• cümə, 29 Mart, 18:08
  • Baku Bakı 14°C

Dilçilik İnstitutunun dil pozuntularına dair məlumatları əsasında cərimələrin tətbiq edilməsi təklif edilib

24.05.17 14:20 979
Dilçilik İnstitutunun dil pozuntularına dair məlumatları əsasında cərimələrin tətbiq edilməsi təklif edilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Müasir Azərbaycan dilini necə bilirik: Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış edib.
APA-nın məlumatına görə, T. Kərimli deyib ki, Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin, dillərin kəsişmə nöqtəsində olduğuna görə multikultural və çoxdilli ölkə kimi tanınır.
T. Kərimli bildirib ki, həyəcan təbili çalmağa əsas var: "Qloballaşan dünyada bir sıra qədim və yeni dillərin ölməsi müşahidə olunur. Orta əsr bolqarları slavyan qadınlarla evlənəndən sonra öz dillərini unutdular. Müasir dünya dil məsələsində populizmi sevmir. Təkcə keçmiş SSRİ məkanında elmin dili rus dili olubsa, müasir dünyada elmin dilinin ingilis dili olması barədə rəy var. Bəs nə etməliyik? Azərbaycan dilində bütün terminləri tərcümə etdik, bunu dünyaya çatdırmaq üçün ingilis dilinə çevirməməliyikmi? Azərbaycan elmini dünyaya çıxarmaq üçün ingilis dili bir vasitədir. Bizim indi çox gözəl ədəbiyyat, folklor dilimiz var. Ancaq saytların, televiziyaların dili yaxşı vəziyyətdə deyil. Dilimizin qorunmasında saytların böyük rolu var. Millət ana dilindən bərk yapışmalı, onun nazını çəkməlidir. Təəssüf ki, eybəcər əcnəbi sözlərlə dilimizi eybəcərləşdiririk".
T. Kərimli qeyd edib ki, Milli Televiziya və Radio Şurası dillə bağlı müxtəlif tədbirlər keçirir: "Ancaq qarşıda hələ çox görüləsi işləri var, bunun çox hissəsi AMEA-nın üzərinə düşür. Müstəqillik illərində dilimizin sintaksis tərkibinə daxil olmayan sual tipli cümlələr yer alıb. Məsələn, "Qırmızı palıd, hansı ki, Kəlbəcərdə bitir”. Belə hallar təhlükəli linqvistik viruslardır. Bunu belə demək lazımdır: "Kəlbəcərdə bitən qırmızı palıd”. Digər tərəfdən, söz sırasının dəyişməsi problemdir. Məsələn, "70-ə yaxınMDB-dən müşahidəçi olub”. Söz sırasının mənasının pozulması yolverilməzdir. Leksik səviyyəyə gəlincə, sadə xalq dilində, vobşe, ostonovka, peşkom, veş, xod, xolodilnik kimi sözlər işlənir. Hətta bəzi belə sözlər şəkilçi belə qəbul edir. Televiziya və saytlarda əksəriyyətində hamının başa düşdüyü, ancaq məqbul olmayan konflikt, rezerv, skandal kimi sözlər işlədilir. Münaqişə, ehtiyat, qalmaqal kimi sözlər olduğu halda belə sözlər işlətməklə dili korlamaq olmaz. Təəssüf ki, donluq- maaş, ayama-ləqəb, iskələ-liman, yağı-düşmən, qat-mərtəbə kimi sözlərimiz istifadədən çıxıb. Filankəsin maaşı 180 manat təşkil edir cümləsi də düzgün deyil. Reklamlarda prixoji, sok, su, üzqırxan dəzgah kimi ifadələrə rast gəlinir".
T. Kərimli Türkiyə türkcəsindən "sərgiləmək” kimi sözlərin keçməsinin Azərbaycan dilini zənginləşdirdiyini, ortaq türkcənin yaranmasına zəmin yaratdığını söyləyib: "Ancaq türk dilinə ərəb-fars dillərindən keçmiş rəğmən kimi sözlərin Azərbaycan dilinə daxil olması yaxşı deyil. Çar Rusiyasının işğalından sonra şəxsin adının yalnız baş hərfi yazılır. Bu, yanlışdır. N. Gəncəvi, Ə. Xəqani yazmaq düzgün deyil. Şəxs adları bütöv yazılmalıdır. Bunu aradan qaldırmaq üçün mexanizm tapmaq lazımdır. Bu gün güneyli soydaşlarımız da saytlarımıza, telekanallarımıza baxır, bunu nəzərə almaq lazımdır. Azərbaycan dili zaman-zaman zənginləşir. Ancaq çalışmalıyıq ki, bu zənginləşmə bizim üçün yabançı olan elementlər hesabına olmasın".
T. Kərimli dilimizlə bağlı problemlərin aradan qaldırılması yönündə tövsiyələri də açıqlayıb. Bura ilk mərhələdə AMEA-da magistrantlar üçün "Ana dilimizi necə bilirik?" mövzusunda müsabiqələr keçirilməsi, küçə reklamlarında, elan və afişalarda dil pozuntularında pozuntuların aradan qaldırılması üçün Dilçilik İnstitutunun Monitorinq şöbəsinin məlumatları əsasında cərimələrin tətbiq edilməsi mexanizminin hazırlanması məqsədi ilə yuxarı instansiyalara müraciət edilməsi, "Azərbaycan dilinin orfoepiya lüğəti"nin təkmilləşdirilərək böyük tirajla çap edilməsi, orta və ali məktəblərdə "Ritorika" fənninin keçirilməsi üçünTəhsil Nazirliyiilə müzakirələr aparılması daxildir. Eyni zamanda müəssisələrdə işə qəbul zamanı azərbaycanlılardan və başqa etnik qrupların nümayəndələrindən dövlət dilindən lazımi səviyyədə imtahan götürülməsi və inşa yazılması barədə müvafiq dövlət təşkilatları qarşısında vəsatətin qaldırılması, "Nitq" mədəniyyəti monoqrafiyasının yenidən işlənilmiş nəşrinin hazırlanması da təklif edilib.
Tövsiyə və təkliflər müsbət qiymətləndirilib. İlkin olaraq iclasda AMEA-da magistrantlar üçün "Ana dilimizi necə bilirik?" mövzusunda müsabiqələr keçirilməsi barədə qərar verilib.
banner

Oxşar Xəbərlər