• çərşənbə axşamı, 16 aprel, 21:04
  • Baku Bakı 18°C

Deputat: Xalqımız Respublika Gününü bu il fərqli şəkildə qeyd edir

28.05.21 17:30 324
Deputat: Xalqımız Respublika Gününü bu il fərqli şəkildə qeyd edir
103 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət quruluşu olub və xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cümhuriyyətin yaradılmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmmədəmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, bu müddətdə Azərbaycanda demokratik hüquq və azadlıqlar bərqərar olub, Azərbaycan dili dövlət dili elan edilib, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilib, milli ordu və təhlükəsizlik strukturları qurulub.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atıb. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.
"XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Beləliklə, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti qurulub və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Sədaqət Vəliyeva bildirib ki, xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il daha fərqli şəkildə qeyd edir. Bu gün Azərbaycan Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı Zəfərinin qüruru ilə taclandırıb. Cümhuriyyət dövründə də torpaqlarımıza iddia edən erməni millətçiləri artıq layiqli cavablarını alıblar və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağı yüksəldib.
banner

Oxşar Xəbərlər