• çərşənbə axşamı, 19 mart, 12:31
  • Baku Bakı 8°C

Deputat: Arxayınlaşmağa səbəb olmamalıdır

24.06.21 18:30 362
Deputat: Arxayınlaşmağa səbəb olmamalıdır
"COVID-19 pandemiyası ilə mübarizə sahəsində biz çox çətin bir yol keçmişik. Hesab edirəm ki, əldə olunan nailiyyətləri daha da inkişaf etdirmək üçün bütün vətəndaşların birgə səyi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün tədbirlərin yeganə məqsədi insanların sağlamlığını qorumaqdır".
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.
Deputat bildirib ki, indiki mərhələdə qarşıda duran əsas vəzifə əhalinin peyvənd olunması prosesinin uğurla başa çatdırılmasıdır. Bunun üçün isə həmrəyliyə, peyvəndlərin əhəmiyyətini düzgün qiymətləndirərək, vətəndaş məsuliyyəti nümayiş etdirməyə ehtiyac var.
Soltan Məmmədov Azərbaycan dövlətinin qəbul etdiyi peyvənd strategiyasının bütün komponentlərinin uğurla reallaşdırılması nəticəsində kollektiv immunitetin yaradılmasına nail olunacağını qeyd edib. Onun sözlərinə görə, peyvənd xəstəlikdən qorunmanın effektiv yolu olmaqla bərabər, koronavirusun həyatımızdan çıxarılmasına imkan yaradacaq ən təsirli vasitədir. "Bir çox ölkələrdə COVID-19 a qarşı peyvəndlərin əldə olunmasında çətinliklər mövcuddur. Azərbaycanda isə 4 növ peyvənddən istifadə etmək imkanı yaradılıb. Bu az sayda ölkənin nail olduğu bir uğurdur. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi düzgün strategiya sayəsində biz bütün çətinliklərə baxmayaraq, bir neçə mənbədən peyvənd əldə etmək imkanı qazandıq".
Milli Məclisin deputatı bildirib ki, son həftələrdə yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır. Çünki COVID-19 pandemiyası tam olaraq aradan qalxmayıb: "Azərbaycanda ardıcıl olaraq karantin rejiminin bəzi məhdudiyyətləri yumşaldılır. Burda əsas məqsəd insanların normal həyata mərhələli şəkildə qayıtmasına şərait yaratmaqdır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarda əksini tapmış davranış qaydalarına əməl etmək, məsafə saxlamaq, tibbi qoruyucu vasitələrdən istifadə etmək, şəxsi gigiyenaya diqqət yetirmək yoluxmanın yüksək səviyyədə olduğu dövrdəki qədər əhəmiyyətli və vacibdir. Əks halda biz yoluxma sayında fərqli dinamikanı müşahidə edə bilərik ki, bu da heç bir halda arzuolunan deyil".
Soltan Məmmədov vurğulayıb ki, COVID-19 insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı iqtisadiyyata və təhsilə də çox böyük zərbə vurub. Dünyada bir milyarda yaxın şagirdin pandemiya dövründə təhsilin davam etdirmək imkanını itirdiyini xatırladan deputat hesab edir ki, peyvəndləmə prosesinin uğurla başa çatdırılması nəticəsində kollektiv immunitetin formalaşması iqtisadiyyatın inkişafına, şagirdlərin normal şərtlərdə təhsilini davam etdirməsinə də imkan yaradacaq.
banner

Oxşar Xəbərlər