• şənbə, 20 Aprel, 11:14
  • Baku Bakı 14°C

Deputat: "Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi"

24.06.21 16:45 361
Deputat: "Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi"
İyunun 15-i Azərbaycan xalqının həyatında xüsusi önəmli tarixdir. Ancaq 2021-ci ildən etibarən təqvimin bu günü Azərbaycan tarixində ikiqat əlamətdar gün kimi xatırlanacaq. Prezident İlham Əliyev həmişə xalqımız və dövlətimizin yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda – düşmən əsarətindən xilas olmuş Şuşada qəbul etdi və məhz bu tarixdə - iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu, artıq bütün dünyada "bir millət, iki dövlət” kimi tanınan Türkiyə və Azərbaycan xalqının birliyinin əbədi olduğunu təsdiqlədi və sözsüz ki, yaddaşlarımıza mühüm tarixi hadisə kimi həkk olundu.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.
Deputat deyib: "Əslində, Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanması təsadüfi deyil. Tarix təkrarlanır, məgər vaxtilə xəyanət nəticəsində süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti bərpa edilmədimi?!
Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qars müqaviləsini yada salması təsadüfi deyildi. Tarix təkrarlanırdı, ancaq bu dəfə ədalətin qələbəsini nümayiş etdirməklə təkrarlanırdı, bu gün Azərbaycan xalqı 100 il əvvəlkindən fərqli olaraq, qalib xalqdır, öz haqqını bərpa etmiş, Vətənini işğaldan azad etmiş xalqdır. Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi. Bu Bəyannamə Azərbaycan və Türkiyə birliyi şəklində yeni regional düzənin başlandığını göstərdi. Bu, həm də Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsindən o qədər də xoşhal olmayanlara, torpaqlarımıza göz dikənlərə və onların havadarlarına bir mesaj oldu - bundan sonra Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, Türkiyə öz ordusu ilə ölkəmizin yanında nəinki mənəvi, həmçinin fiziki cəhətdən, ordusu ilə, bütün hərbi gücü ilə yer alacaq – doğma qardaşlar bir-birinə arxa olduğu kimi”.
Deputat diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Şuşa Bəyannaməsinin imzalanmasından bir gün sonra Milli Məclisdə çıxışı zamanı bu sənədin bütün mahiyyətini açıqladı. Bildirdi ki, müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq”.
Ü.Ağayeva qeyd edib ki, bununla da bütün bəşər tarixində hamının qəbul etdiyi bir mənəvi dəyər təsdiqlənir. Qardaş qardaşa arxa, dayaq olmalıdır, heç bir məhdudiyyət, süni hədlər bir ananın övladlarını, qardaşı qardaşdan ayırmaq iqtidarında deyil. Azərbaycan və Türkiyə də bir ananın iki övladıdır, illərin, qadağaların onları ayırmaq cəhdlərinə baxmayaraq, 70 illik sovet dönəmində bir-birindən sərhədlərlə, zorla fiziki cəhətdən bir-birindən ayrı salınmış xalqımızın mənəvi əlaqəsi kəsilməmişdir ki, bu da təbiidir və Prezident Ərdoğanın sözləri bunu bir daha bütün dünyaya elan etdi, Şuşa Bəyannaməsi isə bunu bir daha sənədlərlə də təsdiqlədi.
banner

Oxşar Xəbərlər