• çərşənbə, 17 Aprel, 02:26
  • Baku Bakı 14°C

Dəniz gözlü “Amfibiya adam”

09.01.21 13:00 1168
Dəniz gözlü “Amfibiya adam”
Koronvirusa yoluxacağından ehtiyat edib yubileyini dar çərçivədə keçirsə də, qorxduğu başına gəldi
O, kinoda özü üçün ilk ciddi iş hesab elədiyi çəkilişə adi aktyor kimi getsə də "ulduz kimi” qayıdır. Məhz "Amfibiya adam” filmindəki İxtiandr rolundan sonra Sovet İttifaqının hər yerindən tamaşaçılar ona sevgi məktubları yazır, kino tənqidçiləri onu 60-cı illərin ən yaraşıqlı aktyoru adlandırırdılar. Hələ gənclik illərindən dəniz kimi mavi gözləri hamının qəlbini fəth edirdi. Vladimir Korenev uzun illər kinoda və teatrda istedadı və yaraşıqlı görkəmi ilə tamaşaçıları sevindirməyə nail olur.

Kinodakı böyük şöhrət
Vladimirin uşaqlığı Sevastopolda keçmişdi. Atası dəniz donanmasında xidmət edən kontradmiral idi. Bir neçə xarici dil bilirdi. İşi ilə əlaqədar ailə tez-tez bir şəhərdən digərinə köçürdü. Müharibədən sonra onlar Ukraynanın İzmail qəsəbəsində yaşayırdılar. Burada Vladimir məktəbə gedir, rus və Ukrayna dillərini öyrənərək təhsilini davam etdirir.

Tezliklə ailə Tallinə köçür. Vladimir Estoniyanın paytaxtında məktəbi bitirir. O, burada ciddi şəkildə rus ədəbiyyatına maraq göstərir, müəllimi sayəsində teatra ayaq açır. Sonralar da müsahibələrində Tallinin teatral şəhər olduğunu söyləyirdi. Bu baxımdan onun hələ yeniyetmə yaşlarından ixtisaslaşmış dram klubuna getməsində və aktyor olmaq istəyində təəccüblü heç nə yox idi. O studiyadakı məşqlərə parta yoldaşı Larisa Lujinanı da dəvət edir. Beləliklə, onlar gələcəkdə də teatr və kinoda həmkar olurlar. Həmin dram dərnəyinə Tallin Dram Teatrının aktyoru İvan Rossomaxin rəhbərlik edirdi. Korenev Kinematoqrafiya İnstitutunda Olqa Androvskayanın kursuna daxil olanda 20 yaşı vardı. Bədii rəhbəri onu yaraşıqlı görkəminə görə "Rafael Santi” adlandırırdı.
1961-ci ildə - institutu bitirəndə gənc aktyor Stanislavski adına Moskva Dram Teatrının truppasına daxil olur. Müxtəlif səpkili rolları onu teatr tamaşaçılarına sevdirir. Artist teatrı kinodan çox sevdiyini etiraf edirdi: "Axı burda tamaşaçılar tamamilə yaxında olur. İstənilən aktyora öz istedadını, nəyə qadir olduğunu göstərməyə imkan var” deyirdi. Ancaq onu qarşıda məhz kinoda böyük şöhrəti gözləyirdi...

"Amfibiya adam”ın Bakıdakı kadrları

1958-ci ildə "Həyat yanımızdan keçdi” filmində debit edəndən üç il sonra onun üçün kinematoqrafiyanın qapıları geniş açılır. Ona kinoda ən böyük şöhrəti "Amfibiya adam”dakı İxtiandr rolu gətirir. Tənqidçilər filmi sovet kinematoqrafiyasında yeni epoxanın başlanğıcı adlandırılar. 1962-ci ildə çəkilmiş film kinoprokatın liderinə çevrilir.
Rejissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan fərqli olaraq, filmə bir qədər skeptik yanaşanlar da vardı. Ona görə də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmamışdı. Elə ilk günlərdən rejissor texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Sualtı epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərlə rastlaşdılar. Rejissor aktyor seçiminə də uzun müddət vaxt sərf edir. İxtiandr roluna mavi gözlü gənci tapana qədər bütün teatr və kinostudiyaları ələk-vələk edir.

Film ekranlara çıxanda təkcə SSRİ ərazisində deyil, həmçinin ondan kənarda da böyük müvəffəqiyyət qazandı. Mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırdı. İlk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı.
Filmin bir çox epizodlarıBakıdaçəkilib. Bu səbəbdən "Amfibiya adam” azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır. "Amfibiyaadam” filminin çəkilişi üçün məhz Bakının seçilməsi təsadüfi deyildi. Bu şəhərdə həm tarixilik, həm də dəniz vardı. Bu, Koronevin Bakıya ilk, Quttiere rolunun ifaçısı Anastasiyanın isə ikinci gəlişi idi.1946-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur müğənni-şanson Aleksandr Vertinskinin konsertinə şəhərin yüksək zümrəsindən olanlar, musiqisevərlər gəlmişdilər.Aleksandr Vertinski səhnəyə kiçik qızları Marianna və Anastasiya ilə birlikdə çıxdı, şeir söyləyib konserti açdı.Anastasiyanın Bakı ilə ilk görüşü belə oldu.Bəlkə də bu xatirələr üç-dörd yaşlı Nastyanın yaddaşına həmişəlik həkk olmuşdu və on üçilsonra Bakıya çəkilişə gələndə, heç şübhəsiz, atalı günlərini, bu şəhərdə keçirdiyi o qayğısız anları xatırlamışdı.
Təbii ki, filmin böyük uğur qazanmasında Anastasiya Vertinskayanın da payı var. Onun ekran qəhrəmanına hələ də heyran olurlar. Filmdə Anastasiyanın mehriban nəzərlərlə İxtiandra baxması tamaşaçıları heyran edirdi. "Onlar bir-biri üçün yaranıblar” deyirdilər. Amma heç kəs bilmirdi ki, çəkilişlərdən bir ay əvvəl Vladimir Korenev nişanlanıb.
Filmin çəkilişlərini aktyor ömrü boyu xoş xatirələrlə yada salırdı. Akvalanqdan istifadə etməyi ona filmin çəkilişləri zamanı öyrədirlər. Vladimir etiraf edirdi ki, dənizin dərinliklərində gördüyü mənzərəyə heç oxuduğu nağıllarda da rast gəlməyib. Filmin çəkilişləri zamanı faciəli anlar da yaşanır. Vladimir mirvari yığan vaxt birdən onu zəncirlə saxlayan dənizçinin əlindən zəncir çıxır. 30 kiloqramlıq zəncir onu dənizin dərinliklərinə çəkir. Vladimir belindəki zənciri açmağa çalışır, lakin bacarmır. Aktyorun bəxti onda gətirir ki, çəkiliş aparan kinooperator onun yaxınlığında olur. Operator kadrda zəncirin ikinci tərəfini bərkidilməmiş gördükdə dərhal kameranı bir kənara ataraq Vladimirə tərəf üzür. Aktyoru çətinliklə də olsa, xilas edirlər.
1962-ci ildə İtaliyanın Triestşəhərində keçirilən Fantastik Filmlər Beynəlxalq Kinofestivalında "Gümüş yelkən” mükafatına layiq görüləndən sonra tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl sözü onlardan öncə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Təsadüfi deyil ki, bu ekran əsərindən sonra yazıçı Belyayevin yaradıcılığına, o cümlədən fantastik janrdakı əsərlərə maraq xeyli artdı.
İxtiandr obrazı isə 60-cı illərin ən romantik obrazı hesab edilir. Film ilk dəfə ekranlara çıxanda mavi gözlü aktyora milyonlarla qadın vurulur. Onlar Korenevə oxşayan kişiləri axtarırlar. Gənc qızlar saatlarla dəniz sahilində oturub mavi gözlü gəncin nə vaxtsa sahilə çıxmasını gözləyirlər. Kişilər öz növbəsində uzun saç saxlayır, ağ kostyum geyinirdilər. İxtiandr hamının pərəstiş etdiyi obraza çevrilmişdi. "Mən uşaq olanda, hələ hərfləri tanımayanda atam Belyayevin "Amfibiya adam” əsərini mənə oxumuşdu. Kitabı ən çox dənizdə, gəmidə olarkən oxuyurdu. Qəribədir, həyat elə gətirdi ki, uşaqlıqdan sevdiyim obrazı oynamaq mənə qismət oldu. Bəlkə də burda bir bağlılıq var...”- aktyor deyirdi.
Korenev sonralar kino yaradıcılığını davam etdirərək "Uzaq ulduzun işığı”, "Don Kixotun uşaqları”, "Vətən övladları” filmlərindəki rolları ilə yanaşı, "Qurtuluş”, "Kəşfiyyatçı həyatından bilinməyən səhifələr”, "Rudin” və s. filmlərdə çəkilir.
Dəniz gözlü
Vladimir Korenev bütün ömrünü bir qadınla yaşayıb. Gələcək həyat yoldaşı Alla Konstantinova ilə 3-cü kursda oxuyanda tanış olur. Bütün institutun heyranlıqla vurulduğu gənc oğlan əvvəlcə Allada heç bir təəssürat yaratmır. Ancaq qız tezliklə Vladimirin nə qədər ağıllı və maraqlı insan olduğunu hiss edir: ensiklopedik biliyi, heyrətamiz dünyagörüşü vardı, o maraqla nəql edir, düşündüklərini məntiqlə yazmağı bacarırdı. Alla evlilik təklifini də gəncə özü edəndə Korenev bu addımı atmağa mənən hazır idi. Nikah mərasimindən sonra Korenev aktyor kimi həm kinoda, həm teatrda ciddi məşqlərdə iştirak edir. Tez-tez qastrol səfərlərinə, xaricə çəkilişlərə getsə də, iş gərginliyi ailə münasibətlərinə təsir edə bilmir. Alla da teatrda ciddi çalışırdı. Ancaq onlar ailənin isti mühitini qoruyub saxlayırdılar. Qızları İrina da valideynlərinin sənətlərinin davamçısı oldu. Sonradan hətta bir teatrda çalışırdılar.

Ancaq tanınmış aktyorların həyatı şayiələrdən uzaq olmur. 2016-cı ildə televiziya aparıcısı Andrey Malaxova zəng edən Natalya İvanovna adlı naməlum qadın Vladimir Korenevin nikahdankənar qızının olduğunu xəbər verir. Qadının sözlərinə görə 60-cı illərdə Moskva yaxınlığındakı istirahət mərkəzlərindən birinə gələn aktyorla tanış olub. Bir neçə gün birlikdə vaxt keçiriblər. Sonradan qadının hamilə olduğu məlum olub. Guya məşhur aktyorun qızı, nəvəsi və nəticəsi də var. "Qoy danışsınlar” verilişinin studiyasında bu faktın həqiqətən qohumluq olub-olmaması barədə qızğın müzakirələr başladı. Mütəxəssislər məlumatları təsdiqləmək üçün DNT testinin verilməsini israr etdilər. Natalya studiyadakı qonaqların sözlərindən heç incimədi, çünki qızı Yevgeniyanın atasının məhz Vladimir Borisoviç olduğuna əmin idi. Belə ki, qız 14 yaşında ikən atasının İxtiandr rolunu oynayan aktyor olduğunu öyrənib. Amma bu söz-söhbətlər də onların ailə ocağına təsir etmədi.
Sovet kino sənayesi dağılandan sonra da Korenevin çəkilişləri dayanmadı, yaraşıqlı və istedadlı aktyoru müasir rus rejissorları tez-tez sınaq çəkilişlərinə dəvət edirdi. 2015-ci ilə qədər Vladimir Korenev aktyor ustalığından dərs verərək pedaqoji fəaliyyətlə də məşğul olub. Həmçinin tələbələrinin diplom tamaşalarına rejissor kimi quruluş verib.

Koronavirusun qurbanı

Xalq artisti Vladimir Korenev bir neçə ay əvvəl 80 illik yubileyini qeyd etmişdi. Dubna çayı sahilində, paytaxtdan 100 km aralı meyvə ağacları ilə dolu bağında vaxt keçirməyi çox sevirmiş. Ailə sevincini hər şeydən üstün tutan aktyor "Biz ailəliklə bağ evində dincələndə, çərpələng uçurdanda, axşamlar birlikdə çay süfrəsi ətrafında əyləşəndə mən özümə sual verirəm ki, görəsən, bizdən hansımız daha xoşbəxtik- deyirdi.
Koronavirusa görə aktyorun ailəsi yubileyi dar çevrədə keçirməyi qərara alır. Bununla belə həmkarları və pərəstişkarları aktyoru təbrikə gəlir.
Yanvarın 2-də isə "Amfibiya adam vəfat etdi” başlıqlı yazılar mediada, sosial şəbəkələrdə yayımlanır. Qızı İrinanın sözlərinə görə, Korenev koronavirusdan vəfat edib. Ailə bir neçə gün əvvəl aktyoru ağır vəziyyətdə xəstəxanaya yerləşdirib. "Heyf ki aktyoru xilas etmək mümkün olmadı. Sovet və Rusiya kinosu daha bir sütununu itirdi”- deyə həmkarları təəssüflə bildirir.

Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər