Deputat: Bu, həm də tarixi ədalətin bərqərar olduğunu göstərir
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında mühüm tarixi qərara imza atdı. Şərqi Zəngəzur rayonunun yaradılması həm də tarixi ədalətin bərqərar olduğunu göstərir. "Şərqi Zəngəzur” adı Zəngəzurun qərb bölgələrinin də Azərbaycan torpaqları olmasına aşkar mesajdır.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat diqqətə çatdırıb ki, vahid Qarabağ iqtisadi rayonunun yaradılması Qarabağın vahid, bölünməz olduğunu göstərdi. Bu qərar ölkə daxilində və xaricində Qələbənin tamlığına şübhə yaradan, xalq arasında çaşqınlıq yaratmağa cəhd edən qüvvələrə də bir cavab oldu. Bu qərarla Azərbaycanda mövcud olan iqtisadi rayonların sayı 14-ə çatdı. İşğaldan azad olunmuş ərazilərdə yeni iqtisadi rayonların yaradılması Azərbaycan iqtisadiyyatının bütövləşməsi, daha da yüksələn xətlə inkişaf etməsi deməkdir.
"Hazırda Qarabağda böyük iqtisadi bərpa işləri gedir. Ölkədə şəhər və rayonların davamlı inkişaf proqramları hazırlanıb həyata keçirilir. Yeni yaradılan iqtisadi rayonların sürətli bərpasının, gələcək inkişafının təmin olunması, yerli sakinlərin doğma yurdlarına qayıdışı əsas prioritetdir. İşğaldan azad olunan ərazilərin zəngin təbii sərvəti, güclü turizm potensialı ölkənin iqtisadi bölgüsünü yenidən şərtləndirdi”, - deyən Müşfiq Cəfərov Qarabağ regionunun respublikanın digər iqtisadi rayonları ilə iqtisadi əlaqələrinin genişləndirilməsinin ölkədə sosial-iqtisadi inkişafa öz müsbət təsirini göstərəcəyini bildirib. Hazırda Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan bölgələrin zəngin kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Qarabağ zonasının turizm potensialı ümumilikdə ölkə turizminin inkişafını, bu sahədəki nailiyyətlərin daha da çoxalmasına zəmin yaradacaq.
"Düşünürəm ki, iqtisadi zonaların yeni bölgüsü sırf iqtisadi qərar deyil, vacib strateji və siyasi manevrdir. Bu qərar Azərbaycanın uzun illərlə dünyaya sübut etməyə çalışdığı reallığı əks etdirir. Belə bir tarixi sənəd Azərbaycan dövləti üçün gələcəkdə əhəmiyyətli dərəcədə böyük rol oynayacaq”, - deyə deputat bildirib.