• çərşənbə axşamı, 19 mart, 13:54
  • Baku Bakı 8°C

Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər

23.06.21 18:15 299
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
Koronavirus pandemiyası dövründə uşaq hüquqlarına diqqət çəkmək və bu vacib məsələni qaldırmaq üçün yaxşı mövzudur. Pandemiya hələ bitməyib. Bu vəziyyətdə necə yaşayacağımızı, necə sağ qalacağımızı, yaxınlarımızı necə müdafiə etməyimizi, sağlamlığımızı və əvvəllər öyrəşdiyimiz həyat tərzini necə qoruyacağımızı öyrənirik. Əgər bu, biz böyüklər üçün problemdirsə, uşaqlar üçün daha böyük təhlükədir. Uşaqlar COVID-19 pandemiyasının fiziki, emosional və psixoloji təsirlərindən əziyyət çəkirlər. Xüsusilə də ölkələrdə tətbiq edilmiş təcridolma, karantin rejimləri uşaqların zehni və fiziki sağlamlığına, təhsilinə, ailə mühitinə, psixoloji vəziyyətinə təsir göstərir.
AZƏRTACxəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında müzakirə olunan "COVID-19 pandemiyasının uşaq hüquqlarına təsiri” adlı məruzənin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
Bildirilib ki, pandemiyaya görə uşaqların təhsil almaq hüququ pozuldu. Dünyadakı 200-ə yaxın ölkədə məktəblər bağlanıb, distant təhsil imkanı verən məktəblər ənənəvi məktəbləri əvəzləməyə başlayıb. Bəzi ölkələrdə uşaqların texnologiyalara və internetə normal çıxışının olmaması təhsildə problemlərə yol açıb. Məktəblər öyrənmə və təhsillə yanaşı, sosiallaşmanı da təmin edir. Beləliklə, pandemiya uşaqların ünsiyyət bacarıqlarına da təsir edir.
"Zorakılığın artması pandemiya zamanı meydana gələn problemlərdəndir. Karantin rejimləri zamanı uşaqlar ailə daxilində məişət zorakılığının şahidi oldular, psixoloji və fiziki zorakılığın qurbanına çevrildilər. Uşaqlar, eləcə də yeniyetmələr təhsil, əyləncə və ya ünsiyyət üçün vaxtlarını internetdə keçirməyə başladılar və fərqli onlayn platformalardan istifadə rəqəmsal zorakılığın qurbanına çevrilmək təhlükəsini, eləcə də cinsi istismar, istismar və ayrı-seçkilik kimi təhdidləri artırır. Ailə üzvləri arasında etimad itəndə və psixoloji yardım, eləcə də qorxularını bölüşəcək kimsə olmayanda uşaqlar daha həssas və zəif olur”, - deyə S.Fətəliyeva diqqətə çatdırıb.
S.Fətəliyeva hökumətlərin qərarlarının ən çox kənarda qalan və həssas olan uşaqlar üçün mövcud bərabərsizlikləri daha da ağırlaşdırmaq təhlükəsi yarada biləcəyini qeyd edib. Bildirib ki, yoxsulluqda və ya ən kasıb ölkələrdə və məhəllələrdə yaşayan uşaqlar, küçə uşaqları, mühacir, sığınacaq axtaran uşaqlar və qaçqın uşaqları, insan alveri və ya qaçaqmalçılıq qurbanlarının hamısı qeyri-mütənasib şəkildə əziyyət çəkir.
Deputat pandemiyanın inkişafı ləngitdiyini, eləcə də son zamanlarda əldə olunmuş böyük irəliləyişləri alt-üst etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlətlər COVID-19 pandemiyası zamanı həssas təbəqədən olanları qoruyan və onlara fayda verən yanaşmalara əsaslanmış uşaq hüquqları, uşaq hüquqlarına hörmət etmək, qoruyub saxlamaq və tam yerinə yetirmək səylərini artıran səmərəli cavab verməlidir. Bu mürəkkəb vəziyyətdə dövlətlər uşaqların qorunmasına və onların hüquqlarına daha çox diqqət yetirməli, səhiyyə, su, təhsil və doğum qeydiyyatı kimi təməl xidmətlərini qoruyub saxlamalı, həssas vəziyyətdə olan uşaqları qorumaq üçün tədbirlər görməlidirlər. Bunun üçün əsas amil uşağın maraqları olmalıdır.
banner

Oxşar Xəbərlər