• şənbə, 20 Aprel, 18:36
  • Baku Bakı 24°C

Dəyərlərin mutasiyası

05.12.19 16:23 519
Dəyərlərin mutasiyası
Lenta.ru: "Erməni kilsəsi hakimiyyətin dəstəyini və dindarların rəğbətini itirir”

Rusiya mediasında Ermənistan əleyhinə dərc edilən məqalələrin sayı artmaqdadır. Xüsusən də Yerevanda rus yazıçısı və diplomat Aleksandr Qriboyedovun heykəlinə qarşı erməni millətçisi tərəfindən yol verilən vandalizm aktı, rus mediasında geniş rezonans doğurub. Mediada erməni nankorluğu, qədirbilməzliyinə dair materialların dərci ara vermir. Bu dəfə isə nüfuzlu "Lenta.ru” nəşri erməni din xadimlərinin korrupsiya əməllərindən, dindarların arasında nüfuzdan düşməsindən bəhs edən geniş reportaj tipli məqalə dərc edib. Məqaləni "Kim xristian deyilsə, o, erməni deyil” sözlər ilə başlayan müəllif ardınca yazır ki, artıq bu ifadə Ermənistanda dini mövzuda gedən mübahisələrdə tez-tez səslənir. Son 25 ildə ölkənin Şərqi Avropanın dindar ölkələrindən birinə çevrildiyini vurğulayan müəllif, hesab edir ki, yeni hakimiyyət əvvəlkilərdən fərqli olaraq kilsə ilə yola getmir: məmurlarla din xadimləri arasında tez-tez münaqişələr, hətta qalmaqallar yaşanır. Heç bir tərəf də susmaq istəmir. Kilsə, hakimiyyəti allahsızlıqda və digər günahlarda ittiham edir, dövlət isə onun vətəndaşların həyatındakı rolunu azaltmağa çalışır. Təəccüblü olan odur ki, kilsənin sıxışdırılması prosesi ictimai həyatda dindarların narazılığı ilə qarşılaşmır.
Müəllif yazır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanda "Yeni Ermənistan-yeni patriarx” şüarını dövriyyəyə buraxdılar. Bu təşəbbüsün müəllifləri dindarlar və Erməni apostol kilsəsinin rəhbəri İkinci Qaregindən narazı olanlar idi. Onlar katalikosun istefasını tələb edir, 20 il ərzində patriarx kilsəsini biznesə çevirdiyini, öz yaxın ətrafını kilsəyə topladığını vurğulayırlar. Eyni zamanda dini rəhbəri kilsəyə çoxarvadlı din xadimlərini, amoral biznesmenləri və bir sıra şübhə doğuran şəxsləri yığmaqda ittiham edirlər. Fəallar bir neçə dəfə etiraz aksiyaları, yürüşlər keçirib, katalikosa qarşı çıxıblar, məsələ hətta din xadimləri ilə dava-dalaşa da aparıb. Paşinyanın komandası əvvəlcə üsyançıların tərəfini tutmamağa və məsafə saxlamağa çalışsa da, sonradan açıq şəkildə onları müdafiə etməyə başladı. Keçmiş iqtidar partiyası olan Ermənistan Respublika Partiyasından olan deputat Miqran Akopyan katalikosu dövlət tərəfindən mühafizə olunan şəxslər sırasına daxil etmək təşəbbüsünü ortaya atanda isə buna icazə verilmədi. Hətta baş nazir bildirdi ki, gəlin elə təsəvvür yaratmayaq ki, katalikosa hansısa bir təhlükə mövcuddur. Əgər belə fikir varsa, düzgün deyil. Vəziyyət indi elədir ki, kilsənin vəziyyəti əvvəlki kimi deyil. Artıq ölkə rəhbərliyi kilsənin öyrəşdiyi qayğı və izzəti nümayiş etdirmir. Nikol hətta bir dəfə bildirib ki, kilsəni əvvəlki hakimiyyətin əlavəsinə çeviriblər. Bu fraza uzun müddət Paşinyanın əleyhdarlarının ona qarşı ittihamlar səsləndirməsinə səbəb oldu. Tək baş nazir deyil, bir sıra məmurlar da din xadimlərinin mütəmadi hiddətinə səbəb olurlar. Məsələn, Nikol Paşinyanın yaxın ətrafına daxil olan səhiyyə naziri Arsen Torosyan. Bu şəxsi erməni ateisti kimi tanıyırlar. O, "Facebook”da geniş müzakirələri ilə yadda qalıb. İndi də həmkarları tərəfindən ciddi tənqidlərə tuş gəlir. Nazirin bu yaxınlarda vəzifəsindən çıxarılan müşaviri bildirib ki, ölkəyə, erməni kilsəsinə nifrət edən belə nazir gərək deyil. Naziri erməni din xadimlərindən biri Komitas Ovananyan də sərt tənqid edib. Onun sözlərinə görə, Torosyanın xristianları görməyə gözü yoxdur. Başqa birisi - elm, təhsil, idman naziri Araik Arutunyan da bu sıradadır. Açıq şəkildə özünü ateist elan edib və antiklerikal baxışları ilə seçilir. Onun təşəbbüsü ilə məktəblərdən "erməni kilsəsinin tarixi” dərsliklərini çıxarmağa başlayıblar. Vaxtilə İkinci Qaregin və o vaxtkı baş nazir Andranik Markaryan bu dərsin məktəblərdə keçilməsi barədə razılıq əldə ediblər. Bəllidir ki, bu dərslik ilk növbədə məktəblərdə dinin təbliğinə yönəlib. Uşaqların məcburi qaydada dini ayinləri yetirə yetirmələri halları da var. Lakin yeni hakimiyyət bu dərsi ümumi erməni tarixinin içərisinə daxil etmək istəyir. Bu da o anlama gəlir ki, məktəbdə dinin tədrisindən imtina edilməsi nəzərdə tutulur. Təbii ki, buna görə, Erməni Apostol Kilsəsi qəzəbindən zəncir gəmirir. Yanvar ayında Arutunyan erməni kilsəsi ilə açıq diskussiya aparıb. Orta məktəblərdən birinə gedən zaman nazir, din xadimlərindən birini orada görüb buna qarşı çıxmışdı. "Sən burada neynirsən” deyə ona sual ünvanlayıb. Onun bu sözünə isə sosial şəbəkədə keşiş Kazar Petrosyan sərt cavab verib. Onu "təhsili olmayan gənc adam” adlandırıb. Nazir də borclu qalmayaraq bildirib ki, ölkədə savadı olmayan çoxlu sayda din xadimi var. Dini ictimaiyyətin hədələrinə Eçmiədzin meri Diana Qasparyan də məruz qalıb. Bu qadın ölkə tarixinə ilk qadın mer kimi düşüb. Dindarlar hesab edirlər ki, 32 yaşlı ateist xanım erməni dini mərkəzinin rəhbəri ola bilməz. Ona qarşı irəli sürülən tək ittiham, yalnız xanım merin baxışları ilə bağlı olub.
Məqalə müəllifi onu da qeyd edir ki, Ermənistanda din xadimlərinin özündən çıxaran başqa bir hal, hakimiyyətin LGTB cəmiyyətinə olan dözümlülük nümayiş etdirməsidir. Baş nazir şəxsən erməni ağırlıqqaldıran Meline Laluzyanı müdafiə edib. Bu xanım cinsini dəyişərək Mel adını alıb. Avropa çempionu və dünya çempionatının bürünc medalını qazanan bu idmançı barədə hazırda film də çəkilir, büdcədən bu məqsədlə maliyyə də ayrılıb. Baş nazir bu xanımı tənqid edənləri ucuz təbliğat aparmaqda ittiham edib.
Hakimiyyətin də kilsəyə iradları var. Məsələn, Yerevan rəhbərliyi erməni patriarxlığının kilsə tikintisi üçün yaşıllıq ərazilər hesabına yer ayırması ilə maraqlanıb. Hakim fraksiya - "Mənim addımım”dan olan deputat Levon Zakaryan bu torpaqların geri verilməsini tələb edib. Ümumiyyətlə, erməni məmurlarının yeni nəsli açıq şəkildə antiklerikal mövqe sərgiləyir. Kilsəyə isə belə şəraitdə fəaliyyət çox ağırdır. Artıq onun hakimiyyətlə problemləri ciddiləşir və özü də bu problem dini deyil, sekulyar haldır və bu da kilsə üçün ən arzuolunmaz ssenaridir.
Nəhayət, erməni kilsəsinin nüfuzuna ən böyük zərbəni onun xidmətçiləri vururlar. Qalmaqallı korrupsiya halları barədə çoxsaylı faktlar mövcuddur. Ararat yeparxiyasının rəhbəri Navasard Kçoyanın Afrikada almaz istehsalı il məşğul olan şirkətdə payının olduğu bildirilir. Onun, keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyanla da biznes qurduğu vurğulanır. "Bentli”də Yerevan küçələrində gəzən Kçoyanın ləqəbi "Bentli Samo”dur. Əvvəlki hakimiyyətlə sıx əlaqədə olan din xadimini silah gəzdirmək üstündə həbs də ediblər. O ki qaldı İkinci Qareginə - dollar milyoneri və cah-cəlallı həyat tərzi sürməsi ilə ad çıxaran bu şəxsin nikahdankənar övladlarının olması barədə söhbətlər dolaşır. "Lenta.ru”ya açıqlamasında adının çəkilməsini istəməyən məmur bildirib ki, ölkədə mənəvi dəyərlər üzərində mutasiya prosesi gedir. Onun sözlərinə görə, dinin nüfuzu və təsiri aşağı düşür. İnsan nə qədər savadlı və təhsilli olursa, bir o qədər sehrə, caduya az inanmağa başlayır və bu, normal haldır: "Biz insanların savadlı olmasına çalışırıq, kilsə də bununla barışmalıdır”.
Azər NURİYEV


banner

Oxşar Xəbərlər