“Dil müharibəsi”
Rusiya ilə Qazaxıstan
arasında "dil" və "əlifba" gərginliyi güclənir. "Alaş
aynası” qəzeti yazır ki, rus dilində fikirləşən gənclik qazax olduğunu unudur,
başqa düşüncəni qəbul edir
Əlifba və dil məsələsi postsovet məkanında ən çox
müzakirə olunan və mübahisə doğuran mövzulardan birinə çevrilib. Belə
götürdükdə, sovet işğalından canını qurtarıb müstəqillik əldə edən ölkələrin
bununla bağlı mövqeyi başadüşüləndir. Lakin milli identikliyi qoruyub saxlamaq,
mənsub olduqları xalqı milli köklərə qaytarmağı hədəfləyən ölkələrin atdıqları
addımlar heç də müsbət qarşılanmır. Və bu cəhd, siyasət, nədənsə müəyyən
qüvvələr tərəfindən sərt tənqid olunur, müstəqil dövlətlərin atdıqları addımlar
az qala millətçilik, qaragüruhun güclənməsi kimi xarakterizə edilir. Söhbət postsovet
məkanında rus dili və rus əlifbasının dəyişdirilməsi cəhdlərinin süngü ilə
qarşılanmasından gedir.
50 illik problem
Beləliklə, Kremlin təbliğat ruporunun hədəfi növbəti
dəfə Qazaxıstan olub. Məsələ ondadır ki, postsovet məkanında rus dilinin hakim
olduğu dövlətlər sırasında Qazaxıstan lider mövqedə olub. Rusların bu ölkədə
sayı da kifayət qədərdir. Hələ sovet dövründə baş verən milli zəmində
toqquşmalar da yaddan çıxmayıb. Ötən əsrin 80-ci illərinin ortalarında sovet
rəhbərliyinin Qazaxıstanda milliyyətcə rusu hakimiyyətə gətirmək istəməsi
toqquşmalara səbəb olmuşdu. Müstəqillik illərində bu zəmində ciddi bir
qarşıdurma olmasa da, son illər bu istiqamətdə gərginlik hökm sürür. Xüsusən
də, milli lider Nursultan Nazarbayevin latın əlifbasına keçidlə bağlı
strategiyanı təsdiqləməsi, qonşu dövlətdə şovinist dairələri özündən çıxarıb.
"Dil patrulları"
Bu yaxınlarda "dil patrulları” ilə bağlı ortaya çıxan
münaqişəni yada salaq. "Paturllar”ın
təşkilatçılarını özündən çıxaran odur ki, gündəlik istifadədə rus dili qazax
dilini üstələyib. Münaqişənin qarşısını almaq mümkün olsa da, rus mediasının
iddia etdiyi kimi, problem böyüyür. Ölkədə kiril əlifbasından imtina edilməsi
prosesi davam edir, rus dilinin statusu isə təbii ki, azalmağa doğru gedir.
Siyasi elitanın nümayəndələri açıq şəkildə bu prosesi dəstəkləyir və bunu
suverenliyin möhkəmləndirilməsi üçün əsas şərt hesab edirlər.
Birmənalı olmayan fikirlər
Qazax hakimiyyət orqanları "dil patrulları”nın təşkilatçısı
Ahmedov barəsində cinayət işi açdığından, o, Ukraynaya qaçmalı olub. Ardınca da
qazax rəsmiləri, başda prezident administrasiyasının sədr müavini Dauren Abayev
"ekstremistləri” tənqid edərək onların yaratdığı "patrulları” "mağara
millətçiliyi” adlandırıb. Lakin heç də qazax siyasi elitasınn bütün
nümayəndələri tənqidi ruhda çıxış etməyib. Məsələn, prezidentin müşaviri Erlan
Karin faktiki olaraq Abayevlə polemikaya girərək "dil patrulları”nı qonşu şimal
dövlətində, xüsusən də, Rusiyada informasiya panikası ilə əlaqələndirib. Sadəcə
millətçiləri sözlərində və hərəkətlərində bir qədər ehtiyatlı olmağa dəvət
edib. Bu fonda Qazaxıstan mətbuatında rus dilinə qarşı tənqidi ruhda məqalə və
yazıların sayı artmaqda davam edir. "Alaş aynası” qəzeti yazır ki, rus dilində
fikirləşən gənclik qazax olduğunu unudur, başqa düşüncəni qəbul edir. "Kamşa”
nəşrinin müəllifləri isə rus dilində təhsil verən məktəblərin pullu olması
tələbi ilə çıxış edir.
"Qazaxlaşdırılman"ın
çətinlikləri
İndi baş verənlər - "qazaxlaşdırılma”nın ilk cəhdi
deyil. Rus mediası israrla vurğulayır ki, şüar və ideologiyaya baxmayaraq,
rusdilli mühit üstünlük təşkil etməkdədir. Və sosioloqların hesablamalarına
görə, məişətdə ölkə vətəndaşlarının 75 faizi rus dilindən istifadəyə üstünlük
verir. Satılan kitabların 90 faizi, qəzetlərin 58, jurnalların 80 faizi rus
dilində çıxır. Milli axtarış seqmentində əməliyyatların 96 faiz rus dilində
edilir. Bu faktları qazax mediası da təsdiq edir. Telekanallarda milli
verilişlərə üstünlük verilməsinə baxmayaraq, 54 faiz rus dilində verilişlərə
baxır. Qazaxların 51 faizi rus dilində sərbəst danışır. Rusdilli siniflərdə
şagirdlərin sayı, qazax məktəblərindəkindən çoxdur.
Ruslar ölkəni tərk edəcəklər?
Bir
məsələ də var ki, dövlət aparatı rus dilində danışmağa üstünlük verir. Və bu
mənzərə 30 ildir ki, dəyişmir. "Jasalaş” qəzeti yazır ki, məmurların siması
qazax, dilləri isə rus dilidir. Söhbət tək abstrakt bürokratlardan deyil,
gündəlik olaraq əhali ilə ünsiyyətdə olan müəllim və həkimlərdən gedir.
Xəstəxanalarda sənədləşmə, praktiki olaraq rus dilində aparılır. Etnik cəhətdən
90 faizinin qazax olmalarına baxmayaraq, onlar baza səviyyəsində belə milli
dili bilmirlər. Təsadüfi deyil ki, "dil patrulları”nın qurbanlarından biri məhz
işdə rusca danışan həkim-nevroloq Emilya Qreçanik olub.
Baş nazirinin səfəri vəziyyəti dəyişəcək?
Yeri gəlmişkən, Rusiya baş
naziri Mixail Mişustinin Qazaxıstana səfəri zamanı da rus dili, "dil
patrulları” ilə bağlı məsələ müzakirə mövzusu olub. Lakin onun səfəri
qalmaqallı bir hadisə ilə üst-üstə düşüb. Avrasiya inteqrasiyasının tərəfdarı
olan hüquq-müdafiəçisi Yermek Tayçibekov həbs olunub. Sonra isə rusofob
baxışları ilə seçilən Askar Umarov informasiya naziri təyin olunub. Bu şəxs
"Kazinform”un baş redaktoru olan zaman məşhur bir fikri ilə yadda qalmışdı.
Üzünü rus diasporuna tutaraq, problemlərini orada həll etməyi təklif etmişdi.
Onunla yanaşı, qazax parlamentinin deputatı Aydos Sarım da ötən əsrin 30-cu
illərində Qazaxıstanda yaşanan aclığın genosid kimi tanınmasını irəli sürüb.
Qərb baxışları ilə seçilən deputatın bir neçə dəfə ABŞ-da olmasını rus mediası
xüsusi qeyd edir. O, ABŞ-dan qayıtdıqdan sonra hakim "Nur-Otan” Partiyasına üzv
olub. Prezidentin müşaviri Erlan Karin də vaxtilə "Oyan Qazaxıstan” hərəkatında
təmsil olunub.
Azər NURİYEV