AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat Amerika səfirini tənqid etdi

Deputat Amerika səfirini tənqid etdi

Siyasət
20 Dekabr 2012, 14:08 2080
“ABŞ səfiri bir dəfə məni də belə görüşlərdən birinə dəvət edib. Lakin mən getməmişəm. Hesab edirəm ki, bir ölkənin siyasi partiya rəhbərinin hansısa səfirliyin kollektiv məsləhətxanasında yer alması məqsədəuyğun deyil. Xüsusilə də indiki situasiyada, ABŞ-ın ölkədə demokratiya, insan haqları üçün səmimi şəkildə bir mövqe ortaya qoyduğunu müşahidə etmədiyimiz bir halda”.

Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müxalifət liderləri ilə intensiv qapalı görüşlər keçirməsini “Kaspi”yə şərh edərkən bildirib. O, bu kimi görüşlərin xüsusi əhəmiyyət kəsb etmədiyini vurğulayıb:

“Super güc olsa belə, açıq-aşkar ermənilərə dəstək verən bir ölkənin Azərbaycan maraqlarına zidd fəaliyyəti ortadadır. Ona görə də açığı, bu məsələlərdə həmişə bu və ya digər formada həmin təşkilatlarla məsləhətləşmə aparırlar. Amma bu məsləhətləşmə heç də həmin təşkilatların hakimiyyətə gəlməsi mənasına gəlib çıxmır və sonda ABŞ səfiri həmişə hakimiyyəti dəstəkləyir. Ona görə də bu məsələlərdə real bir hadisənin baş verəcəyi, yaxud da addım atılması üçün bir plan qurulduğu düşüncəsində deyiləm. Çünki ABŞ-a da, başqa ölkələrə də Azərbaycandakı güc nisbətinin nə vəziyyətdə olduğu bəllidir. Mən açığı bu cür tədbirləri də çoxmənalı hadisə hesab etmirəm. Yeddi-səkkiz partiya yığışır bir yerə, sonra bir şəkil çəkdirirlər və hamısı da bir-iki cümlə ilə öz mövqelərini ortaya qoyur, dağılırlar. Bu etik cəhətdən də doğru deyil. Partiya sədri ilə əgər ayrı-ayrılıqda çağırılıb görüşülürsə, münasibət bildirilirsə, mövqelər müzakirə olunursa, bu, başqa bir məsələdir. Ona görə bu kimi tədbirlər heç cəmiyyətdə də ciddi qarşılanmır”.

F.Mustafa ABŞ səfirinin son hərəkətlərinin arxasında dayanan məqsədlərə də toxunub: “Siz diqqət etsəniz görərsiniz ki, ABŞ-ın Azərbaycana gələn səfirləri bəlkə də təzə olaraq bu ölkəyə göndərilirlər. Sanki öz ölkələrindən uzaqlaşdırılmaq üçün, yaxud hansısa problemli adamları bura göndərirlər ki, Azərbaycanda vaxtını keçirsinlər. Hansı ABŞ səfiri bu ölkədə hansısa sahədə irəliləmənin memarı olub? Yaxud hansısa bir dəyişikliyin, bir yeniləşmənin memarı olub? Belə bir şey yoxdursa, bu səfirin də kiminləsə ayrı-ayrılıqda söhbət etməsinin mənası yoxdur. Bəlkə də səfir özünün müxalifətə, demokratik prinsiplərə yaxın olduğunu göstərmək üçün belə bir addım atıb. Bunu onlara qarşı bir jest kimi qiymətləndirmək lazımdır. Lakin görüşdə onlar arasında ciddi bir söhbətin olacağına ümid etmirəm”.
Rufik İSMAYILOV