• cümə, 19 Aprel, 04:02
  • Baku Bakı 18°C

Ödənişsiz hüquqi xidmət - Fotolar

10.12.19 09:45 2922
Ödənişsiz hüquqi xidmət - Fotolar
Bu xidmətə bütün kateqoriyalardan olan təbəqənin çatımlılığı təmin edilir
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda vətəndaşların hüquq və azadlıqları təmin edilir, qanun çərçivəsində ən yüksək səviyyədə müdafiə olunur. Konstitusiyamızda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilir. Ana qanunumuzun üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına, onların təminatına həsr olunması deyilənlərə əyani sübutdur. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. Konstitusiyanın "Hüquqi yardım almaq hüququ” adlı 61-ci Maddəsinə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun olduğu da bəyan edilib. Qeyd olunub ki, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

Məhkəmə qərarı əsasında təminat
Elə bu məqamı əsas tutaraq, Azərbaycanda hüquqi yardım üçün yaradılan imkanları, xüsusən də dövlət hesabına vətəndaşlara göstərilən hüquqi yardım səviyyəsini araşdırdıq. Vəkillər Kollegiyasına bununla bağlı ünvanladığımız sualları cavablandıran Kollegiya sədri Anar Bağırov bildirdi ki, ölkəmizdə vətəndaşlara dövlət hesabına hüquqi yardım cinayət təqibi ilə bağlı bütün mərhələlərdə, mülki və inzibati işlərdə isə aztəminatlı şəxslərə kasasiya instansiyasında məhkəmə qərarı əsasında təmin edilir: "Azərbaycan Konstitusiyasında insanların yüksək keyfiyyətli hüquqi yardıma çıxış hüquqları mövcuddur. Bu hüquqa bütün kateqoriyalardan olan təbəqələrin çatımlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı imzalanan sərəncamda əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq ekspertlərinin iştirakı ilə 2019-2023-cü illərdə "Pulsuz hüquqi yardım haqqında” Qanun layihəsinin hazırlanması aidiyyəti dövlət qurumuna tapşırılıb”.

Aztəminatlı əhaliyə səyyar hüquqi xidmət
Kollegiya sədri A.Bağırov qeyd edib ki, gələcək dövrdə qeyd olunan qanunun qəbulu ölkədə insanların kompleks şəkildə hüquqi yardıma çatımlılığına şərait yaradacaq. Bundan əlavə, dövlət başçısı İlham Əliyevin "Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına görə, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub: "Ölkəmizdə peşəkar və yüksək keyfiyyətli hüquqi yardım xidmətlərini göstərən təşkilat olaraq Vəkillər Kollegiyası qeyd olunan tövsiyənin icrası çərçivəsində mütəmadi olaraq həm paytaxtda, həm də regionlarda aztəminatlı əhaliyə səyyar hüquqi yardım xidmətlərinin göstərilməsini təşkil etməkdədir. Həmçinin Vəkillər Kollegiyası Avropa İttifaqı, BMT-nin ixtisaslaşmış qurumları ilə birgə hüquqi yardım xidmətləri üzrə layihə və təşəbbüslər həyata keçirilməkdədir. Hal-hazırda Masallı, Bərdə, Qəbələ və İmişli ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən vəkil büroları tərəfindən aztəminatlı region əhalisinə ödənişsiz hüquqi yardım xidmətləri göstərilməkdədir”.

Hüquq xidmətlərinin keyfiyyəti
Xidmətlərin səviyyəsi, vətəndaşların bu imkanlardan yararlanma göstəricisinə gəlincə, A.Bağırov deyib ki, Vəkillər Kollegiyası vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım xidmətlərinin keyfiyyət məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, bunun üçün Kollegiya həm özü, həm də ixtisaslaşmış beynəlxalq təşkilatlar ilə birgə vəkillərin davamlı tədrisi çərçivəsində onların peşə hazırlıqlarının yüksəldilməsi istiqamətində çoxsaylı təlimlər təşkil edir: "Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən region və paytaxt vəkilləri ilə görüşlər təşkil edilir, həmin görüşlərdə dövrün tələbləri, vəkillərin göstərdikləri hüquqi yardım xidmətlərinin keyfiyyətinin əhəmiyyəti barədə söhbətlər aparılır. İctimai stabilliyin təmin edilməsində vəkillərin müstəsna rola malik olmaları onların nəzərlərinə çatdırılır”.

İctimai sektorun dəstəyi
Hüquq və İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Hafiz Həsənov mövzu ilə bağlı bildirib ki, vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi missiyası əsasən dövlətin üzərindədir. O vurğulayıb ki, dövlətdən kənar hüquqi yardım istiqamətində vətəndaş cəmiyyəti tərəfindən indiyə qədər çoxsaylı layihələr həyata keçirilib: "Müəyyən donorların tender elanlarına uyğun olaraq bizim təşkilat hələ 10 il bundan öncədən bu proseslə məşğul olmağa başlayıb. Hüquq maarifçiliyi, hüquqi yardım sahəsində fəaliyyət göstərən QHT-lər müxtəlif layihələrlə bu prosesə dəstək olublar. Proseslər mərkəzlərdə, daha çox isə regionlarda olub. Bu hüquqi yardımlar şifahi və yazılı hüquq məsləhətlərinin verilməsini əhatə edib. İnsanlar hansısa hüququnu həyata keçirmək, yaxud pozulmuş hüququnu bərpa etmək üçün hüquqi məsləhət alıblar. Eyni zamanda vətəndaşlara qanunvericiliyin ayrı-ayrı normaları şərh edilib, qanunlar izah olunub. Dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanıb təqdim edilməsi üzrə də məsləhətlər verilib. Konkret Məhkəmələrə iddia ərizələrinin hazırlanması, birinci Məhkəmə instansiyasının qərarından Apellyasiyaya, buradan isə Ali Məhkəməyə şikayətlərin verilməsi qaydası izah olunub. Bundan başqa, QHT təmsilçiləri tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımlardan biri də ərizəçilərin hüquqlarının məhkəmələrdə müdafiə olunması məsələsidir. Bu məsələ ilə sırf peşəkar vəkillər məşğul olublar”.

Ödənşli hüquq xidmətinin qiyməti
Tanınmış vəkil Akif Əlizadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda hüquqi yardım əldə etmək hamı üçün əlçatandır. O, Konstitusiyanın 61-ci Maddəsini nümunə gətirərək, hər kəsin hüquqi yardım almaq hüququnun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, belə bir maddə əksər ölkələrin Konstitusiyasında yoxdur. Onun sözlərinə görə, Azərbaycanda hər bir vətəndaş şəxsi vəsaiti, yaxud da dövlət hesabına hüquqi yardım ala bilər: "Əgər 2017-ci ilə qədər Vəkillər Kollegiyasının 600 nəfərə qədər üzvü var idisə, hazırda üzvlərin sayı 2 mini keçib. Ölkəmizdə vətəndaşlara hüquqi yardım göstərmək üçün çoxsaylı vəkil büroları var. Hər bir vətəndaş şəxsi hesabına bu bürolara müstəqil şəkildə müraciət edə, hüquqi yardım əldə edə bilər. Göstərilən xidmətin səviyyəsinə uyğun olaraq qiymətlər 50-1000 manat arasında dəyişir. Bu, işin həcmindən, vətəndaşın maddi durumundan, tərəflərin razılığından, imzalanan müqavilədən asılıdır”.

Avropa ölkələri ilə müqayisə
Vəkil bildirib ki, Azərbaycanla müqayisədə Avropa ölkələrində, hətta qonşu Rusiyada, Gürcüstanda vəkillik xidməti həddindən artıq bahadır. Onun fikrincə, belə ölkələrdə heç də hər bir vətəndaş bu xidmətdən yararlana bilmir. Azərbaycan vətəndaşlarının pulsuz hüquqi yardım almasına gəlincə, A.Əlizadə deyib ki, bu məqama əsasən cinayət işlərində rast gəlinir: "Yəni, hansısa vətəndaş törətdiyi əmələ görə tutulursa, ona qarşı ittiham irəli sürülürsə, həbsə alınırsa, şəxsi tutan, ittiham irəli sürən tərəfdən maddi durumundan asılı olmayaraq ona vəkil təklif olunur. Kimsə bu vəkili qəbul edir, bir başqası isə qəbul etmir, şəxsi vəsaiti və ya ailəsinin hesabına vəkil tutur. Mülki işlərə gəldikdə, pulsuz hüquqi yardım almaq üçün şəxs mütləq Məhkəməyə müvafiq sənəd təqdim etməlidir. Şəxs sübut etməlidir ki, həqiqətən də onun maddi durumu aşağı səviyyədədir, öz hesabına vəkil tutmaq imkanı yoxdur. Misal üçün, əlilliyi olan şəxs, təqaüdçü, şəhid ailəsinin üzvü, müharibə veteranı, məcburi köçkün, heç bir yerdə işləməyən, işləsə də maddi durumu çox aşağı olan vətəndaş Məhkəməyə müvafiq sənəd təqdim etməklə, mülki işlərdə dövlət hesabına, ödənişsiz vəkil xidmətindən yararlana bilər. Prosedur belədir ki, vətəndaşın təqdim etdiyi sübutlar – sənədlər əsasında Məhkəmə dərhal qərardad çıxarır, göndərir Vəkillər Kollegiyasına. Vəkillər Kollegiyası da vəkillər bürosu vasitəsilə həmin vətəndaşı vəkillə təmin edir”.

Elm məbədində hüquqi yardım
Qeyd edək ki, Azərbaycanda Vəkillər Kollegiyasının dövlət hesabına vətəndaşlara hüquqi yardım göstərilməsi işinə QHT sektoru ilə yanaşı, elm məbədi sayılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da öz töhfəsini verir. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq hüquq şöbəsi Dünya Bankı ilə birlikdə hüquqi yardım xidmətlərinin göstərilməsi layihəsi icra olunur. Həmin layihəyə çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlər verilir. İnstitutun direktoru, millət vəkili Aytən Mustafazadəqəzetimizə açıqlamasında bildirib ki, hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə 2018-ci ilin mart ayından etibarən həyata keçirilir. Onun sözlərinə görə, layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir.

Həssas qrup vətəndaşlara ödənişsiz xidmət
Millət vəkili A.Mustafayeva deyib ki, 2021-ci ilə qədər davam etdirilməsi nəzərdə tutulan layihənin icrası müddətində vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və sair sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir: "Təkcə 2019-cu ildə 5472 nəfər vətəndaş hüquqi yardım almaq üçün müraciət edib. Ötən 11 ay ərzində həssaslıq qrupuna görə istifadəçilərin xarakteristikası göstərir ki, onların 2649 nəfəri aztəminatlı ailələr qrupuna mənsubdur. Ən çox müraciət edilən mövzuların bölgüsü göstərib ki, əksər istifadəçilərin, yəni 1238 müraciət müəllifinin problemi əmlak hüquq məsələləri ilə bağlı olub. Bu ardıcıllıq nikahın pozulması, aliment, uşağın kimin himayəsində qalması kimi ailə hüquq məsələləri ilə davam etdirilir. Həmçinin bir sıra sahələr, o cümlədən inzibati, borc, vərəsəlik, pensiya, sosial yardım, istehlakçı hüquqları, nəqliyyat məsələləri və sair üzrə hüquqi məsləhət xidmətləri də göstərilib. Toplanılan məlumatlar göstərir ki, 2760 nəfər "Facebook”, 1078 nəfər Hüquqi Yardım Mərkəzində konsultasiya vasitəsilə, 1552 nəfər telefon vasitəsilə, 36 istifadəçi onlayn müraciət forması vasitəsilə, 46 istifadəçi elektron poçt vasitəsilə hüquqi yardım alıb”.

Dövlət və ictimai maraqların təmini
Sonda qeyd edək ki, hər bir insan hüququnu qorumaq üçün ilk növbədə öz hüququnun nədən ibarət olduğunu, qanunlarımızın ona hansı hüquqlar tanıdığını yaxşı bilməlidir. Yalnız bu məlumatlılıq hesabına o, hüququnu reallaşdıra bilər. Təbii ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də bəzi vətəndaşlar bu sahədə yüksək məlumatlılığa sahib deyil. Belə olan halda həmin şəxslərin hüquqi yardım almaq zərurəti meydana çıxır. Məhz bu zərurətdən qaynaqlanaraq, Azərbaycanda dövlət öz vətəndaşlarına qanunla nəzərdə tutulmuş şəkildə ödənişsiz hüquqi yardım almaq imkanı yaradıb. Sevindirici haldır ki, bu prosesə qeyri-hökumət təşkilatları, elm ocağı səviyyəsində də dəstək verilir. Bu isə ümumilikdə həm dövlət, həm də ictimai maraqların təmin olunmasına xidmət edir.
Rufik İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər