AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur

Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur

Cəmiyyət
04 İyul 2020, 14:00 209
VI çağırış Milli Məclis fəaliyyətə başlayan zaman artıq ölkəmizdə pandemiya ilə mübarizə də başlamışdı. Ona görə biz də millət vəkilləri olaraq ölkənin bu önəmli, taleyüklü anında çalışdıq ki, qanunvericiliyimizin mövcud şəraitə uyğunlaşması üçün töhfələrimizi verək. Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

"Milli Məclisin yaz sessiyası mənim üçün birinci sessiya idi" deyən Nigar Arpadarai illərdir ki, korporativ sahədə çalışdığını xatırladıb və həmin sahədən parlamentə keçidin ilk həftələrdə onun üçün yaddaqalan məqamlardan olduğunu diqqətə çatdırıb:

"Karyeramın əvvəlindən fəal gənc olmuşam, qeyri-hökumət təşkilatlarında, Avropa Komissiyasında çalışmışam. Bu dönəmdə Avropanın bir çox parlamentlərində, eləcə də Avropa Parlamentində deputatlarla görüşlərimiz, ünsiyyətimiz olub. Yəni qanunvericilik sahəsi mənim üçün yad deyildi. Sadəcə olaraq, sonradan fəaliyyətimi korporativ sektorda davam etdirdiyim üçün artıq yenidən qanunvericilik sahəsinə uyğunlaşmaq tələb olunurdu.

Buna görə də mən Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm ki, işə başladığımız ilk gündən Milli Məclisin sədri Sahibə xanım Qafarova elə bir şərait yaratdı ki, gənc deputatlar özlərini çox rahat hiss etsinlər. Mən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüyəm. Hər iki komitənin rəhbərləri də elə şərait yaratmışdılar ki, biz uyğunlaşma prosesindən uğurla keçə bildik".

Deputatın fikrincə, ümumiyyətlə, Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur:

"Dünyanın bir çox parlamentlərində çox ciddi iyerarxiya olur. Azərbaycan parlamentində də illərdir ki, təcrübəli deputatlarımız da, gənc deputatlarımız da var. Bizim parlamentimizdə inklüziv şəraitin yaradılması çox təqdirəlayiq haldır. Belə bir şəraitdə gənc deputatlar qanun yaradıcılığı ilə bağlı öz təkliflərini verə bilirlər, həm də təcrübəli deputatlar onlara dəstək verir, yol göstərirlər.

Ötən 4 ay ərzində mən də çalışdım ki, millət vəkili kimi fəal olum, öz işimə çox məsuliyyətlə yanaşım. Komitə və plenar iclaslarında, eləcə də seçicilərlə ünsiyyətdə deputat kimi aktiv olmağa çalışmışam. Pandemiya ilə bağlı karantin rejiminə əməl etməklə öz işlərimizi yerinə yetirdik.

Qeyd edim ki, sessiyalar ərzində bir neçə qanunla bağlı təkliflər vermişdim. Bu təkliflərdən biri də həkimlərin həyat sığortası ilə bağlı idi. Müvafiq komitə bu məsələni icraata götürdü və bu, məni gənc deputat kimi çox sevindirir. Bu baxımdan, gələcəkdə bizi daha çox işlər gözləyir. Ölkəmizin mövcud olan şəraitdən üzüağ çıxması üçün millət vəkilləri olaraq bundan sonra da əlimizdən gələni etməyə, üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq".