• cümə axşamı, 18 aprel, 10:19
  • Baku Bakı 12°C

Dəqiqliyi ilə almanları təəccübləndirən energetik- Uğur hekayəsi

02.11.18 09:30 4173
Dəqiqliyi ilə almanları təəccübləndirən energetik- Uğur hekayəsi
Risk etməkdən, peşman olmaqdan qorxmur. Deyir ki, həyatda yeganə bərpa olunmayan resurs vaxtdır və ondan dəyərli heç nə yoxdur. Ona görə, istənilən məqsədə çatmaq üçün ilk olaraq vaxtını düşünməlisən. Müsahibimiz Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimlənmə Agentliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin baş mütəxəssisi, təlimçi Tomris Bayramovadır. Həmsöhbətimiz həm də ADA universitetində müəllimdir.
O, Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika və idarəetmə üzrə təhsil alıb. Daha sonra təhsilini Amerikanın İndiana Universitetində Ətraf mühit siyasəti və təbii resursların idarə olunması üzrə davam etdirib. Həmçinin Norveçdə ixtisası üzrə 6 həftəlik proqram keçib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GİZ) ekspert, təlimçi kimi işləyib.

- Tomris xanım, fərqli ixtisaslarda təhsil alıb, çalışmısınız. İqtisadiyyat, informatika, energetika, ətraf mühit... Adətən insanlar bir sahə üzrə özlərini inkişaf etdirirlər...

- Məktəbdə oxuyarkən nə işlə məşğul olmaq istədiyimi dəqiq bilmirdim. Anam həkim, atam fizik idi. 5 yaşımda həkim olmaq istəyirdim. Anamın işi mənə daha maraqlı gəlirdi. Ümumiyyətlə, insanlara yardım etmək ideyası məni həmişə həvəsləndirirdi. 8-ci sinifdə dünyaya başqa tərəfdən baxmağa başladım. O zaman yeni dəbə düşən İT sahəsi maraqlı gəldi. 11-ci sinfi Amerikada oxudum. Orada hər yerdə gördüyüm kompyuterlər mənə İT sahəsinə daha da yaxınlaşdırdı. İqtisad Universitetində İnformasiya işlənməsi və idarəetmənin avtomatlaşdırılmış sistemləri ixtisasında təhsil alsam da, ürəyimdə hər zaman təbiətə böyük sevgi yaşayırdı. Uşaq vaxtı hər həftə atamla zooparka gəlirdim. Bir dəfə direktor mənə həmin an üçün dəhşətli gələn hekayəni danışdı. İki həftə ərzində dəvəquşu aclıqdan ölür və öləndən sonra mədəsindan plastik qablar çıxır. Balaca uşaq üçün bu, böyük faciədir. Hər dəfə düşünürdüm ki, insanlar nə üçün dəvəquşuna plastik qablar atır. O epizod ömür boyu gözlərimin qarşısında idi. İT-nin bizim gələcəyimizi həll edəcəyini bilirdim. Lakin ürəyimdə təbiətə olan sevgi bir an belə sönmədi. Anladım ki, İT ilə bu yola getməyəcək. Avropada oxumaq istəyirdim. Lakin xarici ölkələrdə ixtisasını birbaşa dəyişməyi qəbul etmirlər. Ətraf mühit iqtisadiyyatı ilə maraqlanmağa başladım. O zaman Macarıstanda Mərkəzi Avropa Universitetinə müraciət etdim və qəbul oldum. Orada 1 semestr oxudum anladım ki, bu da istədiyim deyil. Çünki burada ekoloq ola bilməzdim. Proqram çox güclü idi, amma mənim sahəm deyildi. 1 semestrden sonra Bakıya qayıtdım. Çox adam üçün təəccüblü gəlirdi. Çünki orada təqaüd də alırdım, hər şey qaydasında idi. Amma mən bunu artıq istəmirdim. Kifayət qədər çətin vəziyyətə düşdüm. İnsanları məyus etmək, ailənin gözləntilərini doğrultmamaq məni narahat edirdi. Amma bilirdim ki, vaxtımı itirmək istəmirəm. Həyatımın ən uğurlu seçimini etdim və Bakıya qayıtdım. Məni "Azərenerji”də ekologiya idarəsinə aparıcı iqtisadçı vəzifəsinə çağırdılar. Bu, böyük bir şans idi. Daha sonra buradan AZENCO-ya keçdim. Artıq istədiyim sahəyə yaxınlaşırdım. Ekologiya sahəsində iş təcrübəm olduğuna görə, xaricə sənəd verməyə imkan yarandı. Amerika Dövlət Departamentinin Fulbrayt proqramı və Təhsil Nazirliyinin birlikdə keçirdiyi müsabiqədə qalib gəldim və magistratura təhsili aldım. Həyatımın ən böyük arzusu həyata keçdi.

- Karyeranızla bağlı fikirləriniz tez-tez dəyişib. Əslində standart Azərbaycan ailəsində adətən istiqaməti valideynlər verir. Bəs sizə valideynləriniz karyera seçimində necə təsir edib?

- Ailəmdə xüsusilə seçim barəsində heç vaxt məcburiyyət olmayıb. Anam həkim olmağımı istəmirdi. Məni ya müəllim, ya jurnalist kimi görürdü. O düşünürdü ki, insanlara deyəcəklərim çoxdur. Atam isə ümumiyyətlə seçimlərimdə tam sərbəstlik verib. Həmişə deyirdi ki, hansı sahəni sevdiyimi böyüyəndə özüm biləcəm. Düzdür, bizim gənclər adətən ailənin seçdiyi ixtisasda təhsil alıb, çalışırlar. Bu gün də tələbələrimlə danışanda görürəm ki, onlar sanki özlərini seçdikləri ixtisasa məhkum kimi hiss edirlər. Gənclər öz məqsədlərinin arxasınca getməlidirlər.

- Risk etməyi sevirsiniz. Qeyd etdiniz ki, işinizdə uğur qazandığınız vaxt geridə qoyub xaricdə təhsil almağa getmisiniz. Komfort zonadan çıxmaq cəsarət deyilmi?

- Uşaq olanda hər kəsin xəyalları olur və öz xəyallarının arxasınca getmək istəyir. Amma mən artıq xəyal qurmur, qarşıma məqsədlər qoyuram. Ən böyük arzum yaxşı ekoloq olmaq idi. Yaxşı ekoloq olmaq üçün də mənə təhsil lazım idi. Heç vaxt hansısa vəzifədə işləsəm belə, "onun o sahədə təhsili yoxdur” sözünü götürə bilmərəm. Sonra GİZ-də tam istədiyim sahədə çalışdım. Oradan da dövlət sektoruna üz tutdum. Mənə irad bildirirdilər ki, gəlirin azala bilər. Amma öyrəndiklərimi dövlətə vermək vaxtım çatmışdı. Dövlət mənim təhsilimin pulunu ödədi, indi bəhrəsini görməlidir. Riskləri çox sevirəm. Risksiz həyat mənim üçün çox maraqsız olar. Kiçik şeylər mənim üçün risk deyil. Bu gün nəyisə qurban verib daha böyük şeyləri əldə etməyə hər zaman hazıram.

- Qurban verəndə qazanmamaq şansınız da ola bilər...

- Əlbəttə ola bilər. Amma risk etməsən də, inkişaf olmaz.

- Almanlarla işləmisiniz. Alman dəqiqliyi sizə necə təsir edib?

- Almanlar mənə deyirdilər ki, sən alman stereotipinə daha çox uyğunsan, nəinki biz. Onlar məni daha tələbkar,
dəqiq hesab edirdilər. Dəqiqlik insanın özündən asılıdır. Alman olmasan belə, almanları da təəccübləndirə bilərsən.

- Strateji planlaşdırma üzrə işləyirsiniz. Bəs həyatınızı necə, planlaşdırırsınızmı?

- Həddindən artıq çox planlaşdırıram. Hətta bəzən dostlarım bundan bezir. Məndə hər şey bir neçə ay öncədən planlaşdırılır. Almanlar, amerikalılar iki il qabağa bilirlər ki, dostlarının toyuna gedəcəklər. Məndə o dərəcədə dəqiq planlar yoxdur, amma hər zaman həftəlik bir neçə formatda cədvəllər tutur, onlara uyğun hərəkət edirəm.

- Tomris xanım, ailənin dəstəyi karyerada nə dərəcədə önəmlidir? Məsələn, sizcə, verdiyiniz qərarlarda ailəniz mane olsaydı, uğurlu ola bilərdinizmi?

- Ailəm mənə məsləhətlər verib, amma seçimlərimə təzyiq olmayıb. Elə tərbiyə veriblər ki, uşaqlıqdan başa düşmüşəm ki, son qərar mənimdir və məsuliyyətini özüm daşıyacağam. Peşman olmaqdan qorxmuram. Çünki peşman olsaq belə, hər bir hərəkət bizim üçün dərsdir. Məni evdə müstəqil böyüdüblər. Nəyi görmüşəmsə, elə də hərəkət edirəm. İnsan öz hərəkətlərinin məsuliyyətini özü daşımağı bacarmalıdır. Təəssüf ki, bizim bugünkü cəmiyyət hələ ki bu addımı atmayıb. Uşaq ömrünün sonuna kimi valideynin övladı olaraq qalır. Yəni hər hansı səhv yaxud düz hərəkət olarsa, deyirlər ki, filankəsin uşağıdır. Pis, yaxşı fərq etməz. Amma məsuliyyəti öz üzərində götürəndə, o sözləri deməyə heç kimin haqqı çatmır.

- Peşmançılıq da sizin üçün dərsdir. Bəs bu zaman özünüzü necə motivasiya edirsiniz?

- Mənim motivasiyam məqsədlərimdir. Hər birimizin bu dünyada vaxt limitimiz var. Qərb ölkələrinə baxsaq, onlar 60-70 yaşına kimi aktiv həyat tərzi sürə bilər. Bizdə 45 yaşdan sonra sənə artıq yaşlı gözü ilə baxırlar. Ona görə vaxt itirmədən məqsədlərimizə çatmalıyıq. Bu gün qəmliyəmsə, artıq sabah özümə gəlməliyəm. Özümə qəmli olmağa icazə verirəm. Əgər kefimi nə isə pozubsa, ən çox iki gün haqqım var qırağa çəkilib, üzgün olum. Ekologiya sahəsində çalışdığım üçün biz hər zaman bərpa olunan, alternativ resurslardan danışır, deyirik ki, günəşin enerjisi tükənmir, neft tükənir və s. Amma həqiqətdə yeganə bərpa olunmayan resurs vaxtdır. Ona görə, vaxtdan dəyərli heç nə yoxdur. Onu anlamamaq böyük səhvdir. İstənilən məqsədə çatmaq üçün ilk olaraq vaxtını düşünməlisən.

- Ekoloq olmaq sizə rahat başa gəlməyib. Bir ekoloq kimi ətraf mühit sizin üçün nədir? Biz mühitimizin dəyərini bilirikmi?

- Azərbaycan həqiqətən də biomüxtəlifliyinə görə, dünyanın ən zəngin nöqtələrindən biridir. Belə kiçik ərazidə bu cür zəngin təbiət nadir bir haldır. Ölkəmiz köçəri quşların marşrutunun üzərindədir. Xüsusilə payız vaxtı Azərbaycanın üzərindən 200 dən çox quş gəlib keçir və dünyanın müxtəlif ölkələrindən insanlar gəlib onları izləyir. Təəssüf edirəm ki, azərbaycanlıların çoxunun bundan xəbəri yoxdur. Biz təbiətimizin dəyərini bilməli və qorumalıyıq. Mən tələbələrimə nəyi danışıramsa, özüm də elə hərəkət edirəm. Məsələn, bir ilə yaxındır ki, plastik paketlərdən istifadə etmirəm. Heç vaxt maşınım olmayıb, sürücülük vəsiqəm yoxdur, maşın sürmək də istəmirəm. Başqalarına öyrətdiyini özün etmirsənsə, onu danışmağın mənası yoxdur.


- Tomris xanım, bizdə bəzi insanlar "Ağıl yaşda deyil, başdadır” fikirlərinə hələ də əhəmiyyət vermirlər. Karyeranızda özünüzdən yaşlı insanların belə baxışları ilə rastlaşmısınızmı?

- Heç kim, hər şeyi yüz faiz dəqiqliklə bilmir. Lakin hamı nəsə bilir. Həm cavanı, həm yaşlını dinləmək lazımdır. Belə baxışlarla dəfələrlə rastlaşmışam. Xüsusilə təlimlərdə ilk dəqiqələrdə "o mənə nə öyrədə bilər” üz ifadəsini görürəm. Bu zaman əsas olan sınmamaqdır. Universitetdə belə, tələbələr ilk baxışdan mənə cavan, təcrübəsiz müəllim kimi baxır. Lakin bu 2 saat çəkir. Hətta energetika sahəsində işləyəndə də ilk olaraq əks cinsin qəribə baxışları ilə qarşılaşırdım. Amma əsas olan özünə inanmaqdır. Əgər sən özünə inanırsansa, hamı sənə inanacaq.

- Qadın və energetika. Adətən bu sahə kişi işi hesab olunur...

- Bəli, bu sahə kişi işi hesab olunub. Mən bu sahəyə ekologiyadan gəldim. Burada qadınlar daha çox kargüzarlıqda çalışır. Mən isə daha çox texniki işlərdə işləyir, elektrik stansiyalarına gedirdim. Bu, asan deyil, amma insanların stereotiplərini qırmaq maraqlıdır. Kişilər də əvvəl inanmırlar. Amma özünü sübut edə bilirsənsə, onlar da sənə hörmət edir. Biz hər zaman cinslərin zəifliklərini axtarırıq. Sən zəifsən bunu edə bilməzsən, yaxud güclüsənsə daha yaxşısan. İnsanları onların zəifliklərinə görə deyil, bacarıqlarına görə dəyərləndirmək lazımdır.

- Sizcə, karyeranın yaşı varmı?

- Sən nə istədiyini anadan olduğun gündən, sonuncu günə qədər fikirləşməlisən. Arzu, istəksiz yaşamaq mümkün deyil. İnsanlar təkcə xəyal qurmamalıdır, qarşılarına məqsəd qoymalıdırlar. 15 yaşına qədər xəyal ola bilər, amma sonra məsuliyyəti üzərinə götürüb məqsəd qoymalısan. Sən xəyal qurduğun an digər insanlar işləyir və öz məqsədlərinə çatırlar. Xəyalı qurduğun andan hərəkətə keçmək lazımdır.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?

- Ən böyük uğurum dostlarım və ailəmdir. Sənin yanında sənə inanan insanlar olmasa, heç nə edə bilməzsən. Uğurlu insanların qarşısında hər zaman paxıllıqlar olur. Əsas odur ki, təkcə pis yox, yaxşı günündə də yanında olan dostların olsun. Uğuruna dözə biləcək və səninlə xoşbəxtliyini bölüşə biləcək insanlar varsa, sən uğurlusan.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər