• cümə axşamı, 28 mart, 14:31
  • Baku Bakı 16°C

Dəniz, külək və yelkən... - Reportaj

24.06.16 12:34 5251
Dəniz, külək və yelkən... - Reportaj
Külək və dəniz… Yelkən üçün ən önəmli iki təbiət amili… Ölkəmiz yelkənli idman növü üçün əlverişli olsa da, bu idman növü 2014-cü ilə qədər aktiv fəaliyyət göstərməyib. 2000-ci ildə yaranan Azərbaycan Yelkənli İdman Federasiyası (AYİF) fəaliyyətinə 2014-ci ildən başlayıb. Qısa zaman kəsiyində fəaliyyətə başlamasına baxmayaraq, artıq AYİF Beynəlxalq Yelkən İdmanı Federasiyasının, Avropa Yelkən İdmanı Federasiyasının və digər beynəlxalq qurumların tamhüquqlu üzvünə çevrilib.
Bununla yanaşı, Xəzərin sahilində Azərbaycan Yelkənli İdman Federasiyasının təşkil etdiyi yay məktəbində yeniyetmələrə bu idman növünün sirləri də öyrədilir. Biz də sözügedən idman növü ilə maraqlanmaq və balaca yelkənçilərlə tanış olmaq üçün "Yelkənli Yay Məktəbi”nə yollandıq.
Məlumat üçün bildirək ki, yelkənin yüzlərlə növü var. Peşəkar yelkənçilik üçün ilk sinif optimist sinif sayılır. Federasiya ilk addımlarını sağlam atmaq üçün ilk dəfə olaraq "Yelkənli Yay Məktəbi”ni təşkil edib.


Dənizə tələsən yelkənçilər

Yay məktəbi 10 gün davam etdiyi üçün yeniyetmələr artıq bir-birilə dostluq münasibətləri qurublar. Sevincləri, yarışları, söhbətləri, planları, yeni gələn uşaqlarla münasibətləri təqdirəlayiqdir. Xəzərin sahilinə çatdıqda qayıqlarını hazırlamaq üçün bir-birlərinə kömək edir, dənizin qoynuna atılmağa tələsirlər.

"Yelkənin yaşı yoxdur”

Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat sözcüsü, yelkənçi uşaqların sevimlisi Nərmin Seyidova ilə söhbətləşirik. Həmsöhbətimiz deyir ki, yay məktəbi elan olunan zaman müraciət gözlədiklərindən də çox olub və uşaqlar arasında ən güclüləri seçilib peşəkarcasına məşqlərini davam etdirirlər: "Məqsədimiz vətəndaşlarımızı bu idman istiqamətində inkişaf etdirmək və uğurlara nail olmaqdır. Bunun üçün yelkənli idmanın ilk sinfi olan optimist idman sinfindən başladıq. Burada uşaqlar 7-14 yaşındadırlar. Yay məktəbini elan etdikdə ilk ildə bizə 200-ə yaxın müraciət oldu. Seçimlərlə 40 uşaq qaldı. Sonra həmin 40 uşaqdan 20 nəfər seçilərək yelkənin qış proqramında iştirak etməyə başladılar. 20-liyin içində isə 5 nəfər ilk dəfə olaraq milli yığma komandanın üzvü oldu və İtaliyada keçirləcək çempionatda ölkəmizi təmsil edəcəklər. Optimistin ideal yaşı 7-12 olsa da, yelkənin digər növlərində yaş senzurası yoxdur. Mütləq şəkildə qeyd etməliyəm ki, yelkənin yaşı yoxdur. İstənilən yaş, çəki, boy kateqoriyasına görə yelkənin növləri var və sadəcə, başlamaq lazımdır. Amma uşaqlar üçün optimist şərtdir”.

"Uşaqlar xüsusi mühafizəçilərin nəzarəti ilə izlənilir”

Həmsöhbətimiz deyir ki, ilk günlər övladını yay məktəbinə yollayan valideynlər narahat olur, hətta özləri də uşaqları ilə gəlib onları izləmək istəyiblər: "Azərbaycan valideyni çox narahat valideyndir. Bu, təbiidir. Külək, dəniz söhbəti olanda xüsusən narahat olurlar. İlk günlər valideynlər gəlib baxmaq istəyirdilər. Sonra biz qayda qoyduq ki, valideynlər gələ bilməz. Çünki uşaqlar valideyni görəndə həyəcanlanır, istəyirlər özlərini nümayiş etdirsinlər, daha güclü göstərsinlər. Bu, uğurlu alınmayanda uşaq psixoloji cəhətdən sarsılır. Uşaqlar dənizə açılan zaman narahatlıq hissi keçirir, bu isə onların məşqinə mane ola bilər. Ərizələr doldurulan zaman valideynlərlə şərt kəsilib ki, uşaqlar heç bir elektron vasitələrdən istifadə etməməlidirlər. Biz onların saat 9.00-dan 16.00-a kimi telefondan istifadə etmələrinə icazə vermirik. Uşaqları qorumaq üçün bizim xilasedici şirkətlərimiz var. Uşaqlar müəllimlərin və xüsusi mühafizəçilərin nəzarəti ilə izlənir”.


Çeviklik, özgüvən, dəqiqlik…

Yelkən idmanı dünyada öz xüsusiliyi ilə fərqlənən idman növüdür. Burada hər şeydən öncə idmançının çeviklik və anında qərar vermə bacarığına sahib olması önəmlidir. Bu idman yalnız fiziki deyil, həm də beynin idmanıdır. İntellektualdır. Bədənlə yanaşı, zehni də inkişaf etdirir.
Məşqçi Seyhun Yılmaz yelkənçiləri başına yığıb təlimatlarını verir, qaydaları yenidən xatırladır. Məşqçi deyir ki, bu idman növü Azərbaycanda geniş yayılmasa da, uşaqlar onu çox sevirlər: "Uşaqlar çox həvəslidirlər. Məqsədimiz yelkən idmanını daha çox insana çatdırmaqdır. Azərbaycan dənizdən qorxan ölkədir. Amma vaxt keçdikcə valideynlər də, uşaqlar da dənizə öyrəşirlər. Bu idman növü uşaqları həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdirir. Öz qərarlarını verə bilirlər və özgüvənləri inkişaf edir. Azad davranmağı, dəqiqliyi öyrənirlər. Yelkənin qaydaları var ki, uşaqlar bu qaydalara dənizdə də, sahildə də əməl etməlidirlər. Qayıqların toqquşmaması üçün kim kimə yol verməlidir, kim uzaq durmalıdır və s. qaydaları öyrənirlər. Sahildə köməkləşmək birinci qaydadır. Çünki bu, həm də komanda idmanıdır. Qayığı tək hazırlamaq mümkün deyil. Kiminsə sənə köməyi lazımdır. Bir-birlərinə hörmət etməyi və ən əsası ekologiyanı təmiz saxlamağı öyrənirlər. Çünki dəniz hər vaxt təmiz deyil. Zibilimizi lazım olan vaxt çantamıza və ya cibimizə qoyuruq”.


"Təhlükə yoxdur”

Təhlükə məsələsinə gəldikdə isə gənc məşqçi deyir ki, bu idman növünün təhlükəsi demək olar, yoxdur: "Bu idman növündə əsas məsələ hisslərin güclü olmasıdır. Küləyin haradan əsdiyini öyrənmək üçün qayıqdakı bayrağa baxılır və qayıq idarə edilir”.
"Optimist üzrə Avropa Çempionatı” nda milli yığma komanda olaraq iştirak edəcək 5 idmançı ilə söhbətləşirik. 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda ölkəmizi təmsil edən uşaqların tək məqsədi ölkəmizə birinciliyi gətirməkdir.

"Yelkəni ilk saniyədən sevdim”

Murad Allahverdi yelkənə valideyninin təkidi ilə gəlib. Amma qazandığı uğurlar və bacarığı onu idmana daha çox bağlayıb. Deyir ki, dənizi sevir və dənizdə olmaqdan zövq alır: "İdman növü haqqında məlumatım olmadığı üçün əvvəllər anamın təkidi ilə gəlmişdim. Özümü qəribə hiss edirdim. Amma indi mənə daha çox maraqlıdır. Qış məktəbinə seçildim. Yaxşı nəticə göstərdim. Hazırda çempionata hazırlaşıram. Məqsədim yaxşı yelkənçi olmaqdır”.
Selcan Abbas ölkəmizi çempionatda təmsil edən tək qız idmançımızdır. 14 yaşı var. Deyir ki, yelkəni ilk saniyədən sevib: "Məni də Murad kimi yay məktəbinə valideynlərim yazdırıb. Amma mən yelkəni gördüyüm ilk saniyədə sevdim. Yelkəndə dənizlə qurduğumuz əlaqə, yarış hissi həqiqətən xoşuma gəlir. Məqsədim çempionatda birinci olmaqdır”.
Fərid isə yoldaşlarından fərqli olaraq, yelkənlə məşğul olub: "Mən uşaqlıqdan yelkənlə məşğul olurdum. Yelkəni çox sevirəm. Dənizdə olmaqdan zövq alıram. Məqsədim Avropa çempionatında yaxşı yer tutmaqdır. Birinci olmasa da, yaxşı olsun”.
Qeyd edək ki, yelkənli idman növü 1976-cı ildən olimpiya oyunlarında təmsil olunur və 10 sinifdən ibarətdir.
Aygün ƏZİZ









banner

Oxşar Xəbərlər