• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

Dil açarkən ilk sözü “Azərbaycan” olan şəhid

23.10.21 10:00 829
Dil açarkən ilk sözü “Azərbaycan” olan şəhid
"Birdən gəlib dedilər ki, dəhlizdə sizi gözləyirlər. Çıxdıq, gördük ki, uzun dəhliz adamla doludur. Gəldiyimizi eşidib toplaşmışdılar. Hamısı "qardaşımız idi” deyirdilər”
"Uşaqlar dil açarkən çox vaxt "ana”, "ata”, "baba”, "nənə” kimi sözlər deyirlər. Ancaq oğlumuzun ilk sözü "Azərbaycan” olmuşdu. 3-4 hərflik sözləri yox, "Azərbaycan” deməsi hər kəsi təəccübləndirmişdi” - bu sözləri şəhid Mürsəl Kazımlı haqqında valideynləri bildirdilər.
Kazımlı Mürsəl Kamil oğlu 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alıb. 2002-2007-ci illərdə 36 saylı musiqi məktəbinin tar sinfində təhsil alıb. İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsini bitirib. Hərbi xidmətini Gəncə, Naftalan və Tərtər artilleriya korpusunda rabitəçi kimi başa vurub. 2016-cı ildən etibarən 2 saylı tibb kollecində mühasib vəzifəsində işləyib.

2020-ci ildə İkinci Qarabağ Savaşı başlayandan bir gün sonra - sentyabrın 28-i döyüşə çağırılır. Cəbrayıl və Füzuli rayonlarının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabrın 23-ü Füzulidə gedən döyüşlərdə şəhid olur. Prezident İlham Əliyev Mürsəl Kazımlını ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edib.

"Sən demə, hərbi vəzifəsi var imiş”
Atası Kamil Kazımlı bildirdi ki, döyüşə gedənə qədər oğlunun hərbi vəzifəsi olduğunu bilməyib: "Çox təvazökar idi, nailiyyətlərini danışmazdı, öyünməzdi. Hərbi xidmətdən qayıdandan sonra da bizə detallı nələrsə danışmadı. Bilirdik ki, rabitəçi kimi xidmət edib. Komandiri zəng vurub mənə təşəkkür edirdi, vəzifəsinin öhdəsindən çox yaxşı gəldiyini deyirdi. Müharibə başlayanda sentyabrın 28-i ona da çağırış gəlib, amma bizə deməyib. Gedib kollecdə iş yoldaşları ilə sağollaşıb. Həmin gün həyat yoldaşım mənə dedi ki, Mürsəli döyüşə çağıra bilərlər? Dedim ki, yox, qismən səfərbərlikdir, hələ ki, hərbi vəzifəliləri çağırırlar, onun vəzifəsi yoxdur. Gecə saat 11-də bizə dedi ki, məni çağırıblar, sabah gedirəm. Sən demə, onun hərbi vəzifəsi var imiş”.

"Çox məsuliyyətli idi”

Anası Lalə Əliyevanın sözlərinə görə, Mürsəl hər zaman çox məsuliyyətli olub: "Gecə neçə saatsa oyaq qalıb başqasının işinə görə çalışa bilərdi. Əşyalarına qarşı da çox məsuliyyətli idi, səliqəli saxlayırdı. Mürsəl orta məktəbdə aşağı sinifdə oxuyarkən yoldaşım riyaziyyatdan məsələni həll etməkdə ona kömək edərkən məktəbdən verilən kitabda nə isə yazdı. Ondan ötrü nə qədər ağladı ki, niyə yazıbsan? Hər işinə o cür yanaşırdı”.

"Müəllimi onu dinlədi, çox sevindi”

L.Əliyeva deyir ki, oğlu musiqiyə getsə də, dərslərini də heç vaxt ikinci plana atmırdı: "Kiçik yaşlarında musiqi duyumu olduğunu hiss etdim. Ona görə, zamanı gəlincə, musiqiyə - tar sinfinə qoyduq. İlk dəfə musiqi məktəbinə aparanda müəllimi onu dinlədi, çox sevindi, dedi ki, belə uşaq 5-6 ildən bir ələ düşür. Müəllim bir dəfə göstərirdi, o isə artıq öyrənirdi. Deyirdi ki, bu uşaq kompüter kimidir, götürmə qabiliyyəti çox yaxşıdır. Amma özünü musiqidə deyil, başqa sahədə görürdü. 613 bal toplayaraq İqtisad Universitetinə qəbul oldu”.

Bağçadan iş yerinə qədər...

L.Əliyeva bildirdi ki, Mürsəlin getdiyi hər yerdən xoş sədaları gəlib: "Məktəb vaxtı valideyn iclasında həmişə alnıaçıq otururduq. Savadı, səliqəsi, tərbiyəsi ilə bağlı tam arxayın idik. Tələbə, hərbi xidmət, iş dönəmi də elə. Bağçadan tutmuş iş yerinə qədər hara gedibsə, onunla bağlı ancaq tərif eşitmişik”.

"Qardaşımız idi” deyirdilər”

Valideynləri anım günündə Mürsəlin işlədiyi kollecdə olublar. K.Kazımlı deyir ki, hər kəs onlara yaxınlaşıb oğulları ilə bağlı öz xatirələrini bölüşüb: "İşlədiyi kollecdə şəhidlərlə bağlı anım günü keçirilirdi. Bizi də dəvət etmişdilər. Başqa bir anım tədbirinə də getdiyimiz üçün ora bir az gecikdik. Anım tədbiri bitmişdi. Direktorun otağına getdik, orda hamı Mürsəllə bağlı xatirələrini bölüşdü. Birdən gəlib dedilər ki, dəhlizdə sizi gözləyirlər. Çıxdıq, gördük ki, uzun dəhliz adamla doludur. Gəldiyimizi eşidib toplaşmışdılar. Kollecin müəllimləri, tələbələri, işçiləri — hamısı gəlmişdi. Hamısı "qardaşımız idi” deyirdilər”.

Şəhidliklə bağlı paylaşım

Lalə xanım Mürsəlin sosial şəbəkə hesabında şəhidliklə bağlı paylaşımlar etdiyini də əlavə etdi: "Biz sosial şəbəkə hesabları haqqında çox da məlumatlı deyildik. Şəhid olandan sonra sosial şəbəkə paylaşımlarına baxdıq, vətənpərvər istiqamətdə paylaşımlar edirmiş. Hətta müharibədən öncə "Instagram”da şəhidliklə bağlı paylaşımları da olub”.
Valideynləri Mürsəlin perspektivli gənc olduğunu deyirlər. Ondan gələcəklə bağlı gözləntiləri çox imiş. Mürsəlin hər şeyə sahib olacağına inanırmışlar. Mürsəl isə hər zaman "Gələcəkdə maliyyə durumum imkan verərsə, uşaq və qocalar evinə himayədarlıq edərəm” deyərmiş.

Yalnız ailənin deyil, vətənin oğlu

Valideynləri qeyd etdilər: "Balamızı itirmək bizim üçün ağır dərddir, amma fəxr edirik ki, müharibədə uduzmadıq. 90-cı illərin əvvəllərində biz çox şəhid verdik, amma uduzduq. Bu dəfə isə qələbə qazandıq. Mürsəl qəzadan, başqa nədənsə dünyasını dəyişsəydi, dözə bilməzdik. Vətən uğrunda şəhid olması ilə təsəlli tapırsan. Həm dövlət, həm kollektivimiz, həm qonşular, tanıyan hər kəs bizi tək qoymadılar. Dövlət tərəfindən şəhidlərə yüksək qiymət verildi”.
Hazırda Mürsəlin valideynlərinin ən çox eşitdiyi cümlə isə budur: "Mürsəl tək sizin deyil, hamımızın, vətənin oğludur”.

Aygün Asimqızı

Fotolar: Tapdıq Abdullayev















banner

Oxşar Xəbərlər