• cümə, 29 Mart, 01:03
  • Baku Bakı 7°C

Deputat: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin marağındadır

02.07.21 19:30 304
Deputat: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin marağındadır
ATƏT Parlament Assambleyasının yay sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit daimi komitəsinin iclası keçirilib.
AZƏRTACxəbər verir ki, iclasda müzakirə edilən əsas məsələ "Qlobal böhranlar zamanı çoxtərəfli əməkdaşlığın gücləndirilməsi: Gələcək fəaliyyət üçün parlamentlərin çağırışı” mövzusu olub. Çıxış edən deputatlar dünyada COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhranın nəticələri və ondan çıxış yolları haqqında mülahizələrini bölüşüblər.
Müzakirələrdə iştirak edən Ermənistan deputatları guya Azərbaycanın erməni əsirləri qanunsuz olaraq saxlaması, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana siyasi təzyiq göstərməsi, Türkiyə ilə Ermənistan sərhədlərinin hələ də bağlı qalması ilə əlaqədar öz saxta mülahizələrini iclas iştirakçılarına çatdırmağa çalışıblar.
İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili əvvəlcə Ermənistan deputatlarının saxta mülahizələrinin əsassız olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Tahir Mirkişili ermənilərin "əsir” dediyi şəxslərin, əslində, terrorçu olduğunu, müharibə başa çatandan bir neçə həftə sonra Azərbaycan ərazisində həbs edildiklərini, hazırda Bakıda keçirilən məhkəmə prosesi zamanı onların cinayətlərini etiraf etdiklərini, cinayət törətməyən bütün həbs olunanların və əsirlərin isə artıq Ermənistana təhvil verildiyini diqqətə çatdırıb. Komitə sədri Zəngəzur dəhlizinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatların şərtlərindən bir olduğunu xatırladaraq, dəhlizin açılmasının bütün region ölkələrinin, eyni zamanda, Ermənistanın marağında olduğunu bildirib. O, ermənistanlı deputatlara gələcəyə baxmağa, Azərbaycana və digər qonşularına qarşı düşmənçiliyə son qoymağa, öz xalqının rifahı naminə sülhün inkişafına və qonşularla mehriban əməkdaşlığa çağırıb.
Tahir Mirkişili daha sonra pandemiyanın ən çox zərər vurduğu sahələrə toxunaraq, iqtisadiyyatın sürətli bərpası üçün yeni yanaşmalara ehtiyac yarandığını vurğulayıb. Postpandemiya dövründə elmə, texnologiyaya, çevik idarəetməyə, məsuliyyəti öz üzərində daim götürməyə hazır olan liderlərə böyük ehtiyacın yarandığını bildirən komitə sədri Azərbaycanın yeni dövrün çağırışlarına cavab verməsi üçün daim islahatlar apardığını qeyd edib və bütün ölkələri yeni inkişaf metodları üzərində birgə işləməyə çağırıb.
banner

Oxşar Xəbərlər