• cümə, 19 Aprel, 19:21
  • Baku Bakı 24°C

Dəyirman öz işindədir - BAŞ REDAKTORDAN

11.09.21 09:15 668
Dəyirman öz işindədir - BAŞ REDAKTORDAN
20 il bundan öncə 11 sentyabrda ABŞ-da dünyanı lərzəyə gətirən hadisə baş verdi. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi terror hücumuna məruz qaldı və xeyli sayda insan tələfatı oldu. Vaşinqton dərhal hərəkətə keçdi və "lazımı addımlar atılacaq” dedi. Qısa müddətdə ABŞ-ın ətrafında anti-terror koalisiyası yaradıldı. ABŞ terroru törətməkdə günahlandırılan "Əl Qaidə”ni cəzalandırmaq üçün Əfqanıstana qoşun yeritdi. Hamı bu hadisədən sonra "dünya dəyişəcək” dedi. Amma deyilənlər oldumu?
Heç nə dəyişmədi
Üstündən 20 il keçəndən sonra görürük ki, heç nə dəyişmədi. 20 ilin tamamında ABŞ qoşunlarını Əfqanıstandan çıxarası oldu, terror təşkilatı kimi tanınan "Taliban” ölkədə hakimi mütləq oldu, hökumət qurdu, beynəlxalq güclərlə danışıqlar aparmaq hüququ qazandı. Nələr gözlənilirdi, nələr oldu....
11 sentyabrdan keçən zaman kəsimində çox miflərin darmadağın olduğunu gözlərimizlə gördük, "ərəb baharı” yaşadıq. Suriya, Yəmən xarabazara çevrildi. Milyonlarla insan normal yaşayışdan məhrum oldu, minlərlə insan münaqişələrin qurbanlarına çevrildi. Böyük güclər terror təşkilatları adı altında sanki gizlənqaç oynadılar. Amma bu, 11 sentyabrdan sonra vəd olunan dəyişiklik deyildi. Əksinə, dünya daha da çıxılmaza doğru getdi.
Olan sıravi insanlara olur
20 illik zaman kəsiyində dünyanı dəyişməyin heç də asan olmayacağı bir daha aydınlaşdı. Dəqiqləşdi ki, dünyanı idarə edən güclər hakimiyyətlərini heç kimə vermək istəmirlər, yenidən güclənən, iqtisadi və hərbi gücünü artıran digər qüvvələr isə dünya idarəçiliyində yer almaq üçün əllərindən gələni etməkdən yorulmurlar. Olan sıravi insanlara, üçüncü dünya ölkələrində yaşayanlara olur.
Yeganə təsəllimiz – dövlətimiz
Bu illər ərzində bizim üçün yeganə təsəlli zaman keçdikcə dövlətimizin güclənməsi oldu. Bu qarışıqlıqda yeganə nicat yolunun özümüzdə olduğunu anladıq. Qardaş Türkiyənin də güclənməsi ilə Cənubi Qafqazda real gücə çevrildik. Torpaqlarımızı 30 illik işğaldan azad etdik. Amma özümüzə, xalqımıza, dövlətimizə qarşı ədalətsiz münasibəti dəyişə bilmədik. Bu ədalətsiz, bəzən bizi heyrətə gətirən münasibət bu gün də davam etməkdədir.
Ümumiyyətlə, belə görünür dünyanı dəyişmək elə də asan məsələ deyil. 11 sentyabrda göydələnlərə çırpılan tonluq təyyarələrin edə bilmədiyini 2 ildir insanlığı əsir-yesir etmiş mikroskopik virus da bacara bilmir. Necə deyərlər, dəyirman öz işindədir, çax-çax baş ağrıdır...
İlham Quliyev
banner

Oxşar Xəbərlər