köç mübadiləsi başlayıb, çünki bəzi xalqlar elə naqisliklər ediblərmiş ki, daha onlarla birgə yaşamaq çətin imiş.

Qafqaz köçləri

1828-1900-cü illərdə Qafqazda əzilən xırda xalqların nümayəndələri daim Türkiyəni özlərinə Vətən bilərək ora sığınıblar və heç zaman da nə çeçen, nə abxaz, nə ləzgi, nə osetin, nə də avar Osmanlıdan geri qaytarılmayıb.

1828-1829-cu illərdəki Rus-Osmanlı müharibəsindən sonra isə ümumilikdə 800 min qafqazlıya yurd olan Osmanlı hər zaman ondan imdad istəyənlərə qucaq açıb.

Axıska türklərinin də acınacaqlı köç tarixçələri var. Ruslar XIX əsrdə onlara göz açdırmayıb və bu münasibətdən bezən axıska türkləri Osmanlı Mühacir Komissiyasının fəaliyyəti nəticəsində imperiyanın ərazisinə köç ediblər. Bu xüsusda sənədlər də günümüzədək qalmaqdadır.  Muzeydə Krım köçü ilə bağlı da geniş məlumat verilir və həmin köçü əks etdirən şəkillər sərgilənir.

Nəsimi deyən kimi...

Bu muzey daha çox informasiya muzeyidir. Burada əyani nümunələrdən çox, bilgilərlə tanış ola bilərsiniz. Burada böyük xəritələr, köç təsvirlərini özündə daşıyan nümunələr də ziyarətçilərdə ruhi atmosfer yaratmaq iqtidarındadır. Muzeyin əsas özəlliyi faktlardan çox, əzabları göstərməkdir. Köç məcburi səfərdədir. Bir yerdə dayananda anın əsirinə çevrilirsən. Anın əsirinə döndükcə isə dünyadan dördəlli yapışırsan. Köç bizi bu dünyadan dördəlli yapışmaqdan ayırır: Və beləcə, bu həqiqəti dərk edərək Nəsiminin öyüdünü qulağımıza sırğa eləmiş oluruq:

Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!
Aldanma anın alına, andan həzər еylə!

Fərid Hüseyn

 

banner

Oxşar Xəbərlər