• şənbə, 20 Aprel, 18:05
  • Baku Bakı 24°C

Deputat: "Bu, sosial siyasətə müsbət təsir göstərir"

17.06.21 19:00 364
Deputat: "Bu, sosial siyasətə müsbət təsir göstərir"
Bu gün müzakirədə olan və hökumətin diqqət yetirdiyi prioritet sahələrdən biri iqtisadi subyektlərin qorunması, iqtisadiyyatın ağardılması və rəqəmsallaşmasıdır. Pandemiya qlobal iqtisadiyyata mənfi təsirlərini göstərib və bu da öz növbəsində milli iqtisadiyyatlara təsir edib. Bir çox dövlətlər artıq iqtisadi geriləmələrin, mövcud bazarların qorunması istiqamətində üzləşdikləri çətinliklərin qarşısını almaq və bununla bağlı əlavə tədbirlərin görülməsi üçün beynəlxalq maliyyə institutlarına müraciət edib.
AZƏRTACxəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkədə böyük müəssisələr və iqtisadi infrastruktur formalaşdırıb ki, bu da öz növbəsində 2019-cu ilin iqtisadi göstəricilərinin ən yüksək səviyyədə, həmçinin həmin il üçün dövlət büdcəsinin 28 milyard manat civarında olmasına gətirib çıxarıb. Eyni zamanda 2019-cu ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb və əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat olub.
"Ötən il pandemiya dövründə Azərbaycan Prezidenti "Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə insan sağlamlığını prioritet elan etməklə yanaşı, həm də ölkə iqtisadiyyatının daha səmərəli idarə olunması, formalaşmış bazarların qorunması, mövcud iş yerlərinin saxlanılması üçün hökumət qarşısında çox ciddi tapşırıqlar qoyub. COVID-19 pandemiyasının gətirdiyi məhdudiyyətlər beynəlxalq maliyyə və xarici valyuta bazarlarına əməli təsir göstərib və bundan irəli gələrək Azərbaycanla qonşu dövlətlərin hazırda milli valyutalarının məzənnəsinin dəyişməsi ölkəmizdə süni inflyasiyanın yaranmasına şərait yaratmaqdadır. Bir çox iqtisadçılar, ekspertlər tərəfindən ifadə olunan narazılıqlara baxmayaraq, Azərbaycan hökuməti dövlətimizin başçısının rəhbərliyi ilə aparılan düzgün monetar siyasət nəticəsində bu günə qədər Azərbaycan manatının ABŞ dollarına nisbətdə 1.7 AZN-də saxlanılmasına nail olub. Beləliklə, həqiqətən də xalqımız bu sahədə həyata keçirilən siyasətin özünü doğrultduğunun şahidi olur. Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycanda idxal həcmi ixracı dəfələrlə üstələyir, aparılan uğurlu monetar siyasət, məzənnənin stabil saxlanılması iqtisadiyyatla yanaşı, əhalinin sosial vəziyyətinə də dəyə biləcək zərərlərin qarşısını alır”, - deyə deputat bildirib.
M.Əfəndiyev deyib ki, bu gün dünya bazarında bahalaşma müşahidə olunur. Xüsusilə, dünyada neftin qiymətinin əvvəlcə verilmiş proqnozdan daha artıq olması, bundan sonra da bir çox sahələrdə bahalaşmanın davam edəcəyinin göstəricisi ola bilər. Ölkə daxilində də bir çox ərzaq, qida, tikinti və sair məhsullarının qiymətlərində bahalaşma müşahidə olunsa da, hökumətin əvvəlcədən həyata keçirdiyi düzgün maliyyə və bank siyasəti vəziyyəti nəzarətdə saxlamağa imkan verir: "Milli Bankın rəhbərliyinin bu mövzu ilə əlaqədar açıqlamalarına istinad edərək qeyd etmək istəyirəm ki, ölkədə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir və bu sabitliyi qoruyub saxlamaq üçün kifayət qədər maliyyə ehtiyatı mövcuddur”.
banner

Oxşar Xəbərlər