Dəniz də darıxıb, biz də - FOTOLAR
Və ya çimərliklər insan
axınını qəbul etməyə hazırdır?
İyunun 10-dan çimərlik mövsümü başladı. Uzun müddətdir pandemiya
şəraitində yaşan insanların bu fürsətdən maksimum yararlanacağı şəksizdir.
Üstəlik, xaricə turist səfərlərinə hələ də məhdudiyyətlər qaldığı üçün,
insanların daxili turizmə üstünlük verəcəyi də gözlənilir. Belə olacağı
təqdirdə, çimərliklərə də axın olacağını nəzərə almaq lazımdır. Amma həm də onu
unutmamalıyıq ki, koronavirusa tam qalib gəlməmişik. Yəni istirahət etməklə
yanaşı, məsuliyyət hissi də yüksək olmalıdır. Bu məsələdə isə həm vətəndaşlar,
həm də çimərlik sahibləri boşluğa yol verməməlidirlər. Qeyd edək ki, Nazirlər
Kabineti yanında yaradılan Operativ Qərargah tərəfindən çimərlik mövsümü ilə
bağlı qaydalar açıqlanıb. Operativ Qərargah bəyan edib ki, COVID-19
pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının
qorunması məqsədilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun
tədbirlər görülməlidir. Misal üçün, çimərlik ərazilərində maarifləndirici
lövhələr, poster və elanlar vurulmalı, ara məsafəsinin qorunması üçün addımlar
atılmalı, dezinfeksiya məhsullarından istifadə olunmalıdır.
Bir sözlə, Çimərliklərdə ötənilki qaydalar tətbiq olunacaq.
Çimərliklə bağlı sayt da fəaliyyət göstərəcək. Qeyd edək ki, ötən mövsüm
Bakıətrafı ərazilərdəki çimərliklərə onlayn növbə tutduqdan sonra getmək
məsləhət görülürdü. Bu proseduru həyata keçirmək üçün "cimerlik.az"
saytı hazırlanaraq istifadəyə verilmişdi.
Bu il də "cimerlik.az" saytı vasitəsilə vətəndaşlar hansı
çimərliklərdə sıxlıq olub-olmadığını öyrənə biləcəklər. Onu da bildirək ki,
artıq çimərliklərdə monitorinq keçirilib. Qaradağ rayonunda Sahil, Səbail
rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyinin
insanların istifadəsi üçün yararlı olmadığı açıqlanıb. Aparılan birgə
monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan,
Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun
keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.
Mövsümünün açılmasından bir gün əvvəl Pirşağı qəsəbəsində yerləşən
bir neçə çimərlikdə olduq. Məqsədimiz, çimərliklərin mövsümə hazır
olub-olmadıqlarını, pandemiya şərtlərinə əməl edib-etmədiklərini öyrənmək idi. Qızılqum
çimərliyi ərazisində apardığımız müşahidələr onu deməyə əsas verir ki, buradakı
obyektlər hazırlıq işlərini başa vurub. İcarədar
Faiq Süleymanov bildirdi ki, bir aydan artıqdır hazırlıq işləri həyata
keçirilir: "Ötən il Operativ Qərargahın pandemiya ilə bağlı tətbiq etdiyi qaydalar
bu il də qüvvədədir. Ona görə də, biz həmin qaydalara uyğun olaraq icarəyə
götürdüyümüz obyektlərdə ilk olaraq təmir işləri həyata keçirdik. Bundan başqa,
hər bir obyektin ərazisi çəpər vasitəsilə müəyyən olunub. Əvvəllər obyektlərin
ərazisindən çimərliyə keçmək üçün bir neçə keçid var idisə, indi yalnız bir
giriş və çıxış saxlanılır. Onu qeyd edim ki, artıq məlumat lövhələri vurulub,
yarasız vəziyyətə düşmüş lövhələr isə yenilənib. Xəbərdaredici nişanlara da
ərazidə hər addımda rast gəlmək mümkündür. Biz, əslində çimərlik mövsümünü
səbirsizliklə gözləyirik. İnanın burada insan olmayanda, biz də darıxırıq.
Çünki uzun illərdir ki, çimərlik mövsümündəki qələbəliyə öyrəşmişik”.
Çimərlikdə fəaliyyət göstərən digər icarədar Samir Qəhrəmanov qeyd etdi ki, mövsümlə bağlı ə hazırlıq
işləri tam həyata keçirilib: "Burada nəzarət də var. Mütəmadi olaraq dövlət
qurumları gəlib ərazidə görülən işlərlə maraqlanırlar, tövsiyələr verirlər. Bir
sözlə, qaydalar nəyi tələb edirsə, biz də onu edirik. Bizim icarəmizdə olan
çimərlikdə ara məsafəsinin qorunması üçün işlər görülüb. Söhbətgahlarda
qaydalara uyğun masa və oturacaqlar qoyulub. Əvvəllər söhbətgahlar biri-birinə
yaxın idi və arakəsməsi yox idi. İndi pandemiya qaydalarına uyğun olaraq, ya
həmin söhbətgahlar arasında məsafə nəzərə alınıb, ya da bu, mümkün olmadığı
halda, arakəsmələrlə yaxın ünsiyyətin qarşısı kəsilib. Çətirlərlə bağlı da eyni
addımlar atılıb, yəni qaydalara uyğun.
Onu da qeyd edim ki, dezinfeksiya məhsulları həm əraziyə girişdə və
sanitar qovşaqların girəcəyində, həm də duş kabinələrdə qoyulub. Həmçinin
tələblərə uyğun olaraq, çimərlik ərazisində zibil üçün qutular var. Eyni
zamanda həmin zibillərin bir yerə toplanması üçün böyük konteynerlər qoyulub.
Çimərlik mövsümündə həmin zibillər mütəmadi olaraq daşınır”.
S.Qəhrəmanov əlavə etdi ki, çimərlik mövsümü başlamazdan öncə də
insanlar dəniz kənarına gəlir: "Biz onlara "gəlmə” deyə bilmirik. Ancaq onlara
qaydaları izah edirik. Həm də onu qeyd edim ki, ictimai çimərliklərdən fərqli
olaraq, bizə, nə qədər insanın çimərlik ərazisinə buraxılması ilə bağlı say
deyilməyib. Yəqin qısa zamanda bu rəqəm açıqlanar və biz də ona uyğun addım
atarıq. Çünki biz icarədar olaraq öz gəlirimizin artımında maraqlıyıq. Amma
pandemiya qaydalarına da əməl etməliyik”.
Çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım
Əliyevanın təşəbbüsü ilə Pirşağı qəsəbəsində yaradılmış ictimai çimərlikdə də
mövsümə hazırlıq işləri başa çatıb. Bu barədə bizimlə söhbətində ictimai
çimərliyə nəzarət edən şəxs bildirdi. O qeyd etdi ki, mövsüm ərəfəsində ictimai
çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb: "Qış ərzində dəniz
sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif
əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki
inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb,
qaydaya salınıb, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılıb.
COVID-19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar
vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə hər bir çimərlikdə mövcud
epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində
maarifləndirici lövhələr, poster və elanlar yenilənir. Bundan başqa, çimərliklərdə
Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi, həmçinin tibb məntəqəsi var”.
İctimai çimərliyin tam olaraq mövsümə hazır olduğunu diqqətə çatdıran
nəzarətçi qeyd etdi ki, vətəndaşlar çimərlikdəki qaydalara riayət etməlidir:
"Çünki pandemiya dövrü hələ başa çatmayıb. Biz tam olaraq, vətəndaşların
rahatlığı üçün bütün hazırlıq işlərini görmüşük. Həmçinin qeyd edim ki,
çimərliyə nəzarət edəcək məsul şəxslər tələblərə uyğun olaraq COVID-19-a qarşı
vaksin edilib. Bu da insanların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb
edir”.
Bir sözlə, həm dəniz bizim üçün, həm də biz dəniz üçün darıxmışıq.
"Xoş istirahət” deməklə yanaşı, vətəndaşlara tövsiyəmiz odur ki, unutmasınlar,
koronavirus hələ də ətrafımızdadır. Heç bir halda qaydaları pozmasınlar,
ehtiyatı əldən verməsinlər. Unutmayın, ən önəmlisi, sağlamlıqdır.
BƏXTİYAR