“Dərd odur ki, qeyri-peşəkarlara uduzduq”

Məzahir Həşimov: "İncəsənət Universitetinin gücü
kadr yetişdirməyə çatmır"
O, həyatının
ən gözəl illərini bada verməyənlərdəndir. Özünü müxtəlif sahələrdə sınayıb və
"Əgər bir işdə çalışacamsa, bu işin peşəkarı olmalıyam" deyərək,
seçdiyi ixtisası peşəkarlardan mənimsəməyə çalışıb. Müsahibim Məzahir Həşimovyeniyetmə yaşlarında KVN-də çalışıb, bir müddət sonra özünü aparıcı kimi
sınayıb, aktyor kimi filmlərdə rol alıb, daha sonra Sergey Gerasimov adına
Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda (VGİK) təhsilini davam etdirib.
Bu gün isə dövlət sifarişi ilə film çəkir.
- Məzahir bəy, nə üçün bizim tanınmış aktyor və
rejissorlarımızın yolu, adətən, KVN-dən keçir?
- Təhsil
aldığım orta məkətbədə KVN komandası var idi. Zavod və fabriklərdə isə həvəskar,
"xalq teatrları” deyilən dərnəklər fəaliyyət göstərirdi. Br çox xalq artistlərimiz
məhz belə teatrlarda ilk addımlarını atıb. Çox təəsüf ki, 90-cı illərdə bu teatrlar ləğv olundu. Ancaq mənim incəsənətə
bağlılığım tək KVN-lə deyil. Bu, genlə gələn bir bağlılıqdır. Atam musiqiçidir.
Zamanında teatr direktoru olub. Uzun zaman 30 universitet komandası arasında
KVN çempionatlarını təşkil etmişəm. Ssenari yazılması, musiqi tərtibatı,
aktyorlarla iş və sair kimi fəaliyyət qeyri-professional, lakin yaradıcılığa doğru
ilk addımım idi.
- Aparıcısı olduğunuz "Mix şou" ilə nə əldə
etdiniz? Ümumiyyətlə, televiziya layihəsində
aparıcı kimi çıxış etməyin avantajları nələr idi?
- Öncə onu
qeyd edim ki, məni kinoya "Mix şou" gətirib. Belə ki, KVN-də çalışarkən ssenaristlər və
aktyorlarla tanış olmuşdum. Onlarla əlaqə qurdum və belə bir layihə etdim.
Açığı, bu şounun ilk variantını efir üçün düşünməmişdim. Sözügedən layihə Azərbaycanda
bir ilk idi və uğurlu layihələrdən oldu. Daha sonra "Milli production” MMC
yaratdım və bunun televiziya layihəsini
etdik. Beləliklə, mən efirdə aktyor kimi də rol alırdım. Bir gün İctimai Televiziyadan əlaqə saxladılar və məni
filmə çəkmək istədiklərini bildirdilər. Düzü, əvvəlcə inanmadım, amma dedim ki,
gələrəm. Əslində, getmək fikrim yox idi. Axşam yenə zəng gəldi və dedilər ki, sabah
mütləq gəlin. İnanmasam da, getdim, gördüm ki, doğrudan da Cavid Təvəkkül məni
gözləyir. Beləcə, həm Cavid Təvəkküllə tanış oldum, həm də "Fosfor
adam" filminə çəkildim. Həmin filmdə Habil-Qabil qardaşlarından birini
oynadım.
- VGİK-lə ilk tanışlığınız nə zaman yarandı və
orada təhsil almaq imkanını necə əldə etdiniz?
-
Bir yanlış fikrə
aydınlıq gətirim. Məni nazirlik oxumağa göndərməyib. Çoxları elə düşünür
ki, mən xüsusi proqramla oraya təhsil almağa getmişəm. Özüm imtahan verib həmin
ali təhsil ocağına qəbul olduqdan sonra Mədəniyyət Nazirliyi mənə dəstək olub.
O ki qaldı necə tanışlığıma, aktyorluq etsəm də, aktyor olmağı düşünmürdüm. Rejissorluğu
özümə daha yaxın bilirdim və qərara gəldim ki, görkəmli dramaturqumuz Rüstəm
İbrahimbəyovun o zamankı məktəbinə daxi olum. "Dom sovet”ə gəldikdə, dedilər
ki, bu işlə Cəmil Quliyev məşğul olur.
Beləcə, Cəmil müəllimlə tanış oldum. Ondan da kino sənətinin "ilk
açarını" aldım. VGİK barədə məlumatıda
elə Cəmil Quliyevdən aldım. Moskvaya yollandım və düz 1 ay Rusiya vətəndaşları
ilə bərabər VGİK-ə imtahan verdim. Sonda
ustadım Sergey Solovyovla müsahibə oldu.
- Onunla ilk tanışlığınız da elə orda yarandı?
- Demək olar ki... O, məni ilk dəfə görəndə dedi ki, aktyor
olmaq istəyirsən? Mən ona aktyor deyil, rejissor olmaq istədiyimi deyəndə
"çox heyf" dedi. Solovyovun hər sualına cavab fikirləşmişdim, lakin
bir sualdan başqa: "Sizə film çəkməyə imkan versəm, hansı filmi çəkərsiniz?"
Yəni bu o demək idi ki, ssenari danışmalıyam. Həmin dəqiqə ilk ağlıma gələn
ssenarini ona danışdım. Yəni orada fikirləşdim və o da bunu bəyəndi. Beləliklə,
mən VGİK tələbəsi oldum.
- Bu ali təhsil ocağı sizə nə qazandırdı?
- Böyük
hərflərlə deyə bilərəm ki, çox şey, hətta hər şey... Bilmədiklərimi… Hesab edirəm
ki, kinonun sirlərini ancaq VGİK sistemi
düzgün öyrədə bilir. Belə olmasaydı, yəni dünyanın ən qabaqcıl kino məkanı
sayılan Amerikadan bura təhsil almağa tələbələr gəlməzdi. Nəinki Amerika,
dünyanın hər yanından bura tələbələr axışır. Onu da qeyd edim ki, burada 5
illik bakalavr təhsili almaq hər kəsə nəsib
olmur. Mən o xoşbəxtlər sırasındayam.
- Bizdə belə bir anlayış var ki, əgər xaricdə təhsil
alıbsa, mütləq kamildir, savadlıdır, həmyaşıdlarından bir addım öndədir.
- Təhsil
almaq ən önəmli amillərdəndir. Fərqi yoxdur, bu təhsili harada alırsan. Necə
ki, yazmağı öyrənəndə öncə əlifbanı öyrənirik, kino da elədir. Kino dilini bilmək
üçün kino əlifbasını bilmək vacibdir. İkincisi isə insanın özündə olmayandan
sonra hara gedirsən-get, dəyişən bir şey olmayacaq. Mən VGİK-yə qəbul olub,
kino dilinə yiyələndikdən, biliyimi artırdıqdan sonra belə bir fikrə gəldim ki,
praktika hər zaman mütləqdir.Xaricdə
təhsil almaq yüksək göstərici olmasa da, yerli yeganə kino məktəbi sayılan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetindən fərqli olaraq, orda tək
kinematoqrafiyaya deyil, həm də psixologiyaya üstünlük verilir. VGİK-də əsas
proqramlardan biri də psixologiyadır. Dünyada o qədər yararsız məktəblər var
ki, diplom satırlar. Ancaq VGİK belə məktəblərdən deyil. Burada pulla heç nə edə
bilməzsən, dərsə gəlmədinsə, qovulacaqsan, tapşırıqları yerinə yetirmədinsə, yenə qovulursan. İmtahanlardan kəsildin,
qovulursan. 15- 20 arası rejissor qəbul
olur hər il, sonda onlardan 5-i diplom alsa, böyük şeydir. Fərq etmir, sən Rusiya vətəndaşısan və
yaxud əcnəbi. Qoyulan qanun hamı üçündür. Sağam rəqabət gedir. Hər çəkdiyin
film böyük kinozalda bütün universitet tələbələri və müəllimlər qarşısında
nümayiş olunur. Bizim emalatxanada 22 rejissor vardı, onlardan 8 nəfəri diplom
aldı. Universitetə qəbul olanda rektorla görüş oldu. O dedi ki, biz sizə burda
heç nə öyrətmirik. Mən sizə hər şəraiti yaratmışam. Yataqxana vermişəm, aktrisa
vermişəm, operator, rəssam, bəstəkar vermişəm, gedin birləşin, nə istəyirsiz
edin, ortaya film qoyun. Bunu eşidəndə adama
qəribə gəlirdi. Daha sonra
anlayırsan ki, necə də düzgün fikirdir. Bizə istiqamət verilir və bizdə olanı ortaya qoymalıyıq. Yəni bu,
birbaşa insandan asılıdır. Xaricdə təhsilin üstün cəhətlərindən biri də odur
ki, rejissor qapalı olmur. Tənqidə açıq olur. Biz hər dəfə kurs, diplom işi və
ya tamaşalar olanda bunu açıq müzakirə edirik. Bu, rejissoru tənqidə
hazırlayır. Bu gün bizim rejissorların 90 % bunu anlamır, tənqidi qəbul etmir.
Yəni deməyim odur ki, kinematoqraf kənara çıxmalı, dünya ilə tanış olmalıdır.
İncəsənət universiteti özü bu təşəbbüsü yaratmalıdır. Tələbələrini heç olmasa,
hər il bir illik də olsa, xarici kino məktəblərinə göndərməlidir. Müəllimləri göndərməlidir ki, xarici kino məktəblərindəki
proqramı mənimsəsinlər.
- Geri döndükdən sonra kino sektorunda
qarşılaşdığınız mənzərəyə qane ola bildiniz?
- Geri
döndükdən sonra elə itib-batdım ki, indi-indi özümə gəlirəm. Dərd odur ki,
qeyri-peşəkarlara uduzduq. Artıq 5 il ötüb geri dönməyimdən. Bu vaxt ərzində
qeybətdən başqa inkişaf görmədim. Düzdür, 2015-ci ildə geri döndükdən sonra bir
müddət ANS telekanalında fəaliyyət göstərdim, animasiya filmi çəkilməsində
yardımçı oldum, ssenarist kimi nazirliyin sifarişi ilə fəaliyyətim oldu, bir
çox layihələrdə iştirak etdim, dünya gənclər festivalına qatıldım, Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Cırtdan" meqa-şounun
rejissoru oldum. Ancaq bütün bunlar, təbii ki, kinorejissor üçün yetərli deyil.
Film çəkmək istəyi hər bir layihədən, təbii ki, üstündür. 4 illik fasilədən
sonra "Sizə məktub var" filminin çəkilişlərinə başladım. Siz təsəvvür
edin, 5 il oxu, dolu baqajla geri dön və filmsiz qal. Səbəb isə bitməyən
intriqalar, büdcə davası… Bilirsiniz, 4 ildən bir film çəkmək, kinodan uzaq
qalmaq rejissorda, sözün əsl mənasında acgözlük yaradır. Uzun fasilədən sonra
film çəkəndə hər şeyi qoymaq istəyirsən ortaya. Ona görə də, rejissor daim çəkiliş
meydançasında olmalıdır ki, bilsin nə pisdir, nə yaxşıdır. Açıq deyim ki, fəaliyyətimi
çox güman ki, ölkədən kənarda davam etdirəcəyəm. Həm ona görə ki, burada
intriqalar bitmir, üstəlik, şərait, atmosfer, komanda da yoxdur. Kinoda əsas
komandadır. Komandanı nəyəsə bənzətməli
olsam, mənim üçün o, qadınla kişinin soyuq qış günü isti yataqda yatması kimi
olmalıdır. Onlardan biri su içməyə çıxanda boş qalan yerdən gələn soyuq o dəqiqə özünü büruzə verir... Bax, bu boşluqlar
kinomuzu axsadır.
- Rejissoru olduğunuz "Sizə məktub var"
filminin hədəfləri nədir və sizə elə gəlmir ki, bu film də bir dəfə nümayiş
olunub rəfdə qalacaq?
- Film çəkmək
söz demək kimi bir şeydir, sözün varsa, onu demək mütləqdir, yoxdursa,
danışmağa dəyməz. Və əgər söz yerində deyilirsə, dəyərli olur. İnanıram ki,
tamaşaçılar bu filmi qəbul edəcək. Mən
film çəkərkən festival düşünmürəm və hansısa festival mövzusunu hədəf tutmuram.
Bu, sənət, yaradıcılıq prosesidir. "Sizə məktub var" filminin
ssenarisi uzun zaman beynimdə idi.
Filmin mövzusu Qarabağ müharibəsi fonunda iki gəncin bir-birinə olan təmiz,
saf, günahsız məhəbbət hekayəsidir. Nəhayət
ki, bu mövzunu nazirliyə bəyəndirə bildim. Biz gənc rejissorlar necə çətinlikllə
ssenarini bəyəndrib film çəkiriksə, çəkilişdən sonrakı prosesləri də özümüz etməli
oluruq. Bu filmin rəfdə qalmasına imkan vermərəm.
- Sizcə, niyə bizim filmlərdə səs rejissoru, peşəkar
operator qıtlığı var?
- Filmdə
pis görüntü olanda gözü yummaq olar. Lakin səs dalğadır, bunun qarşısını almaq
mümkün deyil. Səs kinoda ən vacib bir məsələdir.
Ancaq nədənsə, bizdə bunu anlamırlar. Operatorlar və eləcə də, səs rejissorları
professional rejissorlarla, demək olar ki, işləmirlər. Sənət, məktəb sayılan kinolara baxmırlar, operatorlar fotolar çəkmirlər, inkişaf etmək istəmirlər. Digər tərəfdən də onları qınamıram, kinostudiyada keyfiyyətli səs
avadanlıqları, kamera yoxdur. Təbii ki, belə olan halda nəticə pis olacaq. İncəsənət
Universitetinin gücü kadr yetişdirməyə çatmır. Nə universitetdə, nə də
kinostudiyada baza yoxdur. Olanlar da professional kino avadanlığı deyil. Belə
olan halda, səsin yerində, keyfiyyətli formada yazılması mümkün ola bilməz.
Uzun-uzadı yararsız konsepsiya
axtarışında olmaqdansa, baza yaradıb gənclərə imkan verilməli, avadanlıqlar
alınmalı, mütəxəssislər cəlb edilməlidir. Kinostudiyada ancaq quru divarlar
var, vəssalam.
Xəyalə Rəis
