• çərşənbə axşamı, 23 aprel, 13:45
  • Baku Bakı 24°C

Dəyişməyən xislət, yoxsa saxta populizm?

13.11.18 19:58 628
Dəyişməyən xislət, yoxsa saxta populizm?
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan növbəti dəfə ermənilərin Türkiyə və Azərbaycana qarşı absurd və əsassız iddialarını səsləndirib. O, bu dəfə Fransada təşkil olunan tədbirdə özünə tribuna tapıb. Belə ki, I Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı Parisdə forum keçirilib. Forumda çıxışı zamanı Paşinyan tarixi həqiqətləri təhrif edərək, Osmanlı İmperiyası tərəfindən guya 1.5 milyon erməninin "məhv edildi”yini və sonradan bu dəhşətli cinayətin XX əsrin ilk "genosidi” adlandırıldığını dilə gətirib.
Həmçinin erməni baş nazir əvəzi Dağlıq Qarabağ məsələsinə toxunaraq Azərbaycana qarşı da sərsəm fikirlər səsləndirib: "Burada - Fransada bir şeyi mən xüsusi vurğulamağı zəruri sayıram: cəmi bir neçə gün öncə Fransa bu məsələdə öz prinsipial mövqeyini təsbit eləmiş oldu - yeni Kaledoniya xalqı referendum keçirmək imkanı qazandı. Təəssüf ki, öz müqəddəratını azad təyinetmə hüququna yanaşma seçmə xarakteri daşıyır. Yəni birinə olar, birinə olmaz. Məhz bu səbəbdən ”Dağlıq Qarabağ xalqı"nın öz taleyini müəyyən eləmək hüququ üçün on illərdir apardığı mübarizə lazımi hüquqi həllini tapmayıb. XXI əsrdə əsla imkan vermək olmaz ki, xalqın öz müqəddəratını reallaşdırmaq hüququnu həyata keçirmək istəyi onun bioloji mövcudluq təhlükəsinə çevrilsin”.
Təbii ki, Paşinyan bu fikirləri ilə Ermənistanın təcavüzkar siyasətini, Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləmiş olur. Çünki ermənilərin Dağlıq Qarabağdan didərgin saldığı bir milyondan çox yerli azərbaycanlı məcburi köçkünü, deyəsən yaddan çıxarıblar. Əslində Paşinyanın bu çıxışı bir daha sübut edir ki, Ermənistanda hakimiyyət dəyişsə də, ermənilərin xisləti, mənfur siyasəti dəyişmir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovbildirdi ki, ermənilərin "strateji məqsədləri” hakimiyyətin dəyişilməsi ilə bağlı deyil: "Ermənistanda hakimiyyət dəyişəndə, sadəcə olaraq taktiki yanaşmalar dəyişilir. Yəni, taktiki manevrlər gündəmə gəlir, müxtəlif yanaşmalar üzə çıxır və sair. Amma ermənilərin "strateji məqsədləri” qonşu ölkələrə ərazi iddialarıdır. Görünür ki, ermənilər əbədi olaraq bu ideyanı reallaşdırmaq istəyəcəklər, bunu dəfələrlə dilə gətirəcəklər və siyasətlərində onu həyata keçirməyə çalışacaqlar. I Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı Parisdə forumda çıxışı zamanı Paşinyan növbəti dəfə çalışdı ki, bu tədbirdən də öz məqsədləri naminə istifadə etsin. O, 1915-ci ildə Osmanlı İmperiyası tərəfindən guya ermənilərə qarşı "soyqırımı” törədildiyini deyir və Türkiyəyə qarşı iddialar səsləndirir. Həmçinin Paşinyan tədbirdə Azərbaycanla bağlı reallıqdan kənar danışmağa başlayıb. Azərbaycana ərazi iddiaları olan, Xocalı soyqırımını törədən, indiyədək status-kvonun dəyişməsinə qarşı olan və danışıqlardan irəli gələrək 7 rayonu boşaltmaq istəməyən, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyən bir ölkənin baş naziri sərsəm fikirlərini dilə gətirir”.
F.Sadıxov Paşinyanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı bu fikirlərinin, sadəcə olaraq onun qanmazlığından irəli gəldiyini vurğuladı: "Ona tutarlı cavab vermək lazım idi və hesab edirəm ki, Türkiyə dövləti tərəfindən bu istiqamətdə addımlar atıldı. Eləcə də Azərbaycanda həm rəsmilər, həm də ekspertlər səviyyəsində Paşinyana tutarlı cavab verildi. Amma Paşinyanın Parisdəki çıxışı özü-özlüyündə ona işarədir ki, ermənilərin xəstə düşüncələri, bu istiqamətdə "strateji maraqları” olduğu kimi qalır. Görünür, bundan sonra ermənilər Azərbaycanın gücü ilə üzləşməlidirlər ki, bir az ağıla gəlsinlər”.

Politoloq Tofiq Abbasov bildirdi ki, indi Paşinyanın hakimiyyətdə olmaq dövrünün çox kövrək mərhələsinin şahidiyik: "Çünki onun möhkəm mövqe mübarizəsi başlayıb, ancaq sona yetməyib. Yəni, biz gərək Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərini gözləyək. Seçkinin nəticələrinə şahid olduqdan sonra biz əlavə qənaətlər çıxara biləcəyik ki, Paşinyanın siyasi prioritetləri, təmsil etdiyi qüvvələrin mübarizəsi, qayəsi nədən ibarət olacaq. Elə başa düşürəm ki, bu prosesin çoxu gedib, azı qalır. Dekabrın birinci həftəsində Ermənistanda seçki olacaq və Paşinyan özünə qeyri-populyarlıq gətirə biləcək bəyanatlardan, vədlərdən ümumiyyətlə vaz keçir. Bu, müəyyən mənada anlaşılandır. Misal var ki, ağır keçiddə heç vaxt atları dəyişmirlər. Yəni, Paşinyan da bu tələbə riayət edir, köhnə ritorikanı qüvvədə saxlayır və Ermənistan cəmiyyətinə, eləcə də dünya ermənilərinə göstərir ki, guya onların özləri üçün müqəddəs saydığı "məqsədləri” qəbul edir, buna sadiqdir. Elə başa düşürəm ki, seçkilərdən sonra Paşinyan qələbə qazanıb mövqelərini daha da möhkəmləndirə bilsə, çox güman ki, köklü dəyişikliklərə gedəcək. Eləcə də şüarlarda, məqsədlərdə və bölgə siyasətinin aparılmasında dəyişiklikləri etməyə məcbur olacaq. Çünki başqa yolu yoxdur. Paşinyan, ümumiyyətlə ermənilər gözəl başa düşür ki, onları belə dilənçi, zəlil vəziyyətinə gətirib çıxaran həmin o mənasız savaşlarıdır, özlərinə düşmən bildikləri türk toplumlarıdır. Əgər onlar bu vəziyyətdən qurtulmaq, qonşu və dünya dövlətləri ilə sivil münasibətlər qurmaq istəyirlərsə, yeganə çıxış yolu hərbi ritorikanı, barbarlığı, qonşulara təhdidlərini, ərazi iddialarını aradan qaldırmalarıdır. Bunlar baş verməsə, Ermənistanın vəziyyəti lap pis olacaq. Ermənilər qonşu dövlətləri, ilk olaraq, Azərbaycanla Türkiyəni inandırmağa çalışmalıdırlar ki, işğalçılıq, qəsbkarlıqdan əl çəkməyə hazırdırlar və bunu edirlər. Digər tərəfdən, ermənilər bölgədə gedən proseslərə asta-asta harmonik bir şəkildə qatılmalıdırlar və bunun da müsbət həlli Azərbaycan və Türkiyədən asılıdır. Bu iki dövlət inanıb və onlara etimadı bərpa etdikdən sonra münasib şərait yarada bilərlər ki, ermənilər dirçəliş yoluna qədəm qoysunlar. Bunların hamısına böyük ehtiyac var”.
T.Abbasov vurğuladı ki, Paşinyanın Fransada səsləndirdiyi fikirlərin fransızlara, Parisdəki tədbirdə iştirak edən ölkə başçılarına aidiyyatı cüzidir: "Çünki Ermənistanın indiki ağır vəziyyətindən hamı xəbərdardır. Paşinyan daha çox daxili auditoriyaya hesablanmış çıxış edib və çalışır ki, öz həmvətənləri ona inansın, siyasi yürüşündə mane olmaq istəyən tərəflərə əsas verməsin. Həmin o bəhanələri axtaran erməni diaspor təşkilatları, kilsə və daxildə olan qüvvələrdir. Bu baxımdan belə başa düşürəm ki, Paşinyanın səsləndirdiyi iddiaların hamısı zaman kəsiyində perspektivi olmayan çağırışlar və niyyətlərdir. Digər tərəfdən Paşinyan başa düşür ki, onlardan özü və ətrafı nə qədər tez qurtulsa, bir o qədər işin xeyrinə olacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər