• cümə, 29 Mart, 11:17
  • Baku Bakı 5°C

Deputat: Bu səfər iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edəcək

30.01.23 17:45 755
Deputat: Bu səfər iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfərinin önəmini xüsusi vurğulayan deputat bildirib ki, Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindəndir. Son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə edilir. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub. Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, təkcə 11 ayda ticarət dövriyyəmiz əvvəlki illə müqayisədə 16 faiz artıb. Bütövlükdə, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir. Bu rəqəmlərə baxmayaraq, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

“Macarıstan ilə Azərbaycan arasında mavi qazın nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu, son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xətlərdən hesab olunur. Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verildikdən sonra Avropanın daha beş ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan qaz interkonnektorundan ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”, - deyə Vüqar Bayramov qeyd edib.

banner

Oxşar Xəbərlər