Den Braun “Da Vinçi Kodu”nu unutdurdu

"Mələklər
və şeytanlar”, "Cəhənnəm”, "Da Vinçi Kodu” kimi dünyaca məşhur romanların
müəllifi, amerikalı triller yazar Den Braun uzun müddət gündəmdəki sükutu
olduqca səxavətli bir addımla pozdu. Belə ki, yazar onu ədəbiyyata və yazmağa
həvəsləndirən qədim, mistik janrda yazılmış əsərlərin rəqəmsallaşdırılmasına
kömək məqsədi ilə 300000 avro (520000 manat) məbləğində ianə verib. "Guardian”
xəbər verir ki, yazarın bu addımı ilə bağlı ilk məlumat Amsterdamda yerləşən
"Philosophica Hermetica” kitabxasının yaydığı rəsmi təşəkkür məktubunda yer
alıb. Antik kodların araşdırılması məşğul olan Robert Lanqdon kimi bir obrazla
dünya ədəbiyyatı tarixində özünə böyük nüfuz qazanmış Braun qiyməti milyonlarla
dollarla ölçülən antik əlyazmaların, mistik əsərlərin, qədim əfsanələrin
toplanıb, qorunduğu Holland kitabxanasının işini yüksək qiymətləndirdiyini və
onu ədəbiyyata həvəsləndirən kitabların əbədiləşdirilməsi, bütün dünya üçün
əlçatan olmasına çalışanlara dəstək vermək üçün belə bir addım atmağı özünə
borc bildiyini açıqlayıb.
Den
Braunun həm də "Amsterdam Ritman Kitabxanası” kimi tanınan bu yerə verdiyi
hədiyə əvəzində kitabxana yazara elektronlaşdırılmamış əsərlər arasından ən
sevdiyi bir əsəri təklif etmək imkanı verib. Bu kitabxanada 1900-cü ildən
əvvələ aid olan 4600 qədim əlyazmanın ilkin versiyası və nüsxələri, 1900-cü
illərdə nəşr olunmuş 20000 çap məhsulu, kimya sahəsində və mistik janrda
yazılmış əsərlərin böyük çoxluğunun elektron versiyası saxlanılır. "İtmiş
simvol” və "Cəhənnəm” əsərlərinin yazılması prosesində bu kitabxanaya dəfələrlə
gəlmiş, günlərlə burada işləmiş yazar bu addımı dəyərləndirərkən deyib: "Nəinki
mənim yaradıcı karyerama dəstək verdikləri üçün, eləcə də, bütün bəşəriyyət
üçün önəmli olan olduqca qiymətli bir xəzinəni qoruyanları və əksərən bu işə
təmənnasız əmək verənləri qiymətləndirmək, onlara öz oxucularım addından da
təşəkkür etmək üçün atdım bu addımı. Mən həmişə mistikadan, bu janrda yazılan
əsərlərdən böyük ilham almışam. Ritman Kitabxanası sırf bu sahə ilə məşğul olan
ən dəyərli mənbələrin qorunduğu yerdir. Hazırda isə qədim əsərlərin
elektronlaşdırılması məsələsi ilə bağlı maddi sıxıntılar yaşayırlar. Bu işdə az
da olsa, kitabxanaya dəstək dura bilmək mənim üçün böyük şərəf oldu. Lakin
bununla kifayətlənməyəcəm. Oxucularıma da müraciət edərək, qurumun fonduna
dəstək olmağa çağıracağam”.
Kitabxananın
direktoru Ester Ritman verdiyi açıqlamada bunları deyib: "Bu kitabxana... bura
bütün bəşəriyyətin xəzinəsidir. Mənim nəzərimdə bütün kitabxanalar müqəddəsdir,
insana azadlıq hissi verir. Kitabxanalar həyat çayında milyonlarla il qabaq da
o sudan içmiş insanları tanımaq, görmək imkanı verir. Bizə maddi dəstək
duraraq, ictimai nümunə olduğu üçün Brauna çox minnətdaram”.
