AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputatlar Ələt azad iqtisadi zonasının fəaliyyətə başlamamasını tənqid ediblər

Deputatlar Ələt azad iqtisadi zonasının fəaliyyətə başlamamasını tənqid ediblər

Cəmiyyət
04 May 2021, 13:03 357
"Ələt azad iqtisadi zonası gələn ilin iyul ayında fəaliyyətə başlayacağı barədə bizdə məlumatlar var”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Deputat bildirib ki, qanun layihəsi Ələt azad iqtisadi zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb: "Qanuna dəyişiklik azad iqtisadi zonaya maraq göstərənlər üçün edilir”.

Deputat Razi Nurullayev deyib ki, Türkmənistan, İran və Qazaxıstanda artıq dəniz terminalları tikilib və ya sonuncu mərhələdədir: "Azad ticarət zonalarının yaradılması yüz minlərlə iş yeri, istehsal, yüzlərlə xarici şirkətin ölkəyə gəlməsi və milyardlarla vəsait yatırması deməkdir. 
Əslində, azad ticarət zonaları haqqında ayrıca qanun qəbul etməliyik və azad iqtisadi zonalar da bunun əsasında işləməlidir. Neçə illərdir, Ələt azad iqtisadi zonasını işə sala bilməmişik, qanunvericiliyi də dünya standartları səviyyəsində qəbul edə bilməmişik”.
 
Deputat bildirib ki, dünyada mövcud olan azad iqtisadi zona tipindən ölkəmizdə cəmi biri işləkdir: "Bu da sənaye zona və məhəllələridir. Bu məsələləri həll etmək üçün xarici mütəxəssislərə ehtiyac var. Gətirək onlardan 200-300 nəfər, lap Azərbaycan vətəndaşlığı da verək, qoy işləsinlər. Özümüz özümüzü aldatmaqla məşğuluq. Hər kəs deyir, hər şeyi bilirəm, sonunda sıfır nəticə...”
 
Deputat Qüdrət Həsənquliyev deyib ki, Ələt azad iqtisadi zonası ilə bağlı qanun 2018-ci ildə qəbul edilib: "Lakin hələ də orda daş-daş üstünə qoyulmayıb, amma biz qanuna 3 dəfə dəyişiklik etmişik”.
 
Deputat bildirib ki, yeni sahələrdə islahatlar aparmaqdan ötrü xaricdən mütəxəssislər dəvət edilməlidir: "Hökumətdən xahiş edək ki, lazımdırsa, Valeh Ələsgərova bununla bağlı kömək etsinlər. Biz bilirik ki, Dubayı ingilislər idarə edir. Ölkədə iqtisadi islahatların sürətləndirilməsinə böyük ehtiyac var. Bizim komitənin sədri Tahir Mirkişilinin fəaliyyətini yüksək qiymətləndirirəm. Təklif edirəm ki, özü də bu sahədə təkliflərini versin”.
 
Deputat Tahir Kərimli də qanunun 2018-ci ildə qəbul edildiyini xatırladıb və Ələt azad iqtisadi zonasında dövlət atributlarından necə istifadə olunması ilə bağlı sual ünvanlayıb.
 
Deputat Fazil Mustafa isə vurğulayıb ki, azad iqtisadi zona ilə bağlı danışıqlar postsovet dövründən başlayıb: "Bu gün Qarabağ problem həll olunandan sonra Naxçıvanda və ya Qarabağın hansısa ərazisində azad iqtisadi zona yaradılması aktuallaşdı. Faktiki reallıq buna gətirdi. Ancaq biz bu qanunu Ələt adı ilə məhdudlaşdırdıq. Biz istəyiriksə, bu sahədə müəyyən dərəcədə iqtisadiyyatımız dirçəlsin, bugünkü sahibkarlara olan münasibəti azad iqtisadi zonaya da tətbiq etməməliyik. 2022-ci ilin iyul ayında Ələt azad iqtisadi zonasının işə düşəcəyini düşünmürəm. Monitorinqlərlə bağlı əlimizdə heç bir sənəd yoxdur. Digər tərəfdən, biz sahibkarlıqda yoxlamaların dayandırılması ilə bağlı qanun qəbul etdik. Ancaq sahibkarlardan hər gün də şikayətlər gəlir. Müxtəlif qurumlardan sahibkarlıq obyektlərinin yoxlanması yenə davam edir. Biz həqiqətən gecikmişik. Başqa ölkələr ideyanı əldə edir, reallaşdırır. 2-3 ildir, bu ideya reallaşmayıb. Bu ideya gələcəkdə burada uğursuzluğa uğrasa, işğaldan azad edilmiş regionlarda azad iqtisadi zonaların yaradılması ideyasını da indidən çökdürmüş oluruq”.
 
Deputat Tural Gəncəliyev bildirib ki, Zəngəzur dəhlizinin açılmasından sonra Qarabağ investisiyaların yatırılması baxımından çox cəlbedici olacaq.
Deputat deyib ki, Qarabağda da azad iqtisadi zonaların yaradılması düşünülür: "Bunlar Qarabağda yaşayan insanların həyat şəraitini müsbət yöndə dəyişəcək. Azad iqtisadi zonanın tam təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi üçün layihədə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün də maddə əksini tapıb”.