• cümə, 29 Mart, 19:46
  • Baku Bakı 14°C

DƏRDİNİ NƏZM İLƏ YAZAN ŞAİR

18.01.16 10:11 1880
DƏRDİNİ NƏZM İLƏ YAZAN ŞAİR
Onunla bir tele-şirkətdə çalışsaq da, bir-birimizdən hal-əhval tutsaq da, imzasını tanısam da bu şəxsin qəzəllərini böyük maraqla oxuduğum Əli Aslanoğlu olduğunu bilmirdim. Halbuki mən onun hekayə və novellalarınından, publisistikasından xəbərdar idim. Hələ sovet dövründə Cənubi Yəmən Ərəb Respublikasında böyük mühəndis - sovet mütəxəssislərinin rəhbəri vəzifəsində çalışdığını da eşitmişdim. Müəllifin “Muğam poetikası və idrak” adlı monoqrafiyasında ilk dəfə olaraq Azərbaycan muğamlarının geniş və fundamental fəlsəfi təhlili verilmişdir. Orijinal üsullarla muğamlarımızı araşdırması mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Bir oxucu kimi isə mənim diqqətimi çəkən onun poetik dünyası olub. Əli müəllim barəsində yazan bütün ədəbiyyatşünas alimlər eyni bir fikri daha çox vurğulayırlar: onun qəzəl janrına gətirdiyi yeniliklər üslub və məna tutumu baxımdan seçilir.
Nə yaxşı ki, Əli Aslanoğlu mənə yeni kitablarını bağışladı. Qürur və fərəh duydum ki, hörmətli Şirindil Alışanovun təbirincə söyləsəm, mənim iş yoldaşım əruz şeirinə, Şərq dillərinə yaxından bələddir. Onun qəzəlləri diqqətəlayiqdir. Müəllifin “anadır” rədifli qəzəli məni elə riqqətə gətirdi ki...

Tanrının öz haqqıçün imanda min səcdəsi var,
Haqqına qoymaz tələb bir təkcə iman anadır!

Həqiqətən də “borcunu qaytarmağa imkanı olmaz balanın”. Canımıza canından can verən ana haqqında ilahi şeirlər, qəzəllər çox yazılıb. Amma gəlin etiraf edək ki, Əli Aslanoğlunun bu qəzəli seçilən bədii nümunədir. “Ana haqqı Tanrı haqqıdır” deyirlər, amma müəllif o qədər dəqiq və səlis izahat verir ki, gər cahan cənnət isə, əlbəttə, rizvan anadır!
Unudulmaz Məmməd Aslanın bir fikri ürəyimdən xəbər verdi: “Bu şairdən klassik şairlərin havası gəlir və təbii ki, bu havada Əli bəyin özünəməxsus, amma o ulu şairlərimizə çəkən bir bəlli ətir, bir doğma ovqat əsintisi, bir şeir təntənəsi duyulur. Onun əsərlərini, xüsusilə ədəbiyyatın mübarək klassik suyu ilə bəslənib ərsəyə gəlmiş qəzəllərini oxuyanda bunların müəllifini yan-yörəndə unudub (bəlkə də görə bilməyib), üzünü ötən əsrlərə tutursan, uzaqlarda qalan möhtəşəm bir şair dədəmizi xəyalına gətirmək istəyirsən”. İndiki ədəbi mənzərədə Əli Aslanoğlu kimi şairlər çox azdır. Məncə, “Şeir” yazan çoxdur, amma əsl şair qəhətliyi - qəzəlxan azlığı var. Ütülmüş, ütülənmiş, canı üzülmüş qafiyələr, bir-birinin solğun surətini çıxaran “şeirlər” təbii ki, söz xiridarlarını bezdirib. Sözün urvatdan salındığı bir vaxtda Əli Aslanoğlunun qəzəlləri ruhumuzu oxşadı:
Haqqa gedən işıq ucu daim sözün düzündədir,
Nur deyilən o saf işıq mərd kişilər üzündədir.
Haqqı qoyub içində sən düşmə elə diyar-diyar,
Yoxla əzəl ürəyini, gör nə qədər özündədir.

Ədəbiyyata, xüsusilə də bədii yaradıcılığa qeyri ciddi münasibətin getdikcə gücləndiyi bir zamanda Əli Aslanoğlu kimi ciddi, istedadlı və novator bir şairimizin-qəzəlxanın var olması məni çox sevindirdi. Onun qəzəl gülüstanından hansı ləçəyi çəksən rəngarəngdir, ətirlidir, yaşıldır və bədii məzmununa görə də mənalı, təsirli, ən başlıcası səmimidir. Filologiya elmləri doktoru professor Nizami Cəfərovun şairin yaradıcılığı ilə əlaqədar yazdığı bir məqalədən gətirdiyim bu sitat Əli Aslanoğlu poetik dünyasının bütün məziyyətlərini əks etdirir: “Cəsarətlə demək olar ki, Əlinin qəzəl yaradıcılığı ədəbiyyatımızda yeni bir mərhələnin - intellekt poeziyasının mərhələsinin başlanğıcıdır. Burada aşiqanə duyğular, hər addımda elmi-nəzəri dünyagörüşlə paralel gedir, olanın və olacağın səbəb-nəticə əlaqələri müasir idrak müstəvisində görüntüyə gətirilir”. Bu təqdimat da o qədər təbii və ustalıqla həyata keçirilir ki, oxucu heyrətlənməyə və onu məhəbbətlə qəbul etməyə bilmir. Şairin məharəti də bundadır. Səni ilk kəlməndən, misrandan anlasınlar, yaxud da sevsinlər. Əslində hər bir qələm sahibi özü sözüylə mənəvi pasportunu yarada bilir. Belə bir deyim də var ki, söz adamın içinin ətridir. Əli Aslanoğlu daxilən zəngin və söz ehtiyatı bol olan həmkarlarımızdandır. Bu səbəbdən də onun poeziyası həsrətlə məhəbbətin, tərənnümlə xiffətin, vüsalla ayrılığın, dərdlə sevincin libasına elə məharətlə bürünüb ki, oxuduqca özünü gah göyün yeddinci qatında, gah da yerin təkində kədərlə qol-boyunda hiss edirsən. Budur şerin gücü sənə həyatın bütün təzadlarını poetik şəkildə çatdıra bilsin.
Nədir bu şairin istəyi? Ən dolğun cavabı qəzəllərində tapmaq mümkündür:
İstərəm haqqım kəsən hər bir zaman qəmxar ola!
İstərəm evlər yıxan həm böylə də tarmar ola!
İstərəm ki, saxta iş dünyada faş, həm car ola,
İstərəm aləm bilə, hər nanəcib aşkar ola!
İstərəm yollar kəsən həsrət qala hər bir yola,
İstərəm qanqal tikan əynində dar paltar ola!

Əli Aslanoğlunun qəzəllərində duyulan ürfanlıq onun ustadlarına - Nəsimiyə, Füzuliyə, Vahidə, Süleyman Rüstəmə dərindən bağlılığından, onların qəzəl janrına gətirdiyi fəlsəfi fikirləri ustalıqla davam etdirdiyindən, bir sözlə, ənənələrə sadiqliyindən xəbər verir. Böyük Məmməd Araz dərin üzüntü ilə deyirdi ki, indi şeir yazmaq siqaret çəkməkdən asan olubdur. Hər yerindən duranın az qala şair olması sanki bir dəb halını alıb. Əlbəttə, zəif yazılar heç vaxt ədəbi əsərlərin sırasında yer tuta bilməz. Sadəcə, hansısa bir istedadlının qəlbinə toxunur, onu geriyə itələyir, vaxtında üzə çıxmasına, tanınmasına, çapına əngəl törədir. Doğrudan da, “abır bəzən tələdi, sinəndən itələdi” – deyən Məmməd Aslanın bu sözlərində necə də dərin məna və həqiqət var. Belə olmasaydı, son vaxtlar tez-tez rastlaşdığım, salamlaşdığım, söhbət etdiyim iş yoldaşımın gözəl qəzəlxanlığından məlumatsız qalmazdım.
Əli Aslanoğlu təqdir ediləsi, təbliğ olunası qələm sahibidir. Sadəcə onun yaradıcılığını öyrənmək, bədii əsərlərini mütləq oxumaq lazımdır. Xüsusi ilə də qəzəlləri bir başqa aləmdir. Görün necə məsuliyyət və dərin məhəbbətlə qəzələ qiymət verir:
...Elmsiz, fəlsəfəsiz iqbalı puçdur yazanın,
Çox dərin anlamı ilə söhbətli meydandı qəzəl.

“Söz düzüb beş-on sətir, sanıma qəzəlxan olmuşam” yazan müəllifin mövzuları müxtəlifdir. Bütün klassik və müasir həmkarları kimi Vətəndən, anadan, məhəbbətdən, dostluqdan, sədaqətdən, vəfadan, etibardan, bir sözlə insanı düşündürən, yaşadan nə varsa hamısından yazır, bizim həssas qəlbli şair qardaşımız. Təqdirə layiqdir ki, nə yazırsa öz möhürünü vurur. Köhnə mövzularda yeni söz demək nə qədər çətindirsə, həm də şərəfdir. Özünün dediyi kimi, söz də yolçu kimi səhrada yol aza bilər. Gərək sarvan istedadlı ola ki, sözün şirəsi itməyə, urvatdan düşməyə. Əli Aslanoğlu sözün qüdrətinə sığınan, onu silahlandırıb döyüşə göndərməyi bacaran qələm sahibidir: “Sal nəzər məzmununa çoxölçülü aləmlərin, dünyanın dərkindəki imkanını göstər, baxım!”
Şairin qəzəllərində bir şahlıq quşu var. Demək olar ki, bütün mövzuların rəngini öz paltarından biçmək istəyir. Bu, müəllifin ürəyinin odunu, ağrı və həyəcanlarını, nisgillərini, nigarançılığını öz ovcunda saxlamaq istəyən dərddi. “Dərdi dərd üstə qoyub könlüncə abad eylədin” deyərək onu incitmək istəyən sitəmkara da elə onun öz dilində bir qəm nəğməsi oxumağı bacarıb, Əli Aslanoğlu. Daha dəqiq ifadə etsəm, dərdini nəzmə çəkməyi elə ustalıqla naxışlayıb ki...
Ya Əli, təhlil edən varmıdır haqsız olanı ?
Varsa gər yatmışmıdır, böylə bir müddətdə hanı?!

Yazımı akademik Teymur Kərimlinin bir fikri ilə tamamlayaraq şair qardaşıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram: “Əli Aslanoğlu qəzələ yeni sözlər, yeni müraciət və müqayisə formaları daxil etməklə bu klassik növü xeyli dərəcədə zənginləşdirmiş, müasirləşdirmişdir”.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist.
banner

Oxşar Xəbərlər