• cümə, 19 Aprel, 05:55
  • Baku Bakı 18°C

Dərsə gedən müəllimlər

04.07.15 12:44 4229
Dərsə gedən müəllimlər
Təlimçi: “Uşaqlara yeni mövzular, bacarıqlar öyrətmək başqa şeydir, elm sahəsində bilikləri olan insanlarla işləmək tamam başqa”
Təhsil Nazirliyi “Fənn müəllimlərinin ixtisasartırma təlimi kursları”na start verib. Nazirliyin yeni layihəsinin ideyası 2014-cü ildə Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi nəticələrinin təhlili əsasında yaranıb. Müəyyən hazırlıq işləri həyata keçirildikdən sonra layihəyə start verilib. Nazirliyin məlumatına görə, son illər ərzində ilk dəfə olaraq ixtisasartırma kursları müəllimlərin təlim ehtiyacları öyrənilməklə təşkil edilir. Belə ki, tədris proqramları təklif deyil, tələblər üzərində qurulur. Hazırda Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, tarix, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənnləri üzrə təlim kursları keçirilir.
177 saylı tam orta məktəbin riyaziyyat-informatika müəllimi və məktəbin direktor müavini Arzu Süleymanova “Kaspi”yə müsahibəsində ixtisasartırma təlimlərinin əhəmiyyətindən danışıb.
Yeniliklərin müəllimlərə çatdırılması

- Fənn müəllimlərinin ixtisasartırma təlimlərinə start verilib. Bu təlimlərin keçirilməsində məqsəd nədir?

- Keçən il Bakı şəhəri üzrə müəllimlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi keçirildi. Məqsəd müəllimlərin ixtisas biliyi və tədris fəaliyyətinin səviyyəsi haqqında məlumatlar əldə etmək idi. Sınaq qiymətləndirmənin nəticələri göstərdi ki, müəllimlərin bir hissəsinin fənnin məzmunu ilə bağlı biliklərini yeniləməyə, digərlərinin metodiki yönümdən təkmilləşməyə, bəzi müəllimlərin isə həm bilik, həm də bacarıqlarını inkişaf etdirməyə ehtiyacı var. Təhsil Nazirliyi həmin məlumatlara əsaslanaraq müəllimlərin ehtiyaclarına uyğun ixtisasartırma təlimi kursları təşkil etmək qərarına gəldi. İlk olaraq müəllimlərin fənn biliklərinin inkişafı ilə bağlı təkmilləşdirmə kurslarına cəlb edilməsi qərara alındı. Proses müəllimin məktəbdəki tədris fəaliyyətini təkmilləşdirmək məqsədini daşıyır. Müəllimlər bu təlim kurslarından daha çox bilik, bacarıq əldə etməyə və təcrübələrini artırmağa çalışmalıdırlar.
- Əvvəllər də Bakı Baş Pedaqoji Kadrları İxtisasartırma İnstitutu tərəfindən fənn ixtisaslaşdırma kursları təşkil olunurdu. Təhsil Nazirliyinin təşkil etdiyi bu kursların ənənəvi kurslardan fərqi nədir?

- Əvvəllər proqramlar tərtib olunurdu və müəllimlər həmin proqramlar əsasında təlim kursları keçirdilər. Hazırkı proqramlarda isə həqiqətən müəllimlərin ehtiyac duyduğu yeniliklər yer alıb. Elm get-gedə inkişaf edir, informasiyalar artır və yenilənir. İxtisasartırma təlimləri ilk növbədə fənnin məzmunu ilə bağlı biliklərini yeniləməyə ehtiyacı olan müəllimlər üçün təşkil edilib. Hazırkı proqramlar iki modul əsasında tərtib olunub. Birinci modul 5-8-ci sinifləri, 2-ci modul isə 9-11-ci sinifləri əhatə edir. Hər iki təlim 120 akademik saatlıq proqramdan ibarətdir. Təlimlərin gedişi zamanı bütün yeniliklərin müəllimlərə çatdırılması əsas məqsədlərdəndir.
- Ümumiyyətlə, təlimlərdən gözləntilər nədir və kursların müəllimlər üçün hansı faydası olacaq?

- Açıq deməliyəm ki, müəllimlər ilk günlər təlimlərə həvəssiz qoşulurdular. 2-3 gündən sonra isə onlarda böyük maraq yarandı və bu təlimlərin davam etməsini istədilər. Mənim riyaziyyat fənni ilə bağlı tədris etdiyim kurslara əsasən Qaradağ və Pirallahı rayonlarından qatılan müəllimlər var. Onlar «fənnlərin yeniliklərini, həmin yeniliklərin şagirdlərə çatdırılma detallarını və s. öyrəndik» - deyə maraqlarını bildirirlər. Müəllimlərimiz var ki, universitetləri xeyli müddət əvvəl bitiriblər. Müəllimləri müəyyən dövr ərzində tədris etdikləri fənnə aid yeniliklərlə tanış etmək lazımdır. Uzun illər IX-XI siniflərdə tədris aparan müəllimlərin aşağı siniflərin məzmununu təkrar etmək imkanları olmur. Ola bilsin ki, bəzi müəllimlər 5-ci sinifdə dərs deyirlər, ancaq 7-ci sinfin proqramından xəbərsizdirlər. Təbii ki, zaman keçdikcə bəzi mövzular, detallar yaddan çıxır. Praktika olmayanda hansısa mövzuların tədrisində çətinlik yaranır. Bu kurslar müəllimlərə çox mövzunu təkrarladır və fənnlə bağlı yenilikləri öyrədir. Artıq təlim kurslarına cəlb olunan müəllimlər “Biz mövzuları təkrarlayırıq, yenilikləri öyrənirik və bu təlimlər davamlı olsa faydalı olar” - deyə həvəslənirlər. Kursda elə müəllimlər var ki, onlar bu qiymətləndirməni verib ikinci modul üzrə təlimlərə yazılmağa hazırlaşırlar. İlk növbədə yüksək keyfiyyətli təlim kurslarının təşkilinə nail olmaq lazımdır ki, müəllimlər özü həmin kurslarda iştirak etməyə can atsın.
Təlimlər davamlı olacaq

- Təlimlər hansı siniflər və fənnlər üzrə keçirilir?

- Hazırda dərslər birinci modul üzrə həyata keçirilir. Təlim kursları 8 fənn üzrə 5 və 9-cu sinifləri əhatə edir. Təlimlər davamlı olacaq və digər modullarda müəllimlər kursa davam edəcəklər. Hələlik kurslar Bakı məktəbləri üçün nəzərdə tutulub. Çünki bu təlimlər sınaq qiymətləndirmənin nəticəsindən irəli gəldiyindən ixtisasartırma kursları da yalnız Bakı şəhəri üzrə həyata keçirilir.
- Hansı fənnlər üzrə yeniliklər daha çox baş verir ki, müəllimlərin onları öyrənməyə ehtiyacları var?

- Riyaziyyat dəqiq elm olduğundan bu fənn üzrə yeniliklər o qədər baş vermir. Ancaq fənn üzrə müəllimin fəaliyyəti, həmin riyazi biliklərin uşaqlara çatdırılması ilə bağlı hansısa metodlarla bağlı çox böyük yeniliklər var. Biz də çalışırıq ki, həmin yenilik və metodları xatırladaq və sırf praktik kursda uşaqlara hansı metodların faydalı olduğuna əmin olaq, eyni zamanda hansı strategiyaları tətbiq etmək lazım olduğunu bilək.
- Bəs fənnləri tədris edən təlimçilər özləri yeniliklərə necə yiyələnirlər?

- Təlim kurslarına ümumtəhsil məktəblərinin, müxtəlif tədris kurslarının təcrübəli müəllimləri təlimçi kimi dəvət olunub. Onlar xüsusən sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərdir. Yəni onlar həmin yüksək nəticəni göstərmək üçün peşəkarlıq və tədris etdiyi fənn sahəsində savadının yüksək olması ilə fərqlənib. Təlimçi müəllimlərlə əvvəlcədən bir neçə ay ərzində iş aparılıb. Kursda tədris olunacaq proqramların ekspertlər tərəfindən əvvəlcədən hazırlanmasına baxmayaraq, təlimçilərlə birgə həmin proqram dəfələrlə müzakirə edilib. Kurslar başlayan günə qədər proqramda bir sıra dəyişikliklər edilərək təkmilləşdirilib və bir daha müəllimlərin istək və ehtiyaclarına uyğunlaşdırılıb.
Təlim prosesində müəllimlərlə ünsiyyətdə olmağın özü də maraqlıdır. Uşaqlara yeni mövzular, bacarıqlar öyrətmək fərqli bir şeydir, amma həmin elm sahəsində müəyyən bilikləri olan insanlarla işləmək həm çətin, həm də maraqlıdır.
- Təlimçilərin cəlb olunması üçün ayrıca təlim mərkəzləri fəaliyyət göstərirmi?

- Təhsil Nazirliyi yaxın gələcəkdə ixtisasartırma kurslarını Bakı şəhərinin rayonları üzrə təlim mərkəzlərində təşkil etməyi planlaşdırır. Yəni Bakı şəhərinin 12 rayonunun hər birində təlim mərkəzləri yaradılacaq. Hazırda isə iki təlim mərkəzi fəaliyyət göstərir. Nərimanov rayonundakı 45 saylı məktəbdə və Nizami rayonundakı 214 saylı məktəblərdə fəaliyyət göstərən təlim mərkəzlərində müəllimlər üçün kurslar keçirilir. Zamanla bütün müəllimlər təlim kurslarından keçəcək və onların ehtiyaclarına uyğun təlim kurslarında iştirak etməsi üçün hər cür şərait yaradılacaq. Kurslar tədris ili boyunca davam edəcək və müəllimlər kursa qatılmaq vaxtını özləri seçib müraciət edəcəklər. Hazırda təlim kurslarına 400-ə yaxın müəllim cəlb olunub və onlarla 30-a yaxın təlimçi məşğul olur. Təlim mərkəzlərində koordinatorlar işin gedişinə nəzarət edir. Proqramın sonunda yekun qiymətləndirmə keçiriləcək.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər