AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dərsliklər xarici dildə, tələbələr də dil bilmirsə...

Dərsliklər xarici dildə, tələbələr də dil bilmirsə...

Təfsilat
29 İyul 2020, 10:00 2284
İncəsənət sahəsində Azərbaycan dilində dərs vəsaitlərinin olmaması keyfiyyətli kadrların hazırlanmasına mane olur
 
Yaradıcı mütəxəssislər yetişdirmək üçün ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) üzərinə böyük yük düşür. Burada daha çox praktiki biliklərə yiyələnmək əsas götürülsə də, nəzəriyyəyə də böyük önəm verilir. Xatirimdədir ki, bu təhsil ocağında müəllimlərimiz bizə daha çox rus mənbələrindən istinadlar verirdi, bir çox dərsliklərimizin rus dilində olmasından şikayətlənirdik. Üzərindən illər keçsə də, sözügedən mövzu aktual olaraq qalır. Təkcə ADMİU-da deyil, digər təhsil ocaqlarımızda da vəziyyət eynidir. 

Dəyişən bir şey var ki, əvvəllər tələbələrə rus mənbələri istinad göstərilirdisə, indi onlar türk mənbələri ilə əvəzlənib. Pedaqoqlarımız deyir ki, sovet dövrünün tələbələri rus dilində oxuduqları halda, bu günün tələbələri xarici ədəbiyyatı türk dilində oxumağa üstünlük verirlər. Çünki bu günün gəncləri rus dilinə o qədər də hakim deyillər.  
 
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti Vidadi Qafarov dərsliklər içərisində Azərbaycan dilində kitabların azlıq təşkil etməsini zamanın aktual məsələsi hesab edir: "Bu gün də sözügedən problem davam etməkdədir. Sovet dövründə - 90-cı illərə qədər Sənətşünaslıq, Teatrşünaslıq kimi fənləri tədris edənlər rus mənbələrindən faydalanıblar. Rus mənbələri də bildiyimiz kimi, çox zəngindir. Hansı ki, rus dilində olan bu kitablar dünya ədəbiyyatının, dramturgiyasının, sənətşünaslığının tarixi, nəzəri problemlərinin hamısını özündə əks etdirir. Biz də o dövrdə həmin mənbələrdən geniş faydalanır, istifadə edirdik. İndi isə təəssüf ki, bu günün uşaqlarının rus dili bilgiləri o səviyyədə deyil ki, həmin mənbələrdən istifadə etsinlər. İngilis dil bilgiləri də yaxşı deyil ki, ingilisdilli mənbələrdən yararlansınlar. Elmdə belə bir ifadə var ki, sənətşünaslığın dili əslində  fransız dilidir. Belə ki, əgər sənətşünaslıqla bağlı orijinal mənbələrə sahib olmaq istəyirsinizsə, fransız dərsliklərini oxumalısınız". 
 
Teatrşünas dövrümüzün tələbələrinin  nə rus, nə də ingilis dili biliklərinin yüksək olmadığını və buna görə də onların həmin mənbələrdən yararlana bilmədiklərini vurğulayır: "Ona görə pedaqoqların və müəllimlərin qarşısında böyük çətinliklər yaranır. Biz də çox vaxt birbaşa dərs zamanı sinxron tərcümə edirik. Ya da sinxron tərcümələri evdə hazırlayıb tələbələrə təqdim edirik. İndi tələbələrin ən çox istifadə etdiyi kitablar isə türk dilindədir. Onlar Osmanlı türkcəsində olan mənbələrdən istifadə edirlər. Əslində türk mənbələri də zəngindir. Orada dünya ədəbiyyatı, dramaturgiyası, sənətşünaslığı tərcümə edilib. Hərçənd o kitablarda da müəyyən çatışmazlıqlar var. Bəzən metodoloji, ideoloji problemlər özünü göstərir ki, tələbələr birbaşa süzgəcdən keçirmədən həmin mənbələrə yiyələnirlər və həmin mənbənin təsiri altına düşürlər. Ancaq bütün bunlar müəllim nəzarəti altında baş verəndə, daha faydalı olur. Bizim pedaqoqlarımız da tərcümələr edib tələbələrin maariflənməsi yolunda əllərindən gələni edirlər. Misal üçün, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova Erik Bentlinin "Dramın həyatı" kitabını dərs vəsaiti kimi tərcümə edib. Teatrşünaslıq kafedrasının dosenti Rəsmiyyə Mustafayeva Dimitri Kolisstovun "Antik teatr", Barabaşın "Müasir rus teatrı" kitablarını tərcümə edib. Aydın Talıbzadənin "Şərq teatrı tarixi" kitabı 3-cü dəfə yenilənmiş və redaktə olunmuş şəkildə çapa təqdim olunub. İsrafil İsrafilovun "Stanislavskinin nəzəri və təcrübi irsi" kitabı artıq çapa verilib. Yəqin yeni tədris ili üçün tələbələrə təqdim olunar. Bu istiqamətdə başqa işlər də görülür. Aydın Talıbzadənin "Faciə: janriçi mutasiyalar" kitabı tələbələrin nəzəri biliklərinin artırılmasına kömək ola bilər. Yəni bu istiqamətdə işlər görülür. Ümumiyyətlə, bu istiqamətdə tək pedaqoqlar deyil, tələbələr də çalışmalııdılar ki, alternativ dil öyrənsinlər. Bəzi uşaqlar nəinki rus dilini, heç kiril əlifbasını bilmirlər ki, Azərbaycan dilində sovet dönəmində çap olunmuş kitabları oxusunlar. Biz də məcburiyyət qarşısında qalırıq, icbari şəkildə tətbiq edirik ki, kiril əlifbasını öyrənib Azərbaycan dilində o kitabları oxuya bilsinlər. Bizim qarşımızda əsas problem budur ki, Azərbaycan müəlliflərinin sovet dövründə çap olunan dərsliklərinin yenidən nəşrinə ehtiyac var. Onlar Azərbaycan dilində olsa da, kiril əlifbasında çap olunub. Bu da hazırda tələbələrə çətinlik yaradır. Onların yenidən redaktəsi və nəşrinə ehtiyac var. Biri var xarici ədəbiyyatın tərcüməsi, biri də var ki, Azərbaycan dilində çap olunmuş əsərlərin yenidən nəşri. Bu da bizim tədris prosesinin qarşısında duran problemlərdən biridir". 

V.Qafarov tərcümə edilmiş kitabların mütəxəssis tərəfindən redaktə edilməsinin tərəfdarıdır: "Arzu edərdim ki, bu işdə tərcümə mərkəzləri də sənətşünaslara kömək etsin. Bəzən görürük ki, tərcümə edilmiş kitabların redaktəsini, tərcüməsini sənətşünaslıqdan uzaq olan biri edir. Orda terminoloji məsələlər var ki, mütləq sənətşünas redaktəsindən çıxmalıdır. Mütləq sənətşünas bir redaktor kitabda yazılanlara baxmalıdır ki, terminlər düzgün qeyd edilsin. Sənətşünaslığa yad olanlar kitabı tərcümə edəndə, xətalara yol verirlər ki, bu da tələbələri çaşdırır". 

ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllim olan Yaqut Paşazadə bildirir ki, əvvəlki illərə baxanda, hazırda tərcümə edilmiş dərsliklər kifayət qədərdir: "Təbii ki, tələbələrin alternativ dil bilməməsi xarici mənbələrdən məlumat əldə etmələrinə problem yaradır. Tələbələr internetin yaratdığı imkanlardan istifadə edib, lazımi materialları əldə edə bilsələr də, bu sahədə müəyyən çətinliklərimiz var. Müəllimlərin bu yöndə heç bir problemi yoxdur, çünki onlar alternativ dil bilgilərinə sahibdirlər. İl ötdükcə, yeni tərcümələr hazırlanır ki, bu da bizim işimizi yüngülləşdirir. Ancaq bu gün də rus dili dərslikləri və onların Azərbaycan dilində variantının olmaması problem olaraq qalır. Bizim öz müəllimlərimiz də tərcümə edirlər, ancaq bu kifayət etmir". 
 
Əməkdar artist, pedaqoq Nofəl Vəliyev deyir ki, dərs zamanı daha çox özünün tərcümə etdiyi materiallardan, əl yazılarından istifadə edir: "Azərbaycan dilində tərcümə edilmiş, mütəxəssislər tərəfindən yazılmış hansı kitablar varsa, onlardan faydalanmağa çalışıram. Nəinki dərsliklər, evimdə olan kitabxanamdakı demək olar ki, bütün kitablar da rus dilindədir. Azərbaycan dilinə Stanislavskinin birinci və ikinci cildi tərcümə edilib. Kifayət qədər lazımlı tərcümədir. Tərcümə o qədər də yüksək keyfiyyətdə olmasa da, tələbələr ondan yararlanır. Mehdi Məmmədovun "Rejissor sənəti" kitabından istifadə edirik. Tələbələrə əlavə məlumatlar vermək üçün əsas etibarı ilə rus kitablarından materiallar hazırlayıram. Amma o materialları özüm tərcümə edirəm. Düzdür, bu istiqamətdə tərcümə edilmiş kitablar çap olunsa da, onlar zəifdir. Ancaq buna da şükür". 

Pedaqoq qeyd edir ki, rus dilini sovet dövrünün gəncləri oxuyaraq deyil, eşidərək öyrənib: "Əslində rus dili asan bir dil deyil. Öz dilimizdə nə qədər çox dərslik və kitablar olsa, onlardan daha çox istifadə edərik. Nə qədər Azərbaycan dilində dərsliklərimiz olsa da, rus dərsliklərimiz də az deyil. Demirəm ki, rus materiallarının hər kəlməsi Quran ayəsidir. Elə deyil, amma məsləhətli dərsliklərdir. Xaricə gedəndə kitablar alıram, onlar da rus dilində olur və oxuyub tərcümə edirəm". 

Kitabların tərcüməsinə gəldikdə isə, N.Vəliyev qeyd edir ki, yaxşı ödəniş olsa, xeyli müəllimlərimiz var ki, onlar bu işin öhdəsindən peşəkarlıqla gələ bilər: "Müəyyən nəşriyyatlar onlara lazım olan bədii ədəbiyyat tərcümə edirlər. Kim dərsliklərin tərcümə edilməsi üçün pul ayırar ki? Tərcümə asan iş deyil. Mənim özümün bəzi tərcümələrim var, özümə lazım olduğu üçün istifadə edirəm". 
 
"Rebus" teatrının direktoru, ADMİU-nun pedaqoqu Ceyhun Dadaşov isə bildirir ki, bu istiqamətdə problem hər zaman mövcud olub: "Danılmaz faktdır ki, incəsənət sahəsində ali təhsil ocaqlarının istifadə etdikləri dərslik materiallarının 90 faizini rus dilində olan kitablar təşkil edir. Hətta ingilis dilində olan materiallar belə, rus dilindən tərcümə edilənlərdir. Bir çox kitablar dilimizə tərcümə edilib, onun da bir əmması var. Misal üçün, Mixayl Çexovun "Aktyor texnikası" kitabı dilimizə tərcümə edilsə də, bəzi uyğunsuzluqlar var. Kitabı peşəkar teatr bilicisinin tərcümə etmədiyi hiss olunur. Bəzi yerlərdə əsas mövzular tam çatdırılmayıb. Düzdür, heç olmamasından yaxşıdır, amma daha mükəmməli ola bilərdi. Tələbələrin əksəriyyəti türk dilini bildiyi üçün çox vaxt onları türk mənbələrinə yönəldirəm. Əvvəlki vaxta baxanda, indi uşaqlar rus dilini bilmir. Məndə olan Azərbaycan materiallarını verirəm. Belə ki, dərs zamanı özüm danışır, internet resurslarının bizə verdiyi imkanlardan faydalanıb, "Youtube" kanalında müəyyən mövzular haqqında danışıb, ora yerləşdirirəm ki, bu da tələbələrin məhz bu materiallardan istifadə etməsinə kömək etmiş olur". 

C.Dadaşov Təhsil Nazirliyi tərəfindən qrant ayrılarsa, mütəxəssislərin rus dilində olan kitabların tərcüməsində daha maraqlı ola biləcəklərini qeyd edir. Əks təqdirdə, heç bir mütəxəssis illərini sərf edib, cild-cild kitablar tərcümə etməz. 

Pedaqoq deyir ki, bu günün tələbələri oxumağa meyilli deyil: "İşim yazmaq olmasa da, bir çox mövzularla bağlı materialları yazılı şəkildə hazırlayırdım. Ancaq şahid oldum ki, bu günkü gənclik oxumağa o qədər də maraqlı deyil. Tək tədris sistemində belə deyil, demək olar ki, əksər sahələrdə eyni prosesin yaşandığının şahidi oluruq. Elə götürək mətbuatı. Nədənsə böyük həcmli materiallar çox az oxunur. İnsanlar daha çox görüntüyə üstünlük verirlər. Ona görə də "Youtube" versiyasını istifadə edirəm. Tələbələr dinləyərək öyrənirlər. Ancaq bu elə də yaxşı hal deyil. Çünki "Youtube"da danışanda, müəyyən dərəcədə təhriflər ola bilər. Yəni orijinal mənbə hesab olunmur. Amma əlimizdən başqa heç nə gəlmir. Ah-nalə etməkdənsə, bir yol tapmaq lazımdır". 
 
Xəyalə Rəis