• cümə axşamı, 28 mart, 18:12
  • Baku Bakı 13°C

“Demokratiya carçısı”nın demokratiya problemi

26.09.14 11:46 1423
“Demokratiya carçısı”nın demokratiya problemi
Amerika Birləşmiş Ştatları hər zaman özünü “demokratiya carçısı” kimi təqdim edir, bu məqamdan istifadə edərək müxtəlif kiçik dövlətlər haqda mənfi fikirlər səsləndirir, bu mövzuda özünü arbitr təqdim etməyə çalışır. Bu ölkə hər zaman kimisə qaralayanda orada hüquqların məhdudlaşdırıldığı haqda geniş mühazirə ilə çıxış edir və müxtəlif kəskin bəyanatlar səsləndirir. Həmçinin bu mövzuda ixtisaslaşmış bir sıra təşkilatlar var ki, onlar da geri qalmayıb silsilə bəyannamələr verir, ard-arda qətnamələr qəbul edirlər. Amma ABŞ-ın özündə və ya hər hansı digər Qərb dövlətində insan haqlarını aşağılayan hal baş verdikdə nə həmin dövlətlər özü, nə də məlum təşkilatlar bu barədə bir söz demirlər və heç nə olmamış kimi davranırlar. Məlumdur ki, insanlar arasında fərq qoymanın ən təhqiramiz forması irqi ayrı-seçkilikdir. O da məlumdur ki, bu halın ən çox müşahidə olunduğu ölkə ABŞ-dır. Bu barədə faktlar artıqlaması ilədir. İrqi ayrı-seçkiliklə bağlı elə bir müddət öncə baş verən biabırçı hadisəni xatırlatmaq kifayət edər. Belə ki, avqust ayında ABŞ-ın Missuri ştatının Ferqüson şəhərində qaradərili gənc polislər tərəfindən qətlə yetirilib. Nənəsinə baş çəkməyə getdiyi deyilən 18 yaşlı Maykl Braun və dostu Dorian Conson polis müadxiləsi ilə üz-üzə qalır. Əvvəlcə təhqiramiz tonda danışan polis daha sonra silaha əl atır və qaradərili gəncə xeyli sayda atəş açaraq qətlə yetirir. Bu vəziyyət ictimaiyyətin ciddi narazılığına, şəhərdə kütləvi iğtişaşlara səbəb oldu. Minlərlə etirazçı küçələrə çıxaraq belə hadisələrin yolverilməz olduğunu dedi. Qeyd edək ki, şəhərdəki narazılıq hələ də davam edir. Dünən də sözügedən şəhərdə iğtişaşlar davam edib. Bildirilir ki, etirazçılardan bir neçəsi həbs olunub. Diqqətçəkən məqam odur ki, polis aksiya iştirakçılarını gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək dağıdıb. Halbuki analoji hal ölkəmizdə yaşananda, icazəsiz mitinq iştirakçıları bu yolla dağıdılanda Qərb bundan bərk “narahat” olur, silsilə çıxışlar, bəyanatlar ortaya qoyur. Onu da deyək ki, bu fakt həm də “ABŞ-da hər zaman irqi ayrı-seçkilik olacaq” deyənlərin haqlı olduğunu bir daha ortaya qoyub. Çünki bu ölkədə polisin qaradərili vətəndaşı öldürməsi faktı dövrü alqoritm kimi təkrarlanan adi hala çevrilib. Bu məsələyə illərdir etiraz edilsə də, nəinki nəticə əldə olunmur, əksinə, belə faktların sayı durmadan artır. Xatırladaq ki, Harvard Hüquq Məktəbinin professoru Annete Gordon-Reed bu hadisə haqda fikirlərini “Financial Times” qəzetində bölüşüb və ABŞ-ın irqçiliklə bağlı probleminin həll edilməli olduğunu bildirib. Nəzərə çatdırıb ki, ABŞ-da bir çox qara dərili gənc şəxsən tanıdıqları adamlar haqda eyni əhvalat danışa bilərlər ki, qara dərilini polis güllələyib: “Vaxtilə Tomas Cefferson ABŞ-da qara dərililər üçün əsil vətəndaşlıq ola biləcəyinə şübhə edirdi, bu şübhə indiyə kimi qalır. Qara dərili amerikalılar ədalətə nail olmaqda hələ də çətinlik çəkirlər. İlin əvvəlində Yuta ştatında Bundy rançosunda yaşayanlar federal hökumətin hərəkətlərinə qarşı etiraza qalxdılar. Onlardan çoxu silahlı idi. Ancaq onlar ağdərili idilər. Onların qiyamı qarşıdurmaya gətirmədi. Onlara qarşı silahlı əsgər yeridilmədi".
Bu fakt bir daha deməyə əsas verir ki, digər dövlətlərin kiçik problemini qabardıb qınaq obyektinə çevirən ABŞ özü neçə əsr yaşı olan irqçilik problemini həll edə bilmir və ya etmək istəmir. Hətta qaradərili şəxsin prezident seçilməsi də bu mövzunun sonunu gətirmədisə, deməli, belə məsələlərin başqa görünməyən tərəfləri var. Qəribə gələn odur ki, Azərbaycan polisinin cinayətkar vətəndaşını həbs etməsinə etiraz edən ABŞ rəsmiləri öz polislərinin hərəkətlərinə sərt reaksiya vermirlər.
Təəssüf ki, ABŞ vətəndaşlarının gördükləri “polis şousu”nun siyahısı çox uzundur. Onlardan digər ən çox diqqət çəkəni isə “Wall Street-i Tutun” etiraz aksiyası zamanı yaşananlardır. Belə ki, Birləşmiş Ştatlarda və başqa ölkələrdə zənginlərlə yoxsulların gəliri arasındakı fərq uçurumuna, iqtisadi bərabərsizlik və işsizliyə etiraz edənlər maliyyə böhranı yaşayan bankların sadə insanların vergiləri hesabına öz problemlərini həll etdiklərini, bu üzdən sıravi vətəndaşların kreditə aldıqları evlərinin əllərindən alınmaları ilə üzləşdiklərini bildirirdilər. Fəallar qeyd edirdi ki, ölkə ictimaiyyətinin bir faiz zəngin təbəqəsi külli miqdarda pul əldə edir, siyasətçilərdən istifadə edərək zənginlərin vergilərinin artırılmasının qarşısını alırlar və yoxsulların sosial xidmətlərinə mənfi təsir göstərməklə 99 faiz yoxsul və orta təbəqədən olan insanlardan faydalanırlar. Etiraz aksiyası keçirərək haqlarını tələb edən vətəndaşlar isə gözlənildiyi kimi, polisin sərt təpkisi ilə qarşılaşdılar. Nyu York Polis Departamenti bu aksiya ilə əlaqədar olaraq "Wall Street"də gücləndirilmiş rejimə keçdi, etirazçıların meydana girişinin qarşısını almaq üçün barrikadalar quruldu. Polisin müdaxiləsinə etiraz edən vətəndaşlar dərhal həbs olundular. Aksiya isə Nyu York Bələdiyyə rəhbəri Maykl Blumberqin əmrinə əsasən, polisin sərt müdaxiləsi ilə dağıdıldı.
Bütün bu faktlar, ABŞ-da irqçilik və ya digər problemlər üzündən baş verən qiyamlar, mitinqlər göstərir ki, bu ölkənin hakim təbəqəsi hələ də əsl demokratiyadan uzaq düşüncə, ideologiya ilə yaşayır, amma maraq dairəsində olan kiçik dövlətlərə “demokratiya çubuğu” ilə hücum edib onları hədələməklə məşğul olur. Güman var ki, bu həmlələrin nəticə vermədiyini görən ABŞ hökuməti bundan sonra heç bir dövlətin daxili işlərinə qarışmayacaq, diqqətini daxildəki narazı kütlənin haqlı tələblərinə yönəldəcək.
H.Əsgər
banner

Oxşar Xəbərlər