• çərşənbə, 17 Aprel, 01:47
  • Baku Bakı 14°C

Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır

22.05.19 19:44 555
Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır
Ötən gün bəzi internet resurslarında konkret mənbə göstərilmədən, guya hüquq-mühafizə orqanlarının verdiyi məlumat əsasında belə bir iddia ortaya atıldı ki, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində və sonra turistlərin rahat hərəkəti üçün şəhərin mərkəzi ünvanlarına paytaxt sakinlərinin girişi qadağan ediləcək. Dərhal bu "xəbər” sosial mediada əsas müzakirə mövzusuna çevrildi, bununla bağlı çoxsaylı statuslar yazıldı, hətta hökumət əsassız qınaq obyektinə çevrildi. Halbuki, həmin dezinformasiya onlayn mediada və sosial şəbəkələrdə ictimailəşən kimi dərhal Daxili İşlər Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti açıqlama yaydı, "məlumatı” təkzib etdi. Qeyd olundu ki, idman yarışı ərəfəsində və sonra paytaxt sakinlərinin şəhərinin hər hansı ünvanına giriş-çıxışı əngəllənməyəcək. Lakin buna baxmayaraq, maraqlı dairələr sosial şəbəkələr vasitəsilə bu "xəbəri” gündəmdə saxlamağa çalışdılar. Bu yolla onlar bilərəkdən ajiotaj yaratmağa, insanları narazı salmağa cəhdlər edirdilər. Təbii ki, başlıca məqsəd bu yolla ölkədə sabitliyi pozmaq, beynəlxalq tədbir ərəfəsində süni gərginlik yaratmaq idi. Amma onların bu çabaları heç bir nəticə vermədi. Həm müvafiq qurumların məsələyə anında reaksiya verməsi, həm də ölkə ictimaiyyətinin hadisələrə obyektiv yanaşması anti-milli ünsürlərin növbəti anti-Azərbaycan kampaniyasının, ölkəmizə qarşı təxribat cəhdinin qarşısını aldı, süni ajiotaj yatırıldı.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, müasir dövrümüzdə informasiya əlahiddə alətə çevrilib. Onun sözlərinə görə, bu alət vasitəsilə ictimai rəy formalaşdırılır, bəzi hallarda insanlar çaşdırılır, məqsədyönlü şəkildə kimlərinsə əleyhinə manipulyasiyalar edilir. Deputat vurğulayıb ki, informasiyanın inkişafının növbəti mərhələsində onun yeni imkanları üzə çıxdıqca, bəzi maraqlı dairələr, o cümlədən anti-Azərbaycan güc mərkəzləri dərhal bundan ölkəmiz əleyhinə yararlanmağa çalışırlar: "Hazırda mənbəyi olmayan, yalan xarakterli informasiyanı dövriyyəyə buraxaraq bütün informasiya məkanını onun ətrafında dövr etdirməyə başlayırlar. Bu, olduqca təhlükəli taktikadır. Son günlər Azərbaycanda sosial şəbəkələrdə də bu taktika tətbiq olunmaqdadır. Xaricdəki anti-Azərbaycançı mərkəzlərdən bizim informasiya məkanımıza neqativ impulslar ötürülür. Ardınca da bunun ətrafında simulyasiyalar başlayır, müzakirələr təşkil edilir, bunun əsasında ictimai rəy formalaşdırılması cəhdləri edilir. Bu da informasiya istehlakçılarımızda yanlış təsəvvürün formalaşmasına gətirib çıxara bilər. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində şəhər sakinlərinin mərkəzi ünvanlara giriş-çıxışının qadağan edilməsi barədə qeyri-obyektiv məlumat da söylənilənlərə daha bir misaldır. Bunu təkzib edən rəsmi məlumatların olmasına rəğmən, maraqlı dairələr bu "xəbəri” informasiya dövriyyəsində saxlamağa çalışdılar. Lakin anti-Azərbaycançı qüvvələr burada bir incə məqamı yaddan çıxarmışdılar. Azərbaycanın informasiya məkanı kifayət qədər intellektualdır. Nəyin harada, necə, hansı məqsədlə baş verdiyini, hansı məqsədə xidmət etdiyini dərhal dərk edir. Ona görə də guya şəhərin mərkəzinə girişin qadağan edilməsi barədə "informasiya”nın da nə məqsədlə yayıldığını Azərbaycanın informasiya istehlakçıları bilirlər. Məhz bu səbəbdən də həmin dezinformasiya ictimai rəyə hakim kəsilə bilmədi, maraqlı dairələrin gözlədiyi effekti vermədi. Hesab edirəm ki, hadisələrə bu cür obyektiv münasibət bildirib təhlillər aparmaqla maarifləndirmə işlərini genişləndirməliyik ki, gələcəkdə belə "məlumatlara” qarşı Azərbaycan cəmiyyəti daha immunitetli olsun”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də qəzetimizə açıqlamasında deyib ki, qeyd edilən "xəbər”in yayılmasında və sonrakı proseslərdə bir neçə istiqamət aydın şəkildə özünü büruzə verir. O qeyd edib ki, bu prosesdə anti-Azərbaycan qüvvələrin davranışının olduğu mütləqdir: "Sosial şəbəkələrdə bir sıra səhifələr və şəxsi profillər var ki, onlar ölkə xaricindən, xüsusən də Ermənistan xüsusi-xidmət orqanlarının nəzarətində olan şəxslər tərəfindən idarə olunurlar. Eyni zamanda, Azərbaycanda bəzi xarici dairələrin nüfuz vəkili var ki, onların da bu istiqamətdə fəaliyyətləri gözə çarpır. Azərbaycanda keçiriləcək istənilən beynəlxalq əhəmiyyətli tədbir öncəsi onlar məqsədyönlü şəkildə dezinformasiyalar yayır, bunu ictimailəşdirməklə gündəmdə saxlamağa çalışırlar. Virtual hüququn tam təsdiq olunmaması, bəzi sosial şəbəkə rəhbərlərinin, buna biznes kimi baxan insanların bütün ölkələrlə hüquqi münasibət qurmaması da nəticə etibarilə bir sıra ciddi problemlərin üzə çıxmasına səbəb olur. Bu kimi səbəblərdən indiki şəraitdə hansısa dezinformasiyanın ortaya atılması məqsədyönlü xarakter daşıyır. Bunu edənlər kütlənin psixologiyasını müəyyən qədər bilirlər. Bu baxımdan da qeyd edilən proseslərin arxasında xüsusi xidmət orqanlarının dayandığı şübhəsizdir. Onlar bilirlər ki, insanlar tez-tələsik, yalnız başlıqları oxuyurlar və informasiyanın mahiyyətinə varmadan, xüsusi təhlil aparmadan, düşünmək belə istəmədən həmin informasiyanın təsiri altına düşürlər. Halbuki, ağlı başında olan istənilən insan bir balaca məntiqini işlətsə, anındaca bunun dezinformasiya olduğunun fərqinə vara bilər”.

E.Mirzəbəyli söyləyib ki, istənilən insan anlaya bilər ki, əgər ölkədə hər hansı idman və ya musiqi tədbiri, o cümlədən UEFA Avropa Liqasının final oyunu keçirilirsə, paytaxt Bakıda mərkəzi ünvanlara giriş-çıxışın məhdudlaşdırılması qeyri-mümkündür: "Çünki, indiyə qədər çoxsaylı beynəlxalq tədbirlərdə Bakıya çox sayda turistlər gəlib də, gedib də. Nə turistlərə, nə də vətəndaşlara bu zaman şəhərin hansısa ünvanına giriş-çıxış qadağası qoyulmayıb. Digər tərəfdən, UEFA Avropa Liqasının final oyunu Olimpiya Stadionunda keçiriləcək ki, bu ünvan da şəhərin mərkəzindən xeyli uzaqdadır. Belə olan halda da şəhərin mərkəzində hərəkətə hansısa məhdudiyyətin qoyulması absurddur. Yalnız Formula-1 yarışlarda müəyyən məhdudiyyətlər olub ki, bu da yarış avtomobillərinin sürətlə hərəkət etməsi, əhalinin təhlükəsizliyi ilə əlaqədar olub. Bu da beynəlxalq səviyyəli tələbdir, təhlükəsizlik tədbiridir. Bundan başqa hansısa tədbir zamanı şəhərin mərkəzində hansısa ünvanda insanların hərəkətinə heç bir halda qadağa qoyulmayıb. Ona görə də qadağaların tətbiq edilməsi barədə yayılan xəbərlər dezinformasiyadır. Təəssüf ki, bəzi insanlar da bu dezinformasiyanın təsirinə və tələsində düşürlər. Bu cür dezinformasiya yayanlar ölkə daxilindədirsə, onlarla hüquqi müstəvidə danışıq aparılmalıdır. Araşdırmaq lazımdır ki, prosesin arxasında kim və ya kimlər dayanır, məqsədləri nədir və sair. Bununla yanaşı, belə dezinformasiyaların qarşısını almaq üçün müvafiq qurumlar aidiyyəti üzrə çevik reaksiya verməli, öz sahələrinə dair obyektiv münasibət ortaya qoymalı, beləliklə də dezinformasiyanın daha çox yayılmasına, ictimai rəyə hakim kəsilməsinə yol verməməlidirlər. Çünki, burada etimad mühitinin pozulmasına edilən cəhdlərdən söhbət gedir. Bu, uzun müddətdir Azərbaycana qarşı təşkil edilən qarayaxma kampaniyasının tərkib hissəsidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər