Demokratiya riyakarlığı - TƏHLİL
"Demokratiya naminə
Sammit” göstərdi ki, ABŞ-ın azadlıq və demokratik dəyərlərlə bağlı öhdəliyi heç
vaxt olmadığı qədər ardıcıl deyil və rəsmi Vaşinqton bununla bağlı riyakarlıq
edir
İraq, Əfqanıstan, Liviya,
Suriyada "demokratik dəyərlərin, hüququn aliliyinin bərqərar olmasına”, həmin
ölkələrin "inkişafı”na, "rifahı”na, "dünyanın aparıcı dövlətləri”nə çevrilmələrinə
"töhfə verən” ABŞ bu yaxınlarda "Demokratiya naminə Sammit” təşkil edib.
Maraqlıdır ki, Ermənistan, Konqo Demokratik Respublikası kimi ölkələr daxil
olmaqla, 100-dən çox dövlətin iştirak etdiyi sammitə ABŞ-ın postsovet məkanında
təhlükəsizlik və iqtisadiyyat sahəsində əsas tərəfdaşlarından olan Azərbaycan,
NATO-nun üzvü Türkiyə, hətta Avropa İttifaqının üzvü olan Macarıstan belə dəvət
olunmayıb. Rusiya, Çin rəsmiləri artıq bununla bağlı narazılıqlarını ifadə
ediblər. Üstəlik, videokonfrans formatında təşkil edilən "Demokratiya naminə
Sammit” ABŞ və Avropanın nüfuzlu media orqanları tərəfindən də sərt tənqid
olunub.
Əsaslı tənqid
ABŞ-da fəaliyyət göstərən
Katona İnstitutunun böyük elmi işçisi, 12 kitabın, 950-dən çox məqalənin müəllifi
olan Ted Qalen Karpenter nüfuzlu "The National Interest” nəşrində "Demokratiya
naminə Sammit” ilə bağlı məqalə dərc edib. Onun sözlərinə görə, Vaşinqtonun son
dövrlərdə reklam etdiyi, bu il dekabrın 9-10-da keçirilmiş sammit artıq əsaslı
tənqidlərə səbəb olub: "Bu gün ABŞ-ın xarici siyasətində demokratiyaya xüsusi
önəm verilir. Amma bu, əslində, Corc Buşun bədnam səylərini xatırladır.
Vaşinqton demokratiya kartını oynamaqla Moskva və Pekinlə münasibətləri daha da
gərginləşdirib. Onsuz da Bayden administrasiyası ilə bu ölkələr arasında əlaqələr
son dövrdə həddindən artıq gərgindir. Rusiya ilə Çin "Demokratiya naminə
Sammit”i onlara qarşı istiqamətlənmiş tədbir kimi qəbul edir. Üstəlik, Pekin ilə
Moskva düşünür ki, Vaşinqton bu sammiti təşkil etməklə digər dövlətləri onlara
qarşı olan düşmənçilik siyasətinə cəlb etməyə çalışır”.
Demokratiyaya
münasibətdə ikili standartlar
Amerikalı müəllifin sözlərinə
görə, "Demokratiya naminə Sammit”in ən mənfi xüsusiyyəti ABŞ-ın demokratik dəyərlərə
münasibətindəki riyakarlığıdır: "Bu, əslində, Vaşinqtonun uzun illərdir ki
yürütdüyü xarici siyasətin ən pis xüsusiyyətidir. Məsələn, ABŞ liderlərinin
"soyuq müharibə” dönəmində dəstəklədiyi, maliyyələşdirdiyi və silahla təmin
etdiyi "Azad dünya”nın müttəfiqlərinin əksəriyyəti, əslində, qəddar,
korrupsiyaya qurşanmış zalım dövlət başçıları idi. ABŞ-ın yüksəkrütbəli rəsmiləri
üçün onların antikommunist, xüsusilə antisovet mövqedə olması xüsusi əhəmiyyət
kəsb edirdi. Odur ki, Vaşinqton həmin liderlərin daxili siyasətinə sadəcə göz
yumurdu”.
Ted Qalen Karpenter hesab
edir ki, "Demokratiya naminə Sammit”ə dəvət edilən ölkələrin siyahısı göstərir
ki, ABŞ-ın demokratiyaya münasibətdə ikili standartları
müasir dövrdə də davam etdirir.
Mübahisəli
siyahı
"The National Interest”də
dərc edilən məqalədə qeyd olunur ki, "Demokratiya naminə Sammit”ə bəzi ölkələrin
dəvət edilməsi demokratik normalara sadiq olanların təəccübünə səbəb olub.
Müəllif vurğulayır ki,
sammitdə məhkəmələr belə keçirilmədən ölüm cəzasının tətbiq edildiyi, insan
hüquqlarının pozulmasında ittiham edilən dövlətlərin nümayəndələri iştirak
edib: "Sammitə dəvət edilən ölkələrdən biri Kosovodur. Amma bu ölkənin siyasi
elitasının aparıcı üzvləri hərbi cinayətlərdə, həmçinin insanlığa qarşı cinayətlərdə
ittiham olunur. Üstəlik, onlar hərbi əsirlərin sistemli şəkildə qətlində, qətlə
yetirilən əsirlərin orqanlarının qara bazarda satılmasında ittiham edilir”.
Vaşinqtonun
strateji hədəfləri
Ted Qalen Karpenter
düşünür ki, ABŞ-ın demokratiya sammitinə dəvət etdiyi dövlətlərin bir qismi
vacib geosiyasi oyunçulardır: "ABŞ onların yardımı ilə geostrateji hədəflərinə
nail olmağa çalışır. Söhbət Hindistan və ya Braziliya kimi ölkələrdən gedir.
ABŞ liderləri uzun zamandır ki, Hindistanı Çinə qarşı siyasətlərində fəal
oyunçuya çevirməyə can atır. Odur ki, həm Tramp, həm də Bayden administrasiyası
Yaponiya, Avstraliya, Hindistan və ABŞ-ın iştirak etdiyi Təhlükəsizlik üzrə
Dördtərəfli Dialoqun hərbi alyansa çevrilməsi məqsədilə fəal şəkildə lobbiçilik
edir. Son dövrdə bu ölkələrin birgə keçirdikləri hərbi təlimlərin sayı artsa
da, Hindistanın baş naziri Narendra Modi hələ ki siyasi öhdəliklər götürməkdən
çəkinir”.
Müəllif Braziliyanın Qərb
yarımkürəsində iqtisadi-siyasi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edən ölkə
olduğunu vurğulayır: "Odur ki, rəsmi Vaşinqton Braziliya prezidenti Jair
Bolsonaronun hökumətinin Rusiya və Çinlə iqtisadi əlaqələri genişləndirməsindən
narahatdır”.
Ted Qalen Karpenterin fikrincə,
Bayden administrasiyası geosiyasi reallıqları nəzərə alaraq, ölkələrin daxili
siyasətlə bağlı nöqsanlarının Vaşinqtonun strateji hədəflərinə çatmasına mane
olmasına imkan vermir.
O, sonda vurğulayır ki,
Bayden administrasiyası bu ikili standartlara görə xəcalət çəkməlidir: "Bir
sözlə, "Demokratiya naminə Sammit” göstərir ki, ABŞ-ın azadlıq və demokratik dəyərlərlə
bağlı öhdəliyi heç vaxt olmadığı qədər ardıcıl deyil və o, bununla bağlı
riyakarlıq edir. Odur ki, Bayden və onun məsləhətçiləri nifrətə layiqdirlər”.
Sənan
Ağamalızadə